Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 07:43

Kabildə etiraz zamanı havaya xəbərdarlıq atəşi açılıb


Kabildə etiraz aksiyasında keçmiş hökumətin bayrağı dalğalanır

ABŞ Dövlət katibi Entoni Blinkenin sentyabrın 7-də deməsinə görə, onun departamenti təhlükəsiz uçuşları təmin etmək üçün “bütün sutkanı” çalışır

Taliban silahlıları Kabildə yürüşü dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açıblar. Silahlı qruplaşma avqustun 15-də paytaxtı tutandan sonra Kabildə, Heratda və Məzari-Şərifdə kiçik nümayişlər keçirilir.

Sentyabrın 7-də qadınlar daxil olmaqla yüzlərlə etirazçı küçələrə çıxaraq Talibanı pisləyib, qadınların hüquqlarının qorunmasını tələb edib.

Onlar “Yaşasın müqavimət”, “Pakistana ölüm” şüarları səsləndiriblər. Bir çoxları qonşu ölkənin Talibanı dəstəklədiyinə inanır, İslamabad isə bunu inkar edir.

Şahidlər talibançıların kütləni dağıtmaq üçün havaya atəş açdığını deyir. Yayılan videolarla onlarla adamın qaçdığı görünür, arxa fonda atəş səsləri eşidilir.

Xəsarət alanlar haqda məlumat yoxdur.

Həftəsonu Pakistan kəşfiyyatının rəisi Faiz Həmid Kabilə səfər edib. Bundan başqa Pakistanın dronlar vasitəsilə Pəncşir vadisini bombalamaqda Talibana kömək etdiyi bildirilir. Pəncşirdə üsyançılar silahlı qruplaşmaya müqavimət göstərir.

Pakistan ordusunun sözçüsü isə iddiaları rədd edərək deyib ki, ölkəsinin “Əfqanıstanın içində, Pəncşir, yaxud başqa yerdə baş verənlərlə əlaqəsi yoxdur”.

***

Amerikalıların Əfqanıstandan çıxa bilmədiyi deyilir

Amerika vətəndaşları və uşaqlar daxil olmaqla yüzlərlə şəxsin Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərindən ABŞ qeyri-hökumət təşkilatlarının çarter təyyarələri ilə çıxa bilmədiyi xəbər verilir.

ABŞ-da yerləşən “Ascend” qeyri-hökumət təşkilatının qurucusu və icraçı direktoru Marina Löqri sentyabrın 7-də deyib ki, onun təşkilatından yeniyetmə qızlar daxil olmaqla 600-dən 1300-dək şəxs bir həftəyə yaxındır aeroport yaxınlığında gözləyirlər.

“Yeddi gündür, amma heç bir irəliləyiş yoxdur”, – Löqri deyib. O, Talibanı “sadəcə heç nəyə tərpənməyə imkan verməməkdə” suçlayıb.

Bu qrup əfqan qızlara liderlik təlimləri keçir, dağa dırmanma kimi fiziki fəaliyyət həyata keçirir.

Çarter təyyarələri gözləyir

Gözləyənlərin evakuasiyası üçün aeroportda altı çarter təyyarəsi gözləyir. Löqri ölkədən çıxmaq istəyənlərin şəhərin müxtəlif yerlərində yerləşdirildiyini söyləyib.

Həmin şəxslər arasında 19 amerikalının, 16-23 yaşlı qız və qadınların və onların ailə üzvlərinin olduğu xəbər verilir. Ascend onları evakuasiya etməyə çalışır.

Əfqanların hamısı şiə hazara azlığının üzvləridir. Onlar 1996-2001-ci illərdə Taliban idarəçiliyi dövründə kəskin repressiya ilə üzləşiblər.

ABŞ Dövlət katibi Entoni Blinkenin sentyabrın 7-də deməsinə görə, onun departamenti təhlükəsiz uçuşları təmin etmək üçün “bütün sutkanı” işləyir.

Taliban Birləşmiş Ştatlara bildirib ki, “səyahət sənədi olanların rahat çıxışına imkan verəcəklər”. Blinken bunu Qətərdə mətbuat konfransında deyib.

“Onlardan buna əməl etməyi tələb edəcəyik”, – o vurğulayıb.

Taliban sonuncu Pəncşir vilayətini də ələ keçirdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

“Məsələ tezliklə həll olunmasa...”

Vaşinqton ABŞ vətəndaşları və risk altında olan əfqanların çıxmasına kömək edəcəyini desə də, Löqri vəziyyətdən məyusluğunu ifadə edib.

“Məsələ tezliklə həll olunmasa, qızlarımızın fiziki təhlükəsizliyi üçün narahatlığımız artar”, – o söyləyib.

Birləşmiş Ştatlar bir həftə öncə Əfqanıstandan hərbçilərinin çıxarılmasını tamamlayıb. Taliban isə avqustun 15-dən paytaxt Kabili tutub.

Birləşmiş Ştatlar və NATO onminlərlə xaricini və risk altında olan əfqanı Kabildən çıxarıb. Amma ölkədə 100-dən çox, hətta ola bilsin, yüzlərlə amerikalının qaldığı xəbər verilir. Onminlərlə insan isə ölkəni tərk etmək istərdi.

Dövlət Departamenti sentyabrın 7-də bildirib ki, dörd amerikalı quru yoluyla Əfqanıstandan çıxa bilib. Onlar adı çəkilməyən qonşu ölkəyə gediblər. Birləşmiş Ştatlar Kabildən təxliyələr dayandırılandan sonra ilk dəfədir Əfqanıstandan quru yoluyla çıxışa kömək etdiyini təsdiqləyir.

Şərhlər

XS
SM
MD
LG