Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:35

Talibandan ‘qırmızı xətt’ xəbərdarlığı


Əfqanıstan təhlükəsizlik qüvvələri Pəncşirdə, 20 avqust, 2021-ci il
Əfqanıstan təhlükəsizlik qüvvələri Pəncşirdə, 20 avqust, 2021-ci il

Əhməd Məsud ölkəni "Taliban"ın iştirakıyla idarə etmək üçün hərtərəfli hökumət qurmağa çağırıb.

Taliban ABŞ və beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması vaxtının avqustun 31-dən sonraya uzadılmasını qəbul etməyəcəyini deyir.

Avqustun 23-də Kabil aeroportunda bir əfqanın öldürülməsindən sonra vəziyyət nəzarətə alınıb. Bunu NATO-nun iki rəsmisi bildirib. Taliban aeroport ətrafına döyüşçülər yerləşdirib, qayda-qanun yaratmağa çalışdıqlarını deyirlər.

Avqustun 24-də Böyük Yeddilik liderlərinin görüşündə Britaniyanın Baş naziri Boris Conson Baydenə Kabildən evakuasiyaları uzatmaq üçün təzyiq göstərəcək. Talibanın sözçüsü Suhail Şahin isə avqustun 23-də “Sky News”a müsahibəsində deyib ki, belə bir addım “inamsızlıq” yaradar, “reaksiyaya səbəb olar”.


“Bu, qırmızı xətdir. Prezident Bayden elan edib ki, avqustun 31-də bütün hərbi qüvvələri çıxaracaqlar. Bu müddəti uzatsalar, o deməkdir ki, işğalı uzadırlar, halbuki buna ehtiyac yoxdur”, – Şahin deyib.

“ABŞ və Britaniya evakuasiyaları davam etdirmək üçün əlavə vaxt istəsələr, cavab ‘xeyr’dir. Yoxsa bunun nəticələri olacaq”, – deyən sözçü nəticələrin nə ola biləcəyini açıqlamayıb.

***

Əhməd Məsud 'Taliban'ı tanımır

Hökumət qüvvələrinin qalıqlarının və xüsusi təyinatlıların Pəncşir Vadisinə yığışaraq yerli döyüşçülərlə birlikdə Milli Müqavimət Cəbhəsi formalaşdırdığı xəbər verilir.

Talibanın isə vadiyə yüzlərlə döyüşçü göndərdiyi bildirilir.

Əfqanıstanın əvvəlki hökumətində vitse-prezident olmuş, hazırda əraziyə sığınmış Əmrulla Saleh tvitində yazıb ki, islamçılar “Pəncşirin girəcəyinə qüvvələrini yığıblar”.

Əhməd Məsud islamçı hərəkatla dinc danışıqlara ümid etdiyini, amma Pəncşirdəki qüvvələrinin döyüşə hazır olduğunu söyləyib.

“Talibanı yeganə yolun danışıqlardan keçdiyinə inanmağa məcbur etmək istəyirik. Müharibənin başlamasını istəmirik”, – o deyib.

Müqavimət cəbhəsi “uzunmüddətli münaqişəyə” hazır olduğunu bəyan edib, qrupun sözçüsü Əli Mayzam Nazari deyib.

***

Avqustun 23-də səhər Kabil aeroportunun Şimal Qapısında atışmada bir əfqan mühafizəçinin öldürüldüyü, üçünün yaralandığı xəbər verilir. Məlumatı Almaniyanın silahlı qüvvələri yayıb.

Twitter-də yayılan bəyanata görə, yaraqlılar, ABŞ və Almaniya qüvvələri və əfqan mühafizəçilər arasında atışma başlanıb. Öldürülən əfqanın aeroportun mühafizəsinə ayrılmış talibançılardan olub-olmadığı bəlli deyil.

***

Minlərlə əfqan Kabil aeroportuna gedən yollara çıxaraq hava limanına getməyə, ölkəni tərk etməyə çalışır. ABŞ Prezidenti Co Bayden isə ölkəsinin evakuasiya işini sürətləndirdiyini deyib.

Avqustun 22-də Ağ evdə danışan Bayden avqustun 14-dən Kabildən 28 min nəfərin çıxarıldığını deyib. Onların 11 mindən çoxu həftəsonu təxliyə olunub. Evakuasiya təkcə ABŞ-ın hərbi reysləri ilə deyil, çarter və müttəfiq qüvvələrin reysləri ilə həyata keçirilir.

Çətin və ağrılı proses

Bayden onu da deyib ki, milli təhlükəsizlik komandası ABŞ ordusunun Əfqanıstandan çıxarılma üçün son tarixi avqustun 31-dən sonraya uzatmağı müzakirə edir. Məqsəd ABŞ vətəndaşlarının, digər əcnəbilərin, risk altında olan əfqanların ölkədən təhlükəsiz təxliyə olunmasıdır.

“Aydın şəkildə deyim ki, minlərlə insanın Kabildən çıxarılması çətin və ağrılı olacaq”, – Bayden vurğulayıb.

“Biz adamları mümkün qədər tez çıxarmağa çalışırıq. Bu bizim missiyamızdır. Bu bizim hədəfimizdir”, – o deyib.

Prezident əsgərlərin Əfqanıstandan çıxarılmasına dair qərarı müdafiə edib. Bayden 31 avqust tarixinə əməl etdiyinə görə tənqid olunur. Çünki bu addım Talibanın sürətlə irəliləməsi, əfqan təhlükəsizlik qüvvələrinin tam iflası ilə nəticələnib.

Təhlükəsizlik durumundan narahatlıq

Baydenin sözlərinə görə, ABŞ ordusu evakuasiyasını asanlaşdırmaq üçün Talibanla daimi kontaktdadır və qrup aeroport ətrafına nəzarət perimetrini genişləndirməkdə əməkdaşlıq ediblər.

Prezident təhlükəsizlik vəziyyətinin dəyişkən olduğunu, administrasiyanın Əfqanıstanda Talibanın düşməni sayılan “ISIS-K” İslam Dövləti yaraqlılarının aeroport ətrafında təhdid yarada biləcəyindən narahatlığını dilə gətirib.

Ötən həftə Kabil aeroportu ətrafındakı çaxnaşma yeddi əfqanın ölümüylə nəticələnib. Britaniya ordusu bu rəqəmi avqustun 22-də açıqlayıb, amma daha böyük olduğu güman edilir.

NATO rəsmisi isə son yeddi gündə aeroportda və ətrafında azı 20 nəfərin öldüyünü açıqlayıb. Bəziləri güllələnib, bəziləri basabasda həyatını itirib.

Əhməd Məsudun xəbərdarlığı

Taliban Kabildə hakimiyyətini möhkəmləndirməyə çalışdığı bir dönəmdə Pəncşir şimal bölgəsindəki döyüşçülər qruplaşmanı tanımaqdan imtina edirlər.

1980-ci illərdə antisovet müqavimətinin liderlərindən olan mərhum Əhməd Şah Məsudun oğlu nəzarətindəki əraziləri Talibana verməyəcəyini bildirib.

Əhməd Məsud ölkəni Talibanın iştirakıyla idarə etmək üçün hərtərəfli hökumət qurmağa çağırıb. O xəbərdarlıq edib ki, yaraqlılar dialoqdan imtina edərlərsə, müharibə “qaçılmaz” olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG