Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 22:03

Putin Tatarıstanın muxtariyyətini ləğv etməyə hazırlaşır?


Tatarıstan prezidenti Rustam Minnixanov Kazanda Vladimir Putini qarşılayarkən (Arxiv fotosu)
Tatarıstan prezidenti Rustam Minnixanov Kazanda Vladimir Putini qarşılayarkən (Arxiv fotosu)

Kreml mer, qubernator və prezident sözlərinin "icra başçısı" sözü ilə əvəz olunmasını istəyir

Rusiya Dövlət Dumasının yenicə seçilmiş heyətinin ilk sessiyası oktyabrın 12-də keçirilib.

Lakin bu sessiya hələ keçirilməzdən əvvəl Dumaya baxılmaq üçün təqdim olunmuş qanun layihələrindən birində Rusiyanın bütün regionlarının “icra hakimiyyətlərini eyniləşdirən tədbir” nəzərdə tutulur.

AzadlıqRadiosunun təhlilçisi Robert Kolson yazır ki, əgər sözü gedən qanun layihəsi qəbul olunarsa, bundan sonra Rusiyanın ilhaq olunmuş Krım yarımadası da daxil, 83 regionunun hamısında merlər, qubernatorlar və prezidentlər yox, sadəcə olaraq icra başçıları olacaq.

Bu qanun layihəsi Duma spikerinin müavini Pavel Kraşennikov və Federasiya Şurasının üzvü Andrey Klişas tərəfindən təqdim olunsa da, sənədin prezident Vladimir Putinin aparatında hazırlandığına və buna görə də onun mütləq qanuna çevriləcəyinə inanılır.

Tatarıstanda bir çoxları yeni qanunun məhz onları hədəflədiyini düşünürlər. Onların fikrincə məqsəd 2024-cü ildə Putinin dördüncü müddətinin başa çatmasından əvvəl şaquli hakimiyyətin gücləndirilməsidir.

Rusiya prezidenti Boris Yeltsin və Tatarıstan prezidenti Mintemir Şaymiyev Kazanda
Rusiya prezidenti Boris Yeltsin və Tatarıstan prezidenti Mintemir Şaymiyev Kazanda

“Bu, birbaşa Putinin əmridir”

Kazan Universitetinin siyasət elmi professoru Midxat Farukşin AzadlıqRadiosuna deyib ki, Tatarıstan “prezidentinin” sadəcə “başçıya” çevrilməsi əmri birbaşa Rusiya prezidentinin ofisindən verilib.

Bu təşəbbüs barədə hələlik nə Tatarıstan Milli Məclisi, nə də prezident Rustam Minnixanov şərh verməyiblər.

AzadlıqRadiosunun sorğusuna cavab olaraq regional parlamentin mətbuat xidməti bildirib ki, Tatarıstanda “prezident” titulunun ləğv olunmasının qanuni və ya qanunsuz olması yerli parlamentin səlahiyyətinə aid məsələ deyil.

Əhalisi 3.8 milyon nəfər olan Tatarıstan Rusiyada hakimiyyətin federal subyektlər arasında bölüşdürülməsinə çox ciddi baxan muxtar respublika olub.

Tatarlar Rusiyada ruslardan sonra sayca ikinci xalqdır.

1992-ci ilin martında, SSRİ-nin çökməsindən üç ay sonra Tatarıstan parlamenti bölgənin suverenliyi barədə qanunu səslərin üçdə ikisi ilə qəbul edib.

Həmin qanuna görə Tatarıstan Rusiya və federasiyanın başqa subyektləri ilə eyni hüquqlara malikdir.

Rusiyanın birinci prezidenti Boris Yeltsin regionalara “mədələri götürəcək qədər” suverenlik almaq icazəsi vermişdi.

“Rusiyada yalnız bir prezident ola bilər”

Putinin hakimiyyəti illərində, 2000-ci ildən bəri Kremlin federal regionlarla münasibəti və parlamentin yuxarı palatası Federasiya Şurasının formalaşması, habelə region başçılarının seçilməsi qaydasının dəyişdirilməsi ilə federalizm xeyli aşılanıb.

2015-ci ildə regional başçılara “prezident” titulundan istifadə qadağan edilib. Kremlin iddiasına görə Rusiyada yalnız bir prezident ola bilər.

Lakin Tatarıstandan gələn təzyiqlər Putini bu bölgəyə istisna verilməsinə məcbur edib.

Bu sonuncu qanun layihəsi ilə bağlı Dünya Tatar Gənclər Forumu Moskvaya və Kazana müraciət edərək onları Tatarıstan başçısının “prezident” titulunun saxlanmasına çağırıb.

Oktyabrın 4-də açıqlanmış müraciətdə deyilir ki, Tatarıstanda prezident titulu saxlanmalıdır, çünki bu, “siyasi statusu, respublika imicini və federalizmi” əks etdirir:

"Tatarıstanda prezident postu təkcə respublika başçısının postunu yox, həm də dünya boyunca 7 milyon tatarın liderliyini, Rusiyanın başqa regionlarında, 30-dan çox ölkədə yaşayan tatarların birliyini simvolizə edir”.

Praqada mənzillənmiş regional və etnik münasibətlər eksperti Vadim Sidorov deyir ki, Moskva da Tatarıstanda “prezident” titulunu məhz buna görə ləğv etmək istəyir.

Sidorov bu barədə məqaləsində yazır ki, Putin hakimiyyəti “liberal təsisat islahatlarının və respublika millətçilyinin sintezindən” qorxur, çünki o, bunu 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabının” və Ukraynada 2013-2014-cü illərdəki Avromaydan kimi hərəkatların hərəkətverici qüvvəsi kimi görür.

“Qurultay” kimi türk sözlərini yox etmək

Görünür, məhz bu ehtiyatlanmalara görə siyasi bloger Valeri Karpenkov oktyabrın 7-də yazdığı köşə məqaləsində iddia edir ki, Dumaya təqdim olunmuş qanun kifayət qədər kəsərli deyil və Rusiyanın birliyini kifayət qədər gücləndirməyəcək.

Bloger qeyd edir ki, Rusiyada bütün regionların bələdiyyələri üçün universal vahid bir termin tətbiq olunmalıdır.

Onun fikirincə başqırdlar, tatarlar, buryatlar və Rusiyadakı başqa dillərdə işlədilən türk sözü “qurultay” və başqa “çətin tələffüz olunan” terminləri aradan qaldırmaq lazımdır:

"Federal mərkəzin səlahiyyətləri milli və ya respublika konstitusiyaları ilə məhdudlaşdırılır. Bütün bunlar Rusiya xalqlarına, diqqət edin, dövlət suverenliyi verir. Rusiya milli-ərazi quruluşuna görə əsl həftəbecərdir və konstitusiya səviyyəsində 20-dən çox kvazidövlətdən ibarətdir”.

Karpenkov belə bir nəticəyə gəlir ki, belə bir vəziyyət “separatçı meyllərə” rəvac verir.

Lakin Tatarıstan suverenliyinin bəzi müdafiəçiləri üçün Dumaya təqdim olunmuş layihə “ölüm-qalım” məsələsidir.

2018-ci ildə həbsxanadan azad edildikdən sonra Londona mühacirət etmiş tatar fəal Rafis Kaşapov AzadlıqRadiosuna deyib:

"Prezident titulu olmadan respublikanın özünə də son qoyulacaq. Bundan sonra nə gerbə, nə bayrağa, nə də himnə ehtiyac qalmayacaq. Tatarıstanı dəstəkləyən insanların isə, biz sürgündəkilərə qoşulmaqdan başqa seçimi qalmayacaq. Amma düzünü desəm, inanmıram ki, bu, çoxlarının vecinədir”.

“Mən gedirəm, millət qalır”

Kazan professoru Farukşin də düşünür ki, Tatarıstanın federalizmin aşılanmasına müqavimət göstərməsi üçün artıq gecdir.

Onun fikrincə 2002-ci ildə Tatarıstanın yeni Konstitusiyasına daxil edilmiş məhdudiyyətlər son nəticədə gətirib buna çıxarmalıydı:

"Tatarıstan bunu da yeyəcək. Bəlkə də xırda mitinqlər olacaq, amma fəalların baş verənlərə təsir inkanı yoxdur. 2002-ci il Tatarıstan üçün daha təhlükəli idi. O vaxt hayqırmaq vaxtıydı. Bugün baş verənlər onda olanların davamıdır. Prezident titulu itiriləcək. Onu yalnız Rusiyada siyasət dəyişilərsə, yenidən qaytamaq mümkün olacaq”.

Oktyabrın 10-da Dövlət Dumasının Tatarıstandan olan keçmiş millətçi deputatı Fandas Safiullin 85 yaşında COVID-19-dan vəfat edib.

1990-cı ilin 30 avqustunda Tatarıstanın suvernliyinə dair bəyannaməni tribunadan məhz o oxumuşdu.

O 1999-2003-cü illərdə Rusiya Dövlət Dumasının deputatı kimi tatar dilinin Latın əlifbasına keçirilməsi üçün uğursuz mübarizə aparmışdı.

Oktyabrın 11-də onun Kazan şəhərində keçirilən dəfn mərasımində çıxış edənlərdən biri Safiullinin ölüm ayağında belə dediyini bildirib:

"Mən gedirəm, amma millət qalır. Onun axırı nə olacaq? Bizi əvəz edəcək cavanlar varmı?”

XS
SM
MD
LG