Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Prezident təhsil keyfiyyətinin artdığını deyir. Bu belədirmi?


Paşinyan Heydər Əliyevin əsgər getməsi haqda nələr deyir?
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

Paşinyan Heydər Əliyevin əsgər getməsi haqda nələr deyir?

Yeni dərs ili başlandı. Bu il Azərbaycanda təhsilin keyfiyyətindən gözləntilər nədir? Sentyabrın 14-də, prezident İlham Əliyev, Bakıda orta məktəblərdən birinin açılışında deyib ki, təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Prezident bu fikirləri söyləyərkən hansı göstəricilərə əsaslandığını deməyib.

2012-ci ildə, Azərbaycan hökuməti, Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı - PİSA -dan çıxıb və buna görə də orta məktəblərin durumunu beynəlxalq səviyyədə ölçmək olmur.

2009-cu ildə, bu təşkilatda olanda, Azərbaycan məktəbliləri, dünyada, yalnız Qırğızıstan şagirdlərindən irəlidə - 65 ölkə arasında 64-cü yerdə olub.

O ki qaldı ali məktəbə, Bakı Dövlət Universiteti, beynəlxalq QS reytinqində keçən il 1000-ci yerdə olub, bir il əvvələ nisbətən 100 pillə də geriləyib.

Buna baxmayaraq, hətta təndiqçilər də Azərbaycanda təhsil sahəsində müəyyən islahatlarının getdiyini istisna etmirlər.

İslahatlardan biri, müəllimlərə daha yüksək tələbin qoyulmasıdır.

Müəllimlər, 2014-cü ildən bəri diaqnostik qiymətləndirmədən keçirlər. İndi müəllimlərin işə qəbulu həm də mərkəzləşdirilmiş qaydada aparılır və bu prosesin əsasən şəffaf olması barədə məlumatlar var.

Bəs görəsən, bu islahatlar təhsildə artıq özünü göstərməyə başlayıbmı?

Dövlətin açıqladığı statistika artımın cüzi olduğunu deyir.

Məsələn, Dövlət İmtahan Mərkəzinin çap etdiyi, “Abituriyent 12” jurnalında yazılıb ki, 2017-ci ildə abituriyentlərin 48.7 faizi imtahandan “2” alıb, minimum keçid balı-200 balı toplaya bilməyib, başqa sözlərlə “kəsilib”.

Amma bir il əvvəl, 2016-cı illə müqayisədə, bu, azalmadır, 2016-cı ildə “2” alanlar, 55,4 faiz idi.

Bir il əvvələ nisbətən, 3, 4, 5 qiymət alanların sayı bir ildə nisbi artıb.

Təhsil Xidməti Araşdırmaları Mərkəzinin direktoru Kamran Əsədov deyir ki, islahatların əsaslı nəticə verməsi üçün zaman lazımdır:

“Bu gün bizim 4400 orta ümumtəhsil məktəbimizdə 151 min müəllim çalışır, son beş il ərzində 151 min müəllimin cəmi 24 min nəfəri yeni qaydada qəbul edilib. Yəni, yeni qaydalarla qəbul olunmuş müəllimlərin sayı olduqca azdır. Ona görə də beş il ərzində təhsildə hansısa uğuru görə bilmərik. Amma işartılar var, bəzi nəticələr var. Biz bunu qəbul imtahanlarının nəticələrində görə bilirik”.

Ekspert bildirir ki, bu il təkcə 600-dən çox bal toplayanların sayı 3 min nəfəri keçib. Amma beş il bundan əvvəl bu rəqəm heç vaxt 1500 nəfəri keçməmişdi. Bu il ölkədə ali məktəblərə 700 bal, maksimum bal toplayanları sayı 29 nəfər olub, keçən il bu rəqəm 15 nəfər olmuşdu.

Bəs görəsən dünyada təhsil necədir və Azərbaycan Qərb təhsilinə nə qədər yaxınlaşıb?

Keçmiş təhsil naziri Firudin Cəlilov deyir ki, təhsildə bəzi islahatlar gedir, amma onu dünya səviyyəsinə çatdırmaq üçün hələ görüləsi çox iş var.

Onun sözlərinə görə, təhsilin nüfuzunu qaldırmaq üçün hər şeydən əvvəl məktəbdə qanunsuz pul yığımları tamamilə dayandırılmalı, dərsliklərin yazılması üçün daha yaxşı müəlliflər cəlb olunmalı, təhsil maddi baxımdan hər kəsə əlyetərli olmalıdır. Keçmiş nazir təhsilə həvəs yaradılmasının da vacib olduğunu deyir:

“Məktəbə gedən azyaşlı uşaqları o qədər yükləyirlər ki... Həm fiziki cəhətdən, həm də əqli cəhətdən. O uşaq məktəbdən evə çox yorğun qayıdır. Uşağın təhsilə həvəsini qaldırmaq əvəzinə onun təhsilə həvəsini öldürürük. Bu mənada bizim təhsil sistemimiz dünyanın proqressiv təhsil sistemindən geri qalır. Biz Finlandiya sistemini öyrənməliyik…”

Yeni Azərbaycan Partiyası, hakimiyyətdə olduğu 25 il ərzində, təhsilin dünya standartından xeyli aşağı olmasına, təhsildə rüşvətin olması və sair problemlərə görə adətən tənqid olunub, bu problemlərə görə məsuliyyət daşımaqda ittiham edilib.

Hakim partiya yetkililəri zaman-zaman bu tənqidlərə cavab olaraq, təhsilin keyfiyyətinin yaxşılaşdığını deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG