Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 05:35

Prezident niyə təhsil naziri təyin etmir?


Təhsil Nazirliyi

«Təhsil Nazirliyi əhəmiyyətli qurumdur. Ona görə də...»

Artıq üç aydan çoxdur ki, təhsil naziri vəzifəsi boş qalıb. Boş qalan isə təkcə nazir postu deyil. Nazir müavini, aparat rəhbəri, informasiya şöbəsinin müdiri də keçmiş nazirin ardınca Vergilər Nazirliyinə işləməyə getdiklərindən bu yerlər də uzun zamandır boşdur. Mütəxəssislər «strateji sahə» sayılan Təhsil Nazirliyinin başsız qalmasını, daha dəqiq ifadə edilsə, «əvəzedici» qaydada idarə olunmasını düzgün addım hesab etmirlər.

«Təhsil Nazirliyi çox əhəmiyyətli qurumdur. Ona görə də təhsil naziri nə qədər tez təyin olunarsa, bir o qədər yaxşıdır», – Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş sədri, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov söyləyir.

Bu fikrin davamı olaraq təhsil eksperti Kamran Əsədov deyir ki, keçmiş nazirin vaxtında başlanan bir sıra layihələr davam etdirilsə də, bəzi layihələrin icrası dayandırılıb. Bundan başqa, o, nazirlərin vaxtaşırı müxtəlif regionlarda vətəndaşları qəbul edərək şikayətlərinə baxdıqlarını xatırladır. Ekspert üç aydan çoxdur ki, vətəndaşların təhsillə bağlı şikayətlərini çatdıra bilmədiklərini qeyd edir.

Kamran Əsədov
Kamran Əsədov

«Təhsil Nazirliyində təkcə nazir postu boş deyil, bir neçə post əvəzedici qaydada idarə edilir. Bu o deməkdir ki, vətəndaşların şikayətlərinə baxılmasında, məktubların araşdırılmasında problemlər var. Daha ciddi bir məsələ, qarşıdan müəllimlərin və direktorların işə qəbulu gəlir. Bu yaxınlarda bir sıra vəzifələrə müsabiqə və müsahibə yolu ilə təyinatlar aparılmalıdır. Diaqnostik qiymətləndirmədə iştirak etməyənlərin, az bal toplayanların taleyi də hələlik açıq qalır və s. Bu kimi məsələlərdə sıxıntılar yaşanır. Və ya bir sıra yerli və beynəlxalq layihələrdə təhsil nazirinin özünün iştirakı, qərar verməsi vacibdir», – K.Əsədov deyir.

Naziri əvəzləyəcək kadr yoxdur, ya seçkidən sonra nazirlik ləğv olunur?

Ş.Əsgərov isə keçmiş nazir Mikayil Cabbarovun təhsilə gətirdiyi yeniliklərin davam etdiyi qənaətindədir:

«O, xeyli islahat apardı. Birincisi, müəllimlərin, direktorların işə götürülməsində əyri işlər çox idi. Təhsilə yetərincə rüşvətə bulaşmışdı. Bunun qarşısı alındı. Kadr seçimində subyektiv amillər aradan qaldırıldı, informasiya texnologiyalarının tətbiqinə başlanıldı. İkincisi, kişi müəllimlərin məktəbə qayıdışı başladı. Məktəb müəllim üçün daimi iş yerinə çevrildi. Həftədə 6-12 saat dərs deyilməsinə son qoyuldu. Sadalamaqla bitməz. Mikayıl Cabbarov relsdən çıxmış təhsil qatarını relsə qoydu, qatar hərəkət edir. Ona görə tələsmək lazım deyil. Səhv kadrdansa gecikmə daha yaxşıdır. Elə bilirsiz yaxşı kadr tapmaq asandır?».

Şahlar Əsgərov
Şahlar Əsgərov

Amma əksər mütəxəssislər bu ləngiməni, yəni dövlət başçısının yeni təhsil naziri təyin etməməsini, Ş.Əsgərovun söylədiyi kimi, kadr tapılmaması ilə yox, sözügedən sahədə islahatların gözlənilməsi, hətta nazirliyin ləğv edilərək yerində başqa bir qurum yaradıla biləcəyi ehtimalı ilə izah edirlər. Ona görə də prezident seçkilərindən öncə yeni nazirin təyin olunacağını düşünmürlər.

Adı da var: Elm, Təhsil, İnnovasiya...

Keçmiş təhsil naziri Firudin Cəlilov aprel seçkilərindən sonra yeni formalaşacaq hökumətdə Elm və Təhsil Komitəsinin, ya da təxminən buna bənzər qurum yaradılmasını təxmin edir. Təhsil sahəsinin mətbəxini yaxşı bildiyini deyən keçmiş nazir bu sahədə çox böyük struktur dəyişikliklərinə ehtiyac duyulduğunu vurğulayır:

Firudin Cəlilov
Firudin Cəlilov

«Bu sahədə minlərlə işçiyə ehtiyac yoxdur. Təhsil Nazirliyi bərqəraredici qurum olmalıdır, koordinasiya rolunu oynamalıdır. Yoxsa tələbənin bir ali məktəbdən o birinə keçməsi də nazirlikdə həll olunur. Nazirlik hər şeylə məşğuldur, buna gərək yoxdur. Onun bugünkü vəzifəsinin, ən azı, 60-70 faizini yerlərə ötürmək, institutlara avtonomiya vermək lazımdır. Bu mənada dəyişikliyə ehtiyac var».

Bu cür düşünənlərdən biri də K.Əsədovdur. O, niyə belə düşünür? Əvvəla, Nazirlər Kabinetinin təhsil nazirinə bir sıra səlahiyyətlər verdiyini xatırladır, bu səbəbdən də Azərbaycanda effektiv işləyəcək Elm, Təhsil, Gənclər və İnnovasiyalar Nazirliyinin yaradılmasını, təhsil sahəsində köklü dəyişikliklər, zəruri islahatlar gözləyir:

«Düşünürəm ki, hökumət daxilində də müəyyən qurumlar, beyin mərkəzləri bu konsepsiya üzərində işləyirlər. Təhsil Nazirliyi ali məktəblərə, bağçalara, Elmlər Akademiyasına, institutların işinə, hətta rayonlardakı məktəblərə, təhsil şöbələrinə belə müdaxilə edə bilmir. Nomenklatur qaydada imkanları məhduddur. Yeni yaradılacaq qurum durumu dəyişə bilər».

Sizcə, yeni təhsil naziri nəyi dəyişsin?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

K.Əsədov hesab edir ki, yeni yaradılacaq qurumun rəhbəri həm elmi, həm təhsili yaxşı bilməlidir, həm də bu sahədən çıxmış şəxs olmalıdır:

«Hansısa xarici qanunu kopyalamaqla islahat keçirmək olmur. 10 ildən çoxdur ki, nazirliyin gerçəkləşdirdiyi islahatlar, qanunlar, qərarlar konkret olaraq haradansa kopyalanıb, tərcümə olunaraq tətbiq edilir. Nəticəsiz, əhəmiyyətsiz yetərincə layihə var ki, sadəcə, büdcədən vəsait yeyib. Bizdə elmlə təhsil ayrı-ayrıdır, amma bunlar bir-birinə xidmət etməlidir».

AzadlıqRadiosu mövzu ilə bağlı suallara hökumətdən də cavab almağa çalışıb. Amma ölkədə rəsmi iş günü deyil. Bununla belə, Təhsil Nazirliyi sualları yazılı istəyib və gün ərzində cavab verəcəklərini bildirib.

Prezident ötən il dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarovu vergilər naziri təyin edib. Onun səlahiyyətlərini müavini Ceyhun Bayramov yerinə yetirir. Bəzi mütəxəssislər yeni nazirin Bayramov olacağını istisna etmirlər.

XS
SM
MD
LG