Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Tanınmışlara, məmurlara bir cür cəza verilir, adi adamlara başqa...


Cinayət işi

Endirilən, əvəzlənən cəzalar

Azərbaycanda bir hal müşahidə edilməkdədir: Bəzən nüfuzlu, tanınmış, vəzifə sahibi olan şəxslərlə bağlı məhkəmə qərarları çox yüngül olur, bəzən də sonrakı instansiyalarda cəzalar azaldılır. Məsələn, bir müddət əvvəl kriminal avtoritetlərin xüsusi qorunan vaqondan qaçırılmasında günahkar bilinən müğənni Fədayə Laçının cəzası 5 ildən 2 ilə endirildi. O, oktyabrın sonlarında azadlığa çıxmalıdır. Və ya jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı mühakimə olunan futbolçu Cavid Qurbanov az sonra həbsdən buraxıldı. İki il öncə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev iki insanın ölümünə səbəb olan qəza törətsə də, cəmi bir il sonra məhbəsdən çıxdı. Bir neçə il öncə hakim partiyanın parlamentdəki təmsilçisi Gülər Əhmədova da «külli miqdarda dələduzluq» və «qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə» maddələri ilə 3 illik azadlıqdan məhrum edilsə də, 1 il sonra apellyasiya məhkəməsi cəzasını şərti cəzaçəkmə ilə əvəzləmiş, o, məhkəmə zalından azadlığa buraxılmışdı.

A.İsmayılov
A.İsmayılov

«Sadalanan nümunələrə 10-15-ni də əlavə etmək mümkündür»

«Mən Fədayə Laçının işini bilmirəm. Amma Əli Həsənovun nəvəsinin işində 100 faiz tapşırıq oldu», – vəkil Aslan İsmayılov iddia edir. Yeri gəlmişkən, bunu tək hüquqşünas demir, N.Allahverdiyev azadlığa çıxanda da belə iddialar səslənir, sosial mediada, KİV-lərdə babanın nüfuzu sayəsində nəvənin cəzasının yüngülləşdiyi yazılırdı. A.İsmayılovsa əlavə edir: «Azərbaycanda normal məhkəmə sistemi yoxdur deyə, kim sifariş verirsə, onun gücündən, nüfuzundan asılıdır hər şey, qanunla bağlı deyil». O, Azərbaycanda sıravi vətəndaşın vaxtından əvvəl həbsdən çıxmaq şansının olmadığını bildirir.

«Sadalanan nümunələrə 10-15-ni də əlavə etmək mümkündür», – hüquqşünas Xalid Ağəliyev deyir. Onun fikrincə, Azərbaycan məhkəmələrində məmurla, tanınmış, nüfuzlu şəxslə sıravi vətəndaşa eyni münasibət göstərildiyini demək mümkün deyil.

«Xüsusən də məmurlarla bağlı məhkəmələrdə. Mən təcrübəmdən çıxış edərək xüsusən də media sahəsinə aid məhkəmələrdən deyə bilərəm ki, son 15 ildə məmurlara qarşı qaldırdığımız məhkəmə işlərinin 3-5 faizində iddiaların əleyhinə qərar verilib. Ancaq ayrı-ayrı vətəndaşlara qaldırılan iddialarla bağlı bunun tamam əksini görürük», – X.Ağəliyev bildirir.

Hüquqşünas bunu da əlavə edir ki, Azərbaycanda siyasi mənsubiyyət də məhkəmələrin qərar verməsində xüsusi rol oynayır. Onun sözlərinə görə, məhkəmənin hökumətin tənqidçisi olan hansısa tanınmış şəxsin xeyrinə qərar çıxarmasını xatırlamaq çox çətindir.

AzadlıqRadiosu bu tənqidlərlə bağlı rəsmi qurumlardan açıqlama ala bilməyib.

E.Qədirli
E.Qədirli

Erkin Qədirli: «Bütün dünyada belə istisnalar var, amma...»

REAL Partiyasının xarici əlaqələr katibi, hüquqşünas Erkin Qədirli «Azərbaycanda ədalətli məhkəmə sistemi qurulmadığından belə hallara tez-tez rastlanır» söyləyir. O, təkcə tanınmış, nüfuzlu adamlarla bağlı deyil, həm də siyasi sifarişlə qərarların verildiyini vurğulayır. Onun qənaətincə, bu da məhkəməyə inamı sarsıdır: «Hansısa məmurun oğlu bahalı maşında küçədə birini vurub öldürür, sonra cəzası yüngül olur, halbuki adi adam olsaydı, cəzası yüksək olardı. Amma imkanlı, hakimiyyətdə olan adamın qohumudur deyə, az cəza verilir. Bu, siyasi sifarişlə verilən qərardır, bir də görürsən, şərti cəzayla azadlığa çıxır».

Amma futbolçu Cavid Qurbanovla bağlı bir qədər fərqli fikirdədir. O, həmin şəxslə bağlı cəmiyyətdə, xüsusən də idman ictimaiyyətində mənfi rəy olmadığını qeyd edir:


«Ona görə də tək hansısa hökumət təmsilçilərinin yox, futbol azarkeşlərinin də fərqli gözləntiləri vardı. Onun tezliklə çıxmasını, futbol oynamasını gözləyirdilər. Cəmiyyətin özündə bu adamın cəzalandırılmamasını gözləyənlər kimi, qərarın haqsız olduğunu deyənlər də vardı».

