Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan küçələrə çıxaraq LGBTQ icmasına və jurnalistlərə zorakılığı pisləyiblər. İki gün öncə baş verənlər ölkəni sarsıdıb, Qərb səfirliklərinin tənqidinə səbəb olub.
Səssiz nümayiş
İyulun 5-də LGBTQ fəalları Ləyaqət yürüşünü təxirə salmalı olublar. Hökumət və kilsə bu tədbirin əleyhinə çıxmış, opponentlər fəallara və jurnalistlərə hücum etmişdilər.
Azı 50 jurnalist müxtəlif yerlərdə hücumlara məruz qalıblar. Onlardan ikisi AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşları olub.
İyulun 6-da isə minlərlə insan parlamentin qarşısında səssiz aksiya keçirib. Məqsəd zorakılığı pisləmək, xəsarət almış jurnalistlərə dəstək ifadə etmək idi.
Aksiyaya qoşulanlar Avropa Birliyinin və göy qurşağı bayraqlarını qaldırıblar, polis isə onları qorumaq üçün kordon qurub.
LGBT opponentləri yürüşü pozmağa çalışsa da polis onların qarşısını alıb.
AB-nin bayrağını yandırıblar
Səssiz nümayiş bitəndən sonra opponentlər əraziyə buraxılıb. Onlar parlamentin qarşısında asılmış AB bayrağını yandırıblar.
Gürcüstan blokun üzvü olmasa da ona qoşulmaq istəyir.
ABŞ və AB-nin Gürcüstandakı diplomatik missiyaları, eləcə də 16 digər ölkə səfirlikləri iyulun 5-də birgə bəyanatda Gürcüstan hökumətini sakinlərin dinc toplaşmaq hüququnu qorumağa çağırıb.
“Vətəndaş cəmiyyəti fəalları, icma üzvləri və jurnalistlərə bugünkü zorakı hücumları, hökumət liderləri və dini rəsmiləri zorakılığı pisləməməsini pisləyirik. Dinc aksiyalarda iştirak Gürcüstan konstitusiyasında təsbit olunmuş insan hüququdur”, – bəyanatda deyilir.
İnsan haqları qrupları da zorakılığı pisləyib, hökuməti nifrət qruplarına dəstək verməkdə suçlayıblar.