Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:00

Taliban quzu xayasını menyudan çıxarır


Taliban döyüşçüləri Kabildə restoranda, avqust, 2021-ci il
Taliban döyüşçüləri Kabildə restoranda, avqust, 2021-ci il

Əfqanıstanın qərbi Herat vilayətində Taliban hakimiyyəti heyvan xayasının satışını qadağan edib, bunun islamda xoş qarşılanmadığını bildirib. Yerli sakinlər isə bu göstərişin biznesə ziyan vurduğunu, gərəksiz olduğunu deyirlər, ölkədə daha böyük məsələlərin həllini gözlədiyini vurğulayırlar.

Belə ki, Herat vilayətində işsizlik, inflyasiya yüksəkdir, aclıq hökm sürür.

“Kiçik məsələdir”

Yerli restoranlarda delikates sayılan quzu, yaxud digər heyvan xayalarının satışına qadağa biznes sahiblərini və müştəriləri qəzəbləndirib. AzadlıqRadiosunun əfqan xidməti olan Radio Azadi bu haqda yazır.

“Talibanın quzu xayasının satışını yasaqlaması məni təəccübləndirir. Bu, gerçəkdən kiçik məsələdir. Əfqanıstanda daha böyük məsələlər var, yoxsulluq, qız məktəblərinin bağlanması”, – Herat sakini anonimlik şərtilə Radio Azadi-yə danışıb.

Sərt quraqlıq, xəstəliklərin yayılması Əfqanıstanda böyük humanitar böhrana səbəb olub. BMT ölkəni “aclıq ocağı” adlandırır. Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirəndən ölkədə 700 minə yaxın insan işini itirib. İşləyənlərin 90 faizə yaxını isə günə 1.9 dollardan da az qazanır. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi bu ayın əvvəlində bildirib.

Haram deyil, “məkruh” sayılır

Heyvan xayalarının satışına qadağanı hələ sentyabrda Talibanın Əxlaq və Fəzilət Nazirliyinin vilayət üzrə şöbəsi şifahi açıqlayıb. Bu nazirlik ölkədə şəriət qaydalarının tətbiqinə cavabdehdir.

Nazirliyin Herat şöbəsinin başçısı Əzizul Rəhman Mohacir deyib ki, qərar İslam ilahiyyatçı alimlərinin fərmanına əsaslanır. Fərmanda heyvan xayalarını yemək “yasaq hərəkət” adlandırılır. İslamda heyvan xayalarının istehlakı “məkruh” sayılır, yəni, xoş görülmür, amma haram buyrulmayıb. Taliban hakimiyyətə gələnəcən qəssablar quzu xayalarını satıb, restoranlar isə onları delikates kimi təqdim edib. Amma bu, ictimaiyyətin gözü qarşısında edilməyib.

“Kalpura” adıyla tanınan xaya kababı əsas yemək deyil, delikates sayılır, kişilərin cinsi gücünü artırdığı söylənir.

Biznesə ziyan

Herat Qəssablar Birliyinin məlumatına görə, qadağadan öncə 1500-dən çox yerli qəssab dükanına quzu xayası paylanıb. İndi qəssablar onları atmağa məcburdurlar. Bu isə yerli bizneslər üçün əlavə ziyan deməkdir.

Heratda çoxlarının gündəlik dolanışıqdan ötrü təhlükəli əl əməyinə – kömür mədənlərinə üz tutduğu bildirilir. Tibb xidmətlərinin pisləşməsinddən də şikayətlər artır.

Heratın eyni adlı paytaxtında kabab restoranı işlədən Xair Məhəmməd deyir ki, üç həftədir quzu xayasından yemək hazırlamağı dayandırıb və xeyli qazancdan məhrum olub.

“Hər gün 20-50 müştəri səhər yeməyinə quzu xayasından kabab yeyirdi. İndi onları qəbul etmirik, çünki satsaq, cəzalanarıq”, – o, radioya danışıb.

Məhəmməd qadağanı pozduğuna görə şəxsən həbs olunduğunu sözlərinə əlavə edir.

Digər qadağalar

Heratda ölkə üzrə rast gəlinməyən daha bir qadağa qüvvədədir. Oktyabrda Taliban hakimiyyəti “huka, şişa” kimi tanınan qəlyanı yasaqlayıb.

Yerli bərbərlərin daha müştərilərin saqqalını taraş etmədiyi, Talibanı qıcıqlandırmaqdan ehtiyatlandığı bildirilir.

AzadlıqRadiosuna danışan Herat sakini deyir ki, yerli sakinlər əziyyət içindədir, Taliban isə real problemləri həll etmir.

“Taliban bu məsələlərlə məşğul olmalıdır, adamların saçı, saqqalı, yaxud quzu xayasıyla deyil”, – həmin heratlı deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG