İran parlamentinin millət vəkillərindən biri deyib ki, ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpsunun (İİKK) Tehrandakı bazasında baş vermiş partlayış təxribat aktı olub.
Sosial mediada yayılmış videolarda Tehranın cənub-şərqində yerləşən Malik-Aştar baza kompleksində iki partlayışın baş verdiyi görünür.
Eyni zamanda İranda qadağan edilmiş Mücahedine-Xəlq təşkilatının saytında dərc olunmuş xəbərdə deyilir ki, partlayışlar iyulun 1-də, yerli vaxtla axşam 21 radələrində baş verib.
Parlament üzvü və İİKK-nin keçmiş komandanı İsmayıl Kosari iyulun 5-də bazada partlayışlar törədilidiyini təsdiq edib.
Kosari bunun o qədər də böyük hadisə olmadığılnı deyib və ölənlər və yaralananlar barədə məlumat verməyib:
"Birincisi bu partlayış deyildi. İki əldəqayırma partladıcı qurğunun detonasiyası idi”.
Kosari deyib ki, Mücahedine-Xəlq agentləri gecənin qaranlığından istifadə edərək belə bir akt törədiblər və sonra videoya çəkiblər.
Dünya agentliklərinin xəbərlərinə görə son aylarda İranda bir neçə sui-qəsd və qətllər baş verib.
Son vaxtlar Mücahedine-Xəlq təşkilatı da İran daxilindəki əməliyyatlarını artırıb və bir neçə kiberhücum həyata keçirib.
Təşkilat iyulun 3-də bəyan etmişdi ki, İslami Mədəniyyət və Kommunikasiya Təşkilatının saytına haker hücumu edib.