Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:09

Körpə övladı ilə həbsə göndərildi


Bakı Ağır Cinayətlər Məhkəməsi

Təhsil Nazirliyinin işçisi olmuş Aytəkin Bağırova məhkəmə zalında həbs edilib. Həm də biryaşlı övladı ilə birlikdə...

Olay oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Aytəkin Bağırova YAP-dan seçki komissiyasının üzvü olmuş, Xəzər rayonu, Şağan qəsəbəsindəki 26 saylı Uşaq Poliklinikasının həkimi Samirə Mansurova ilə birlikdə mühakimə olunurdu. Onların hər ikisi müxtəlif adamlardan işə düzəltmək adı ilə pul alıb aldatmaqda təqsirləndirilir. Cinayət işində işə düzəlmək üçün pul verib, sonradan nə işi düzələn, nə də pulu qayıdan yeddi nəfər zərərçəkmiş var. Onlardan ümumilikdə 74 min manat pul alınıb. Məsələn, zərərçəkmişlərdən Yelena Quliyeva oğlunu Prezident Administrasiyasına işə düzəltmək üçün 12 min manat, Həqiqət Qasımova kürəkənini SOCAR-da işlə təmin etməkdən ötrü 10 min manat, Məzahim Həsənov «yararsız» hərbi biletini dəyişmək məqsədilə 13 min manat pul verdiyini deyir.

YAP-DAN SEÇKİ KOMİSSİYA ÜZVÜNƏ 8 İL HƏBS CƏZASI

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan qadınlara oktyabrın 24-də hökm oxunub - Samirə Mansurovaya 8 il, Aytəkin Bağırovaya isə 8 il 6 ay həbs cəzası verilib.

Beş müxtəlif dildə danışa bildiyini deyən 50-yaşlı Samirə Mansurova 2016-cı ilin dekabrından həbsdədir. Aytəkin Bağırovanın azyaşlı uşaqları olduğundan onun barəsində isə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Hökm oxunandan sonra bu qətimkan tədbiri ləğv olunub, o, həbs edilib.

Təhsil Nazirliyinin «Dərslik-nəşriyyat» şöbəsinin işçisi olmuş Aytəkin Bağırova hökm oxunarkən məhkəmədə biryaşlı uşağı ilə olub. Hökmdən sonra onu da özü ilə birlikdə Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına aparıb.

Təqsirləndirilən şəxslər bir-birini ittiham edir. S.Mansurova deyir ki, A.Bağırova onun özünü də aldadıb:

«Mənə deyirdi ki, qohumları yaxşı vəzifədədir, onların vasitəsilə adamları işə düzəldə bilər. Əmisi oğlu Elçin Bağırovun Prezident Administrasiyasında Protokol Xidmətinin rəisi olduğunu, atasının isə Ədliyyə Nazirliyində işlədiyini deyirdi. Səhiyyə Nazirliyində Kadrlar şöbəsinin rəisi kimi, Kəmalə xanımın, SOCAR-dan Bədəl Bədəlovun, Prezident Administrasiyasından Əli Həsənovun katibəsi Nigarın adını çəkirdi».

A.Bağırova da S.Mansurovanı ittiham edir:

«Samirə Təhsil Nazirliyində işlədiyimi bilirdi. Görüşlərin birində Bakı Tibb Texnikumuna tələbə düzəltmək lazım olduğunu dedi. Bu işi görmək üçün 1250 manat pul və qızın sənədlərini verdi. Sonradan şikayət olunduğuna görə pulu qaytardım. Məlum oldu ki, bu iş üçün Samirəyə 4500 manat verilibmiş. Dağıstan Universitetini bitirmiş Murad Həsənovun diplomunun Azərbaycanda tanınması məsələsinə görə mənə 1500 manat vermişdi. Sonradan öyrəndim ki, onlardan da 13000 manat alıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG