Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyul, şənbə, Bakı vaxtı 13:53

Taxıl əkmək fermerə niyə sərf eləmir?


Qarabağda silsilə qisasçılıq? Proses hara aparır?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Qarabağda silsilə qisasçılıq? Proses hara aparır?

Bu il fermerlərin taxılı biçdirmək üçün kombayn çatışmazlığı problemi yaranıb.

AzadlıqRadiosuna danışan İmişli fermerləri deyirlər ki, hökumət bir qəsəbəyə bir kombayn ayırır, amma bu kombayn hamıya çatmır, taxıl sahələrdə qalıb zay olur:

“Bizə bu boyda qəsəbəyə cəmi bir kombayn veriblər, o da ya sınır, ya xarab olur. İcra hakimiyyətinə gedəndə də bu gün sabaha salırlar. Taxıl isə gözləmir. Mən şəxsən gələn il taxıl əkməyəcəm, mənə sərf eləmir”.

“40 dərəcə istidə öz-özündən çırtdayıb tökülür yerə. Günü gündən bunun məhsuldarlığı aşağı düşür”.

“Biz də əkmişik ki, bundan bir xeyir görək. Bundan bir xeyir görməyəndən sonra niyə əkirəm mən bunu?!”

Fermerlər deyirlər ki, artıq buğda biçini başlamalıdır, onlar isə hələ arpa biçinini başa çatdırmayıblar.

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov deyir ki, 12 il əvvəl taxıl istehsalına dotasiya vermək barədə öhdəlik götürən hökumət bu işin öhdəsindən uğurla gələ bilmir. Yəni, kombaynların istifadəsini planlaşdıra bilmir:

“Taxılçılığın inkişafı üçün böyük həcmdə subsidiya ayrılıb. Amma taxıl biçinini vaxtlı-vaxtında həyata keçirmirlər. Bu sahəyə məsul olan adamlar hesablama aparmalıdır ki, nə qədər müddətdə taxıl biçini həyata keçirə bilərik. Bu hesablama aparmadan fermerləri həvəsləndirmək və sonradan onlara lazım olan texniki xidməti həyata keçirməmək fermerləri pis vəziyyətə qoymaqdır”.

Vahid Məhərrəmov deyir ki, durum artıq bazara da təsir etməyə başlayıb, belə ki, arpa bahalaşmağa başlayıb, əvvəllər onun kilosu 35-40 qəpiyə satılırdısa, indi 50 qəpiyədir.

Torpaqların 60 faizində taxıl əkilsə də...

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynli gün ərzində zənglərimizə cavab vermədi. Amma o, yerli mediaya müsahibəsində bildirib ki, nazirliyin bu problemdən xəbəri var və mexanizatorlara göstəriş verilib ki, böyük taxıl sahələrini yox, kiçik - 50 hektardan kiçik taxıl sahələrini biçsinlər. Çünki kombayn problemi yaşayanlar daha çox kiçik sahibkarlardır. Onun sözlərinə görə, nazirlik kombaynların lazım olan sahədə işləməsinə GPS aparatlar vasitəsilə mərkəzdən nəzarət edəcək.

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov isə deyir ki, ümumilikdə taxıl istehsalı siyasəti düzgün qurulmayıb:

“50 hektara yaxın sahələrdə biçini vaxtlı-vaxtında həyata keçirmək heç bir problem deyil. Deməli, bunların kombaynları kifayət qədər yaxşı vəziyyətdə deyil. Bu il Kürdəmir rayonunda biçin vaxtı kombayndan alovlanan sahə yandı. Texnika qısa müddətdə sıradan çıxır. Çünki özlərinin deyil. Əgər bu texnika sahibkarın olardısa, əlbəttə ki, bu sahəyə vaxtlı-vaxtında qulluq göstərərdi”.

Vahid Məhərrəmov deyir ki, alınmış kombaynlara yaxşı qulluq edərək və onları düzgün bölüşdürərək daha yaxşı nəticə əldə etmək olardı.

Onun sözlərinə görə, baxmayaraq ki, əkinə yararlı sahələrin 60 faizində taxıl əkilir, hələ də Azərbaycan taxılı xaricdən idxal edir. Onun sözlərinə görə, bu da düzgün qurulmamış siyasətin nəticəsidir.

Bundan əvvəlki illərdə də AzadlıqRadiosuna danışan fermerlər taxıl yığımı vaxtı kombayn çatışmazlığından şikayət etmişdilər.

Kənd Təsərrüfatı Nazirliyindən mətbuata bildiriblər ki, bu il fermerlərə 595 kombayn ayrılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG