Uşaqlarınıza bağışladığınız oyuncaqlar nə dərəcədə təhlükəsizdir? Bayram mövsümü yaxınlaşdıqca, bu məsələ daha aktual səslənməyə başlayır. ABŞ-da İctimai Maraqlar Sahəsində Araşdırma Qrupu adlı təşkilat hər il dükanların piştaxtalarındakı oyuncaqları sınaqdan keçirir. Bu il də istisna deyil.
30 TƏHLÜKƏLİ OYUNCAQ
«Amerikanın Səsi»nin rus xidməti yazır ki, 30 ildən artıqdır İctimai Maraqlar Sahəsində Araşdırma Qrupu təhlükəli oyuncaqları axtarıb tapmaq və yoxlamaqla məşğul olur. Təşkilat alıcıların həmin oyuncaqları almasının məhdudlaşdırılmasına çalışır. Təşkilatın builki hesabatında 30 təhlükəli uşaq oyuncağının adı çəkilir. Son bir ildə həmin oyuncaqların ümumilikdə altı milyon ədədinin satışdan çıxarıldığı bildirilir.
ABŞ-da fəaliyyət göstərən İstehlakçıların Məlumatlandırılması Kampaniyasının rəhbəri Mike Litt deyir:
«Biz uşaq oyuncaqlarını altı kateqoriyaya ayırmışıq. Bura boğulma təhlükəsi daşıyan və tərkibində qurğuşun kimi təhlükəli maddələr olan oyuncaqlar da daxildir. Bundan başqa, internetə qoşula bilən oyuncaqlar, həddindən artıq səs yaradan və qızan akkumulyatoru olan oyuncaqlar da təhlükəli sayılır. Akkumulyatoru qızan oyuncaqlar, məsələn, hoverbordlar (özü gedən təkərli skeytlər) yanğına səbəb olur. Bundan başqa, tərkibində qurğuşun səviyyəsi yüksək olan iki oyuncaq növü aşkarlamışıq. Bunların arasında hazırda çox populyar olan vidcet spinnerləri (üçguşəli kiçik fırfıra) də var. Onun tərkibindəki qurğuşunun miqdarı normadan 330 dəfə artıqdır».
Yüksək texnologiyaların yayılması və süni zəkanın inkişafı oyuncaq istehsalçılarından da yan keçməyib. İnternetə qoşulan oyuncaqlar şəxsi məlumatların qorunması hüququnun pozulmasına yol aça bilir. İş o yerə çatıb ki, iyulda FTB istehlakçılara müraciət edərək, onları evlərində belə interaktiv oyuncaqlardan istifadə zamanı kibertəhlükəsizlik məsələlərini unutmamağa çağırıb.
«DOSTUM CAYLA»
Zahirən ziyansız görünən «Dostum Cayla» gəlinciyi internetə qoşulmuş yeni nəsil oyuncaqlara aiddir. Cayla uşağınızla ünsiyyət zamanı onun haqqında bütün məlumatı toplayaraq internetdəki buluda ötürür. Burada pisniyyətli adamlar o məlumatı əldə edə bilərlər. Hazırda İctimai Maraqlar Sahəsində Araşdırma Qrupu uşaqların bir neçə dildə danışa bilən bu oyuncağa çıxışının yasaqlanması üçün mübarizə aparır.
Ancaq uşaqların təhlükəsizliyini təhdid edən təkcə yüksək texnologiyalar deyil. Bazarda hələ də üzərində uyğun yaş göstəriciləri qeyd olunmayan oyuncaqlara rast gəlinir. Hətta adi rezin şarlar belə, uşağın ölümünə səbəb ola bilər.
Amerika Pediatriya Akademiyasından həkim Lenore Jarvis xəbərdarlıq edir:
«Ən böyük təhlükəni boğulmaya səbəb ola bilən və güclü maqnitlə təchiz olunmuş oyuncaqlar daşıyır. Birinci halda bizim uşağa kömək etmək, oyuncağı kənarlaşdırıb nəfəs yollarını açmaq üçün çox az vaxtımız var. Bu, kiçik detalları olan oyuncaqlar, yaxud da üfürülən şarlar ola bilər. Onlar bəzən nəfəs yollarını bloklaya bilir. Digər təhlükəli oyuncaq növü isə güclü maqniti olan kiçik metal toplardır. Onlar orqanizmə düşdüyü zaman bağırsağın cırılmasına səbəb ola bilər».
KİMYƏVİ MADDƏLƏR
İctimai Maraqlar Sahəsində Araşdırma Qrupu Amerika Pediatriya Akademiyası və Amerika İstehlakçılar Federasiyası ilə birlikdə təhlükəli oyuncaqların istehsalı və satışının məhdudlaşdırılması sahəsində qanunvericiliyin inkişafına çalışır. Ötən ay Amerika İstehlakçılar Federasiyası tərkibində yüksək miqdarda ftalatlar olan oyuncaqları qadağan edib. Ftalatlar endokrin və cinsiyyət sistemlərində pozuntulara, habelə xərçəngə yol açan kimyəvi maddələrdir.
«2008-ci ildə oyuncaqların bir çox növünün yasaqlanmasının ardınca istehlak mallarının təhlükəsizliyinin artırılması haqda qanun qəbul olunub. Qurğuşunun miqdarına məhdudiyyət qoyulub və uşaq oyuncaqları ilə bağlı başqa standartlar tətbiq olunub. Qanun uşaq oyuncaqlarının standartlara uyğun olub-olmamasının mütləq qaydada yoxlanmasını nəzərdə tutur», – qurumun hüquq məsləhətçisi Rachel Weintraub deyir.
Mütəxəssislər bu məsələnin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, valideynləri sayıq olmağa, oyuncaqların standartlara cavab verib-verməməsini yoxlamağa, istənilən pozuntularla bağlı məlumat verməyə çağırırlar.