Bu təzada diqqət çəkən hüquqşünas tək Azərbaycanda yox, başqa ölkələrdə də bəzən tanınmışlarla bağlı məhkəmə prosesinin hüquq əndazəsini aşdığını, vəkillərin edə edəcəyi bir şey qalmadığını ayrıca vurğulayır: «Sevilən insandırsa, onun dəstəkçiləri etirazlar edir, piket keçirirlər və s. Bu, bəzən məhkəməyə təzyiq vasitəsidir. Bəzən olur ki, tanınmış insanlarla bağlı istər mülki, istərsə də cinayət işlərində qərar fərqli verilir. Bu, hüquq mədəniyyəti olan cəmiyyətdirsə, nə qədər tanınmış və sevilən insan olsa da, cinayət törədən insan cəzasını alır. Bəzən daha yüksək cəza verilə bilər, ancaq nisbətən daha aşağı cəza verilir. Tanınmamış insanla bağlı qərar isə dəyişə bilər. Bütün dünyada belə istisnalar var, bəzən varlılara daha az, kasıblara daha çox cəza verilir, ya da qaradərililərə daha çox cəza verilir, ağdərililərə daha az. Problem olaraq bu, demokratik ölkələrdə də var. Amma buna baxmayaraq, həmin ölkələrdə məhkəməyə inam qalmaqdadır».

F.Mustafa
F.Mustafa

Deputat: «Bunun kökünü araşdırmaq bizə düşməz»

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə tək nüfuz, imkan sahibi şəxslərə deyil, tanınmamış, adi şəxslərə də belə yüngül cəzaların verilməsini mümkün sayır. Onun qənaətincə, bu, hakimin mülahizəsindən asılıdır: «Bunun kökünü araşdırmaq bizə düşməz. Nəylə sübut edəsən ki, hakim qanunun verdiyi imkanlar hüdudunda qərar qəbul etməyib? Bəlkə kənarda yüzlərlə adi adam haqqında da eyni qərarlar çıxarılıb? Tanınmış adam olanda medianın diqqətini cəlb edir, sadəcə».

Hərçənd, deputat bəzən məhkəmənin artıq cəza verməsini istisna etmir, «yetərincə ədalətsiz hökmlər də var, xüsusən mülkiyyət məsələləri ilə bağlı hökmlərin çoxu ədalətsizdir» deyir.

«Məsələn, qanunvericiliyə görə, 7 ildən 12 ilədək cəza verilə bilər. Hakimin imkanı var ki, 7 il cəza versin, ancaq çox verir. Burda subyektiv mülahizələrin təsirini istisna etmirəm», - F.Mustafa bildirir.

Bəs prezidentin danışdığı məhkəmə islahatı?

Beynəlxalq qurumlar Azərbaycanda məhkəmə-hüquq islahatlarına ehtiyac olduğunu, xüsusən də məhkəmənin müstəqil quruma çevrilməsi zərurətini bəyan edirlər. Onların qənaətincə, yerli məhkəmə siyasi hakimiyyətin rəqiblərini cəzalandırması yönündə alətə çevrilib.

Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır. Hərçənd, rəsmilər vaxtaşırı məhkəmə-hüquq islahatları haqda danışırlar. Bu ilin əvvəlində isə dövlət başçısı bu sahədə ciddi islahatlar olacağını bəyan etdi. Bu məqsədlə apreldə İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman da imzaladı.

Sənəddə bütün məhkəmə sədrlərinə və hakimlərinə tövsiyə edilirdi ki, «məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər».

Bundan başqa, Ali Məhkəməyə və Baş Prokurorluğa cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək tövsiyə olunmuşdu. Eləcə də, Ədliyyə Nazirliyinə tapşırılmışdı ki, müvafiq qanun layihələrini hazırlayıb 3 ay müddətində prezidentə təqdim etsinlər. Aradan yarım ildən çox vaxt ötsə də, bu istiqamətdə konkret addımlar atılmayıb. Bir çox hüquqşünaslar kimi, A.İsmayılov sənədin, dövlət başçısının tövsiyələrinin kağız üzərində qaldığını bildirir.

«Bu məhkəməni ədliyyə naziri Fikrət Məmmədov qurub. 20 ildən çoxdur bu sistemin başında durur. O özü qurduğu sistemi islah edə, dəyişə bilərmi? Prezident nəsə dəyişiklik etmək istəyirsə, 20-25 ildir vəzifədə olanları azad etməli, onların yerinə normal, gənc kadrlar təyin etməlidir», - İsmayılov deyir.

F.Mustafa isə fərqli məqama diqqət yönəldir. O hesab edir ki, hər kəsə münasibətdə cəzanın verilməsində yüngülləşdirici hallar mütləq nəzərə alınmalıdır. Deputatın sözlərinə görə, cinayətə görə azadlıqdan məhrumetmə cəzasının səviyyəsi 60 faizi ötür. F.Mustafa alternativ cəzaların, məsələn, cərimə və azadlığın məhdudlaşdırılması kimi cəzaların çox az tətbiq edildiyini və həbs cəzasına üstünlük verdiyinə görə məhkəmə sisteminin qınanılmalı olduğunu vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG