►Tehranın Niyavəran Mədəniyyət Mərkəzində İran Aşıqlar Birliyinin təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbirə İran aşıqları ilə yanaşı, Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarından rəsmi nümayəndələr və aşıqlar dəvət edilib.
Tədbirdə İran İslam Respublikası parlamentinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, İslam İrşad Nazirliyinin rəsmi nümayəndəsi, Niyavəran mədəniyyət sarayının müdirinin çıxışları dinlənilib.
İran Aşıqlar Birliyinin qurucusu və sədri Kövsərəli Şahbazi təşkilatın yaradılmasının məramından danışıb.
İran Aşıqlar Birliyinin yaradılmasının əsas məqsədi, qədim aşıq yaradıcılığının qorunub saxlanılması, inkişaf etdirilməsi, aşıq sənətiniı gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Xəbərdə deyilir ki, tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun və Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun təbrik məktubları oxunub. (Ardı aşağıda)
Buna da bax: “Natiq Cəfərli 50 min manat ödəməlidir”
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə-Axundova mərasimdə çıxış edib aşıq sənətinin incəliklərindən danışıblar.
Çıxışçıların fikrincə, xalqların yaxınlaşmasında, mədəni əlaqələrin inkişafında aşıq sənəti mühüm rol oynayır. Odur ki, istər İranda, istərsə də Azərbaycanda bu sənəti qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır.
Mərasimdə İran Aşıqlar Birliyinin loqosu iştirakçılara təqdim edilib.
Tədbirin sonunda İran və Azərbaycan aşıqlarının ifaları dinlənilib.