Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:46

Araşdırma: Beynəlxalq Bankı elə dövlət çökdürüb?


Əliyevlərlə bağlı olduğu iddia edilən şirkət haqda daha bir araşdırma
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Əliyevlərlə bağlı olduğu iddia edilən şirkət haqda daha bir araşdırma

Azərbaycanla bağlı korrupsiya ittihamlarına dair daha bir araşdırma dərc olunub. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin yeni təhqiqatı “Silk Way" şirkətinin ABŞ-dan kredit zəmanəti, hərbi kontraktlar və təyyarələr almasından bəhs edir.

Araşdırmada qeyd olunur ki, 2005-ci ilin sonunda ABŞ hökuməti ilə müqavilə əsasında Silk Way Airlines Əfqanıstana - hərbi qüvvələrə sursat və digər materiallar daşıyıb.

Silk Way ABŞ Müdafiə Departamentinin Nəqliyyat Komandanlığı ilə dəyəri azı 400 milyon dollar olan müqavilə imzalayıb.

2014-cu ildə ABŞ-ın İxrac-İdxal Bankı isə Silk Way şirkətinin Boeing-dən üç 747-8 yük təyyarəsi almasına 420 milyon dollarlıq kredit zəmanəti verib. Zəmanətçi isə Azərbaycanın Beynəlxalq Bankı olub.

Beynəlxalq Bank-ı belə işlər çökdürüb

İqtisadi təhlilçi Zöhrab İsmayıl hesab edir ki, bu araşdırma Beynəlxalq Bankın niyə böhranla üzləşmə səbəblərinə işıq salır:

“Bu cür əməliyyatların nəticəsidir ki, beynəlxalq bank bir neçə il öncə böhranla üzləşdi. Milyardlarla dollarlıq borcu çıxdı və borcu dövlət ödədi. Azərbaycan dövlətini idarə edənlər dövlət bankını bu cür istismar edirlər. Beynəlxalq Bank onların biznes layihələri üçün təminatçı rolunu oynayır. Sonra da zərəri sadə vətəndaşlar ödəyir”.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin redaktoru İlya Lozovsky deyir ki, bütün bu sövdələşmələrdən Azərbaycanın birinci ailəsi qazanıb:

“Azərbaycanın birinci ailəsi siyasi və iqtisadi sahələrdə, ümumiyyətlə, demək olar ki, bütün sahələrdə dominantdır. Bundan öncəki araşdırmalarda olduğu kimi, burda da əsl sahiblərin adı ofşor şirkətlərin arxasında gizlədilib. Biz şirkətin əsl sahiblərini sənədlərlə sübuta yetirə bilməsək də, bir çox faktlar göstərir ki, bu sahə də birinci ailənin inhisarındadır və onlar xeyir götürürlər. Və ya keçmişdə götürüblər”.

İlya Lozovsky yada salır ki, Azərbaycan prezidentinin kiçik qızı Arzu Əliyeva Silk Way Bank-ın təsisçilərindən biri olub. 2017-ci ildə bankın səhmdarları dəyişdirilib. Başqa sözlə bütün bu şirkətlər Silk Way-in çətiri altında olub.

Bu birinci dəfə deyil ki, Azərbaycanın zəngin insanları haqqında jurnalist araşdırmaları yayılır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycanda ən çox pul qazanan kimlərdir? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

İqtisadiyyat təhlilçisi Zöhrab İsmayıla görə, bu araşdırma adı korrupsiya ittihamları ilə bağlı hallandırılan bir şirkətə ABŞ hökumətinin himayəsini göstərir:

“Son illər Azərbaycanda vətəndaş cəmiyyətinin, müstəqil medianın boğulmasına, insan haqlarının pozulmasına qarşı ABŞ-ın və Qərb dövlətlərinin prinspianal mövqe tutmamasının bir ucu gəlib bura çıxır. Çünki burda müxtəlif Qərb ölkələrinin iqtisadi maraqları var. Düşünürəm ki, söhbət təkcə dövlətlərin yox, həm də fərdlərinin şəxsi maraqlarından gedir”.

Zöhrab İsmayıl Azərbaycan hökumətinin bu araşdırmaya hər hansı əsaslı açıqlama verəcəyini gözləmir. Amma düşünür ki, Amerikadakı beynəlxalq təşkilatlar səslənən iddialarla bağlı Amerika hökumətindən hesabat istəyəcək.

Araşdırmanın müəllifləri Silk Way Şirkətinə, Azərbaycan hökumətinə sorğu ilə müraciət edib, amma hər hansı cavab ala bilməyib.

"Əməliyyat-təchizat" demokratiyadan üstündür

ABŞ-n 2010-2011-ci illərdə Azərbaycanda səfiri olmuş Matthew Bryza Amerika dövlətinin - adı korrupsiyada hallanan, sahibləri gizlədilən bir şirkətlə əməkdaşlığı haqda sualı belə cavablayıb:

“Silk Way Azərbaycan-Orta Asiya marşrutunda vacib tərəfdaş olub, Əfqanıstana qeyri-döyüş materiallarının üçdə biri bu marşrutla daşınıb. ABŞ ordusu düzgün olaraq diqqətini demokratiyaya deyil, təcili əməliyyat-təchizat ehtiyaclarına yönəldib”.

Bu gün Azərbaycanda iş günü olmadığından araşdırmaya rəsmilərin münasibətini öyrənə bilmədik. Bəzi hökumətyönlü millət vəkilləri isə araşdırma ilə ətraflı tanış olduqdan sonra danışa biləcəklərini bildiriblər.

Azərbaycan rəsmiləri adətən bu cür araşdırmaları Azərbaycan dövlətinə, hökumət rəsmilərinə qarşı qarayaxma kampaniyası adlandırır, bunları anti-Azərbaycan kampaniyasının bir hissəsi kimi dəyərləndirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG