Azərbaycan xəbərləri
Taleh Bağırova mahnı həsr edənə hökm oxunub
“Müsəlman Birliyi” Hərəkatının üzvü Elvin Muradov (Mürvətoğlu) bugün, sentyabrın 25-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Bu barədə AzadlıqRadiosuna Elvin Mürvətoğlunun yaxınları məlumat verib.
Onların sözlərinə görə, hakim Tural Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə Elvin Mürvətoğlu özünü təqsirli bilməyib.
“Müsəlman Birliyi” Hərəkatının üzvü, şair Elvin Mürvətoğlunu polis bu il martın 13-də saxlamışdı. Martın 14-də onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Elvin Mürvətoğlu Cinayət Məcəlləsinin (CM) 228.1-ci (Qanunsuz odlu silah saxlama) maddəsi ilə ittiham edilib.
Yaxınları isə bildirmişdilər ki, o, martın 13-də məscidə cümə namazı qılmaq üçün gedəndən sonra yoxa çıxıb.
Nardaran hadisələri
Elvin Mürvətoğlunun yaxınları ittihamı qəbul etmirdilər və bunun uydurma olduğunu bildirirdilər. Onların iddialarına görə, Elvin Mürvətoğlu “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırova həsr etdiyi mahnı oxuduğuna görə həbs olunub.
Taleh Bağırovun özü isə 2015-ci ildə baş verən Nardaran hadisələri zamanı həbs edilib.
Nardaran hadisələrində 2-si polis olmaqla 6 nəfər həlak olub.
Taleh Bağırov və onlarla şəxs həbs edilib.
Onlar qəsdən adamöldürmə və başqa cinayətlərdə ittiham ediliblər.
Amma müttəhimlər bu ittihamları qəbul etmirlər. Taleh Bağırov 20 il həbs cəzası alıb.
Bütün xəbərləri izləyin
Azərbaycan-Avropa İttifaqı danışıqları Bakıda davam edib
Azərbaycan- Avropa İttifaqı (Aİ) münasibətlərinin institusional və hüquqi çərçivəsinin inkişaf etdirilməsi, ikitərəfli Tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqların yekunlaşması, eləcə də yeni ikitərəfli saziş üzrə danışıqlar prosesinin perspektivləri müzakirə olunub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir ki, sentyabrın 10-da naziri Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Açıqlamaya görə, Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər nəzərdən keçirilib.
"Görüş zamanı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında normallaşma və etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib", - əlavə edilir.
Azərbaycan və Ermənistan arasında 30 illik münaqişədən sonra ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı iddialara son qoyulmasını vacib sayırlar.
Bundan sonra iki ölkə arasında yükdaşımaları başlayıb.
Xatırlatma
Azərbaycan Aİ ilə əməkdaşlığını 2009-cu ildə təsis olunmuş "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində davam etdirib. Proqramın digər üzvləri olan Ukrayna, Moldova və Gürcüstan artıq namizəd statusu qazansa da, Tbilisinin inteqrasiya prosesi mübahisəli qanunlar və seçki gərginliyi səbəbindən dayandırılıb. Belarus proqramdakı iştirakını dondurub, Ermənistan isə illər əvvəl hərtərəfli tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla bənzər sənəd üzrə 2017-ci ildən bəri davam edən danışıqlar isə hələ başa çatmayıb.
Son vaxtlar Azərbaycanda ictimai fəallar tez-tez Aİ rəhbərliyini Azərbaycan hökuməti ilə təmaslarda insan haqları ilə bağlı problemləri də qaldırmağa səsləyirlər.
Azərbaycanda muzdla işləyənlərin sayı azalmaqda davam edir: 27 min
Azərbaycanda muzdla çalışan işçilərin sayında azalma davam edir. Bu, Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarının təhlili zamanı üzə çıxıb.
DSK bu gün, sentyabrın 10-da açıqlayıb ki, 2026-cı il avqustun 1-i ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 781 min 100 nəfər olub. Onlardan 836.9 mini dövlət sektorunda, 944.2 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Ölkədə muzdla işləyənlərin sayı iyulun əvvəlində 1 milyon 787 min 400, ilin əvvəlində isə 1 milyon 808 min təqdim edilmişdi.
Aylıq hesabatların təhlili göstərir ki, bu ilin yeddi ayında ölkədə rəsmi işçilərin sayı 27 minə yaxın azalıb. Amma azalma dövlət sektorunda daha çoxdur, 29 minə yaxın. Qeyri dövlət sektorunda 2 min civarında artım var.
Xatırlatma
Son illər Azərbaycanda bir sıra dövlət qurumları ya ləğv edilir, yaxud da bir-birləri ilə birləşdirilir. Rəsmilər bu addımları idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması ilə izah edir. Amma müstəqil iqtisadçılar da hesab edir ki, hökumət neft hasilatı azaldıqca, xərcləri azaltmaq siyasəti yeridir. Son illər Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) özünün də işçiləri azalıb.
Amma hökumət deyir ki, ölkədə məşğul əhali 5 milyondan çoxdur. Son illər rəsmilər, bir qayda olaraq, "iqtisadiyyatın ağardılması"ndan danışsa da, muzdla işçilərin sayında bu özünü göstərmir.
Şəkidə iki nəfərin öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb
Şəkinin Baş Küngüt kəndi ərazisindəki "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Rəsmi açıqlamaya görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü B.U.A. və 1995-ci il təvəllüdlü M.C.C. "Zipline" əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal qurğu əyilərək formasını itirdiyi üçün əsas mexanizm kanatdan çıxıb və təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxsin hündürlükdən yerə düşərək hadisə yerindəcə həyatını itirdiyi bildirilir.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Bu maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Rəsmi açıqlamaya sözügedən istirahət mərkəzinin rəhbərliyi və həlak olan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
9 sentyabr
FHN ölümə səbəb olan qurğunun onun nəzarətində olmadığını bildirib. Suallar açıq qalır
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayonunda ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib.
Qurumdan APA-nın sorğusuna cavab olaraq deyilib: "Mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil. Bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".
Bu açıqlamaya, hələlik, istirahət mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
FHN-in açıqlamasında onun nəzarət etmədiyi bir qurğunun istirahət mərkəzində quraşdırılmasına və istifadəsinə görə hansı qurumun konkret məsuliyyət daşıdığından bəhs edilmir. Hələlik, ölümlərlə bağlı hər hansı başqa versiya da səslənmir.
Üstəlik, istirahət mərkəzlərində texniki təhlükəsizlik məsələlərinin vaxtaşırı gözdən keçirilib-keçirilmədiyi sualı da açıq qalır.
8 sentyabr
Şəkidə kanatın trosu qırılıb, iki nəfər ölüb
Sentyabrın 8-də Şəki rayonundakı istirahət mərkəzlərinin birində bədbəxt hadisə olub, iki nəfər ölüb.
İlkin məlumata görə, mərkəzdəki əyləncə qurğusunda (kanat) qəza baş verib və iki nəfər hündürlükdən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hələlik məsələyə istirahət mərkəzinin rəhbərliyindən və ölənlərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Bu, ölkədəki istirahət yerlərində baş verən ilk belə hadisə deyil. Əvvəllər də oxşar qəzalarda ölənlər olub.
Digər tərəfdən, bəzi ekspertlərin qənaətinə görə, istintaq zamanı faciəni doğuran real səbəblərin üstündən çox vaxt sükutla keçilir.
Azərbaycan iqtisadiyyatında böyümə yenə yavaşladı
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709.5 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsi (DSK) bu gün, sentyabrın 9-da açıqlayıb ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1.2 faiz çoxdur.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 0.8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2.1 faiz artıb.
Yanvar-avqust aylarında neft-qaz sektorunda 26 milyard 181.9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 61 milyard 527.6 milyon manatlıq ÜDM formalaşıb.
DSK-nın bundan əvvəlki aylıq hesabatlarının təhlili göstərir ki, ölkə iqtisadiyyatında az da olsa böyümə yenidən kiçilməyə başlayıb. İyulun sonunda bu artım 1.4 faiz, mayda 0, yanvarda isə 1.7 faiz açıqlanmışdı.
Müstəqil iqtisadçılar 1 faiz civarında dəyişən artımı heç iqtisadi inkişaf saymırlar. Hələ may ayında artım tamamilə dayanarkən rəsmilər bunu bəzi dövlət proqramlarının icrasının dondurulması ilə izah etmişdilər. Onlar vurğulayırdılar ki, qarşıdakı aylarda yenidən artım bərpa ediləcək.
ÜDM ilə bağlı son göstəriciyə rəsmilərdən hər hansı münasibət bildirilməyib.
Müstəqil iqtisadçılar isə bu il Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında gərginliyin artması ilə neftin kəskin bahalaşması fonunda Azərbaycanda iqtisadiyyatın böyüməməsini böhran siqnalı kimi dəyərləndirirdilər. Onlar vurğulayırlar ki, ölkədə əsas ixrac məhsulu olan neft hasilatı azalıb, qeyri-neft sektorunda isə yetərli inkişaf əldə edilməyib.
Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarını bərpa edir
Qazaxıstan Azərbaycana Kurık-Bakı-Kurık bərə xətti üzrə sərnişindaşımaların bərpasını təklif edib. Azərbaycan bu təşəbbüsü dəstəkləyib. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib. Hazırda iki ölkənin nəqliyyat qurumları əlaqənin bərpası üzərində işləyirlər.
2020-ci ilədək bu marşrut üzrə sərnişindaşımalar həyata keçirilib. Koronavirus pandemiyasına görə həmin il daşımalar dayandırılıb. Xətt bağlanmazdan əvvəl Xəzər dənizi üzərindən hər il təxminən 1500 sərnişin bərələrdən istifadə edirdi.
Bayel deyib ki, daşımaların bərpası Qazaxıstanla Azərbaycan arasında turist mübadiləsini artırmalıdır. Çindən Avropaya Orta Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən uzanan nəqliyyat marşrutu olan Orta Dəhlizin də imkanları genişlənməlidir.
Hazırda Bakı ilə Astana, Almatı, Şımkent, Aktau və Atırau arasında 37 aviareys həyata keçirilir.
Qazaxıstanla Azərbaycan arasında bərə əlaqəsi pandemiyadan əvvəl də mövcud olub. O vaxt bərələr əsasən yük daşıyır, sabit cədvəl üzrə hərəkət etmir, kifayət qədər yük toplandıqdan sonra yola düşürdü. Sərnişin daşınması isə ikinci dərəcəli sayılırdı.
Kamal İsayevə 8 il 6 ay həbs cəzası verilib
Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Yaxınlarının yaydığı məluma görə, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda etnik azlıqlarla bağlı çıxışları ilə tanınan Rusiya vətəndaşı K.İsayevin ötən il İstanbulda saxlanıb Bakıya gətirildiyi bildirilmişdi. O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.
Yaxınlarının bildirməsinə görə, müdafiə tərəfi məhkəmədə ittihamlarla razılaşmayıb. Onlar K.İsayevin fəaliyyətinin yalnız talış dilinin və milli-mədəni irsin qorunmasına yönəldiyini vurğulayıblar. Qeyd olunub ki, ana dilinin inkişafı milli azlıqların öz mədəni kimliyini qoruması baxımından beynəlxalq standartlarla təmin edilən fundamental hüquqlardan biridir.
K.İsayev özü də çıxış edərək hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və heç vaxt milli ayrıseçkilik etmədiyini bildirib. O, ittihamların üzərindən götürülməsini və azadlığa buraxılmasını xahiş edib.
Dövlət ittihamçısı İsayevə 9 il 6 ay həbs cəzasının verilməsini istəyib.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
17.11.2025
Hökumətin etnik azlıqlarla bağlı tənqidçisinin tutulub Azərbaycana gətirildiyi deyilir
Azərbaycan hakimiyyətini etnik azlıqlara münasibətlə bağlı tənqid edən Rusiya vətəndaşı Kamal İsayevin İstanbulda saxlanılıb Bakıya gətirildiyi bildirilir. Bu barədə onun xanımı Aida İsayeva və başqa yaxınları məlumat yayıb.
Rusiyada yaşayan A.İsayeva deyir ki, K.İsayev ilə noyabrın 7-dən əlaqə saxlamaq mümkün olmayıb.
Onun sözlərinə görə, noyabrın 12-də vəkil K.İsayevin bacısına zəng edərək onun İstanbulda saxlanılıb Bakıya gətirildiyini və hazırda təcridxanada olduğunu söyləyib: "Vəkil deyir ki, guya Kamal həbsin ictimailəşməsini istəmir. Mən isə bunun yalan olduğunu bilirəm. Eyni hal İqbal Əbilovun da başına gəldi".
A.İsayeva "Facebook" hesabında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək ərinin azad olunmasına yardım göstərilməsini də xahiş edib.
Bu deyilənləri Azərbaycanın hüquq-mühafizə qurumlarından dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə milli azlıqlara bütün lazımı imkan və hüquqlar verilib.
K.İsayevin "YouTube" platformasında "Jahid Kamal", "Arya Toloş" adlı kanalları olduğu və onun Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini tənqid etdiyi bildirilir.
Bundan əvvəl Belarusda yaşayan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov doğmalarının yaşadığı Azərbaycana səfəri zamanı - 2024-cü il iyulun 22-də saxlanılmışdı. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi 18 il həbs cəzası verib. İttihama görə, İ.Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır.
Əbilovun Hüquqlarını Müdafiə Komitəsi isə bildirir ki, o, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb, "yeganə cinayəti" elmi obyektivlik və mədəni irsin qorunması olub.
Nazir: Subsidiyaların ayrılması zamanı süni intellektdən istifadə olunur
2026-cı ildən etibarən subsidiyaların ayrılması zamanı əkin sahələrinin yoxlanılmasında da süni intellektdən istifadə olunur.
AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 8-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"Peyk vasitəsilə çəkilən təsvirlər süni intellekt vasitəsilə avtomatik təhlil edilir, ərazinin koordinatları, əkinin mövcudluğu, onun inkişaf fazaları və ümumi vəziyyəti dəqiqləşdirildikdən sonra subsidiyaların ödənişi həyata keçirilir”, - o vurğulayıb.
Azərbaycanda aqrar sektorda subsidiyalarla bağlı bir sıra dəyişikliklər edilib. Sentyabrın 7-də açıqlanan dəyişiklikləri Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmi kimi təqdim edib. Bu qərara görə, həm bir sıra sahələr üzrə yeni subsidiyalar veriləcək, həm də bəzi hallarda onun miqdarı artırılacaq.
Amma bir sıra müstəqil iqtisadçılar hesab edir ki, bu dəyişikliklərdən əsasən "oliqarx məmurlar" faydalanacaq. Onların fikrincə, yeni qərarda qoyulan bəzi şərtlər bunu deməyə əsas verir. Həmin iqtisadçılar vurğulayır ki, xüsusən heyvandarlıqla bağlı yeni subsidiyalarda həm örüş yerlərinin sahəsi və həm də mal-qaranın sayı ilə bağlı göstərilən həddə sadə fermerlər çata bilməzlər.
Amma kənd təsərrüfatı naziri jurnalistlərə deyib ki, subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib.
Azərbaycanda aqrar subsidiyaların verilməsinə 2007-ci ildən — yanacağın qiymət artımı ilə paralel olaraq başlanılıb. Ötən illər ərzində subsidiyaların həcmi vaxtaşırı artırılıb.
Hesablama Palatası bu il Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasının son 3 illik fəaliyyəti ilə bağlı audit nəticəsində bir sıra pozuntu, uyğunsuzluq aşkar etdiyini açıqlamışdı. Orada bildirilirdi ki, hətta suvarılmayan sahələrə subsidiya verilib.
Bir il əvvəl isə Maliyyə Nazirliyi də əkin sahələri üçün ayrılan subsidiyaların məbləği ilə istehsal həcmi arasında uyğunsuzluğa diqqət çəkmişdi.
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin avqust ayında valyuta bazarına alışyönümlü müdaxilə edib.
Qurumun məlumatına görə, tədiyə balansının cari əməliyyatlar hesabındakı profisit və maliyyə sektorundakı dedollarlaşma (əhalinin əmanətlərində xarici valyutanın payının azalması) prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib: "Yaranmış bu şəraitdə Mərkəzi Bank cari ilin avqust ayında valyuta bazarından 1.5 milyard ABŞ dolları məbləğində alış həyata keçirib. Nəticədə ilin ötən dövrü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard ABŞ dolları və ya 33 faiz artaraq tarixi maksimuma – 15.3 milyard dollara yüksəlib".
Müstəqil iqtisadçılar isə ölkədə dollara tələbatın azalmasını əsasən iqtisadi fəallığın zəifləməsi ilə izah edirlər. Hələlik iqtisadi artım 1 faiz civarında dəyişir. Müstəqil iqtisadçılar bunu inkişaf saymırlar.
Xatırlatma
Azərbaycanda 2017-ci ilin yazından ABŞ dollarının məzənnəsi dəyişmir. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.
2015-ci ildə dalbadal baş verən devalvasiyalardan (manatın iki dəfə dəyər itirməsindən) sonra Mərkəzi Bank "üzən məzənnə" rejiminə keçildiyini bəyan etsə də, sonradan bu rejimdən faktiki imtina olunub.
Putin Əliyevə zəng vurub
Sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.
4 il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət başçıları iki ölkə arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə həm siyasi, həm iqtisadi, həm də ticari sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi əks edilib.
O vaxtdan iki ölkə arasında ticarət əlaqələrində inkişaf var. Amma, bununla belə, müəyyən gərginliklər də müşahidə edilib. Lakin sonradan tərəflər anlaşılmazlıqların aradan qaldırıldığını bəyan ediblər. Xüsusilə bu baxımdan 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması və nəticədə 38 nəfərin həlak olması diqqət çəkmişdi. Azərbaycan rəsmiləri təyyarəyə Rusiya hava məkanında müdaxilə olunduğunu və onun kursdan çıxaraq Qazaxıstan istiqamətinə yönəldiyini vurğulayaraq hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirirdilər. Bakı rəsmi Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirdi. Rusiya tərəfi ilkin mərhələdə üzrxahlıq etsə də, digər tələblər uzun müddət yerinə yetirilməmiş qalırdı. Amma bu ilin aprelində AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunduğu açıqlandı.
Bu arada həm Rusiyada Azərbaycan diasporunun təmsilçilərindən, həm də Bakıda Rusiya vətəndaşlarından müxtəlif ittihamlarla həbs edilənlər olmuşdu. Lakin liderlərin birbaşa təmaslarından sonra Azərbaycan tutulan Rusiya vətəndaşlarından "Sputnik-Azərbaycan"ın əməkdaşları sərbəst buraxmışdı.
AXCP: 'Zamin Salayevə 30 sutka həbs verilib'
Bir ay öncə həbsdən azadlığa buraxılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin Salayevin sentyabrın 4-də 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.
AXCP-nin ayrı-ayrı fəallarının yaydığı məlumata görə, bununla bağlı qərar günün ikinci yarısı Salyan rayon Məhkəməsində verilib: "İlkin məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə günahlandırılıb".
Bu məlumatı Salyan rayon Məhkəməsinin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Saatlar öncə AXCP fəalının yenidən saxlanıldığı bildirilirdi. Ailəsinin vurğulamasına görə, Salayevin harada olduğunu dəqiqləşdirə bilmirdilər.
7 avqust
Zamin Salayev azadlığa çıxıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin (Əlizamin) Salayev 3 il 6 aydan sonra azadlığa çıxıb. Bu barədə siyasi fəallar sosial şəbəkədə paylaşım ediblər.
Salayev 2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin il fevralın 7-də saxlanılıb və Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. AXCP fəalı ittihamı qəbul etmirdi.
Xatırlatma
AXCP-nin Salyan şöbəsinin sədri Salayev bundan əvvəl — 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə həbs cəzası almışdı. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovla mübahisəsinin videosunu paylaşmışdı. Həmin videoda AXCP üzvü polis əməkdaşını rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Video yayımlandıqdan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq onun həbsini tələb etmişdi.
Videoda adı çəkilən qadın isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il həbs cəzasına məhkum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün bu addımı atdığını bildirsə də, polis əməkdaşı onun dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib.
Salayev 2022-ci il yanvarın 19-da — Amnistiya Aktı ilə əlaqədar cəza müddətinin başa çatmasına bir neçə ay qalmış azadlığa buraxılmışdı.
İqtisadiyyat 1.4 faiz artıb, vergi yığımları 10 faizə yaxın
Vergi güzəştinin ləğvindən sonra Azərbaycanda büdcə gəlirləri 10 faizə yaxın artırıb.
Dövlət Vergi Xidmətinin sentyabrın 4-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar – avqust aylarında onların xətti ilə dövlət büdcəsinə 12 milyard 619.1 milyon manat vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.2 faiz və ya 1 milyard 58 milyon manat çoxdur.
Qeyri-neft-qaz sektorundan vergi yığımları 12.3 faiz (1 milyard 34.1 milyon manat) artaraq 9 milyard 468.7 milyon manata çatıb. Nəticədə büdcəyə proqnozdan kənar 281.7 milyon manat əlavə vəsait ödənilib.
Bu il ölkə iqtisadiyyatında nəzərəçarpan artım qeydə alınmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk yeddi ayında iqtisadi böyümə cəmi 1.4 faiz təşkil edib.
Əvəzində, bu il Azərbaycanda qeyri-dövlət sektoru üçün 7 illik güzəşt ləğv edilib.Onlar gəlir vergisinə cəlb edilib.
Bu il həmçinin ölkədə bir sıra sahələr üzrə cərimə və rüsumların məbləği artırılıb. O cümlədən vergi uçotuna durmadan qanunsuz sahibkarlıq fəaliyyətinə görə tətbiq olunan 40 manatlıq maliyyə sanksiyası 200 manata qaldırılıb.
Komitə: İrandan gələn soğanın altından marixuana çıxdı [Video]
İrandan Rusiyaya soğan daşıyan yük avtomobilində 25 kiloqram marixuana aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) sentyabrın 4-də məlumat yayıb.
Məlumata görə, İrandan Rusiyaya soğan aparan yük maşını "Biləsuvar" gömrük postunda saxlanılıb. Azərbaycan üzərindən tranzit keçən bu avtomobil rentgen aparatından keçirilib və xüsusi təlim görmüş itlə ətraflı yoxlanılıb: "Yoxlama zamanı üzərinə soğan yığılan taxta paletlərin altında xüsusi düzəldilmiş gizli saxlanc yeri aşkarlanıb. Gömrük nəzarətindən gizlədilən həmin bölmədən 80 bağlamada ümumi çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş marixuana tapılıb".
Hələlik rəsmi açıqlamaya yük maşının sürücüsü və İranın cavabdeh qurumlarının münasibəti bəlli deyil.
DGK İrandan Azərbaycan vasitəsilə dünyanın müxtəlif ölkələrinə, xüsusilə də Rusiyaya narkotik daşınması cəhdləri barədə vaxtaşırı məlumatlar yayır.
Hətta bu ilin iyununda bildirilmişdi ki, İrandan Rusiyaya gül kələmi aparan yük avtomobilində 90 kiloqramdan çox marixuana tapılıb.
Üstəlik, İrandan narkotik daşıyan pilotsuz uçuş aparatlarının da aşkarlandığı açıqlanıb.
Ümumilikdə, ölkədə müsadirə edilən xarici mənşəli narkotiklərin böyük hissəsinin məhz İran vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirildiyi vurğulanır.
Tehran tərəfindən bu qəbildən olan rəsmi ittihamlar əksər hallarda cavabsız qalır. Amma İran rəsmilərinin bundan əvvəl ümumən qeyd etmələrinə görə, ölkələri, təəssüf ki, dünyanın əsas narkotik qaçaqmalçılığı marşrutları üzərində yerləşir. "Biz bu bəlanın qarşısını almaq üçün çox ciddi tədbirlər görürük", - deyə rəsmilər vurğulayıblar.
Dana əti 'ceyran belində'
Son günlər Azərbaycanda yenidən dana ətinin bahalaşdığı bildirilir.
Bakı sakinlərinin sözlərinə görə, hazırda paytaxtın bir sıra pərakəndə satış məntəqələrində sümüklü dana əti 18 manat 50 qəpiyə, sümüksüz ət isə 23 manata təklif olunur.
Satıcılar baş verənləri tədarükçülərin qiymət artımı ilə izah edirlər.
Ötən ilin eyni dövründə Azərbaycanda dana ətinin kiloqramı 16, iki il əvvəl isə 13-14 manata satılırdı. Bu ilin əvvəlində də ölkədə dana ətinin 1 manat civarında bahalaşdığı açıqlanmışdı.
Hökumət rəsmiləri hələlik ətlə bağlı son qiymət artımını şərh etməyiblər. Müstəqil iqtisadçılar isə bunu əsasən ölkədə ətə olan tələbatın ödənilməməsi və ümumilikdə inflyasiya prosesi ilə izah edirlər.
Dövlət Statistika Komitəsinin son məlumatında bildirilirdi ki, bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3.8 faiz artıb. Bu ilin 7 ayında ət istehsalının 248.2 min ton olduğu vurğulanıb. Lakin müstəqil iqtisadçılar bu artımı yetərli saymırlar. Üstəlik, onlardan bəziləri istehsalda artımın şişirdilməsindən şübhələnirlər.
Dövlət Gömrük Komitəsinin məlumatında isə bu ilin 7 ayında ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə ət idxalının artdığı bildirilir.
Müstəqil iqtisadçılar bahalaşmanın səbəblərini şərh edərkən son illər ölkədə həm mal-qaranın sayının azalmasını, həm də yem məhsullarının bahalaşmasını əsas gətirirlər. Onlar vurğulayırlar ki, son illər pambıq əkininin genişləndirilməsi səbəbindən ölkədə örüş yerlərində azalma var.
Azərbaycanda internat məktəbləri azalıb
Azərbaycanda son illər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayında azalma var.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" adlı son statistik məcmuəsində öz əksini tapıb.
Məcmuədə bildirilir ki, 2005/2006 tədris ilində 21 olan belə müəssisələrin sayı 2025/2026-cı illərdə 16-ya enib. Həmin illər ərzində orada təhsil alan şagirdlərin sayı da 6 min 402-dən 4 min 312-ə düşüb.
Amma sağlamlıq imkanı məhdud uşaqların ümumi dəqiq statistikası açıqlanmayıb. Ona görə onların nə qədərinin təhsildən kənarda qaldığını müəyyən etmək çətindir.
Bununla belə, bu tip məktəblərin tərkibinə nəzər yetirəndə bəlli olur ki, bağlananlar əsasən internat məktəbləridir.
Son illər Azərbaycanda həm doğuşda, həm də ümumtəhsil müəssisələrin sayında azalma var.
Goranboyda sursat anbarında yanğın olub, insanlar təxliyə edilib
Sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunda yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Bununla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.
Məlumatda deyilir ki, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür. Habelə bildirilir ki, vəziyyət nəzarətə alınıb.
Açıqlamaya görə, hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.
"Xəsarət alan olmayıb", - rəsmi məlumatda əlavə edilir.
Amma hadisənin miqyası və səbəbi açıqlanmır.
Xatırlatma
Azərbaycanda buna qədər bir neçə buna oxşar hadisə baş verib. Onlardan ən böyüyü 2017-ci il avqustun 27-də Xızı rayonunda yaşanıb. Onda sursat anbarında baş verənlər nəticəsində mərmi və qəlpələr ətraf yaşayış məntəqələrinə səpələnmişdi, sakinlər təxliyə edilmişdilər. Həmin hadisədə də ölən olmadığı, amma altı nəfərin qəlpə yarası aldığı bildirilirdi.
Sonradan yerli sakinlər dedilər ki, onların evlərinə dəyən ziyanın əvvəlcə ödəniləcəyi söylənsə də, bu, yerinə yetirilməyib. Lakin Xızı rayon İcra Hakimiyyətindən bildirdilər ki, partlayış nəticəsində zərər çəkmiş əmlaklar hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən siyahıya alınıb və gərəkən tədbirlər görülür.