Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:10

Taksidə siqaret çəkənləri polis cərimələyəcək


Prezident İlham Əliyev bu gün, aprelin 15-də “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə 2017-ci il fevralın 23-də imzaladığı fərmana dəyişiklik edib.

Söhbət “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə sənədə dəyişiklikdən gedir.

Fərman taksidə siqaret çəkənləri hansı dövlət qurumunun cərimələyəcəyini müəyyən edir.

Sənədə əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir

Dəyişiklik ötən il qəbul edilib və orada...

Ölkə parlamenti hələ ötən il siqaretlə bağlı qadağaların dairəsini bir az da genişləndirmişdi.

Milli Məclis 2018-ci il oktyabrın 1-də İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər etmişdi. Deputatlar həmin məcəllənin 212 və 322-ci maddələrinə dəyişiklik layihəsini müzakirəyə çıxarıb, onu bəyanmişdilər.

Onda dəyişikliklərdən biri də taksilərdə siqaret çəkilməsi ilə bağlı idi.

Məcəllənin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması” adlanan 322-ci maddəsinə bununla bağlı dəyişiklik olunmuşdu.

Dəyişikliyə görə, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində, taksilərdə siqaret çəkənlər 40-50 manat cərimə olunmalıdırlar.

Xatırlatma

Azərbaycanda siqaretlə bağlı qanunvericilik 2017-ci ildə də sərtləşdirilib.

Parlament həmin ilin dekabrında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edib.

Həmin qanun səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonlarında siqaret çəkilməsinə izin vermir.

Habelə, bura idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olunmaqla hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobus dayanacaq məntəqələrində də siqaret çəkilməsinə icazə verilmir.

Qanun iş yerlərində siqaret çəkilməsinə yerin ayrılmasını işəgötürənin ixtiyarına buraxır. Yasaqları pozanlar mülki, inzibati qaydada məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsi ictimai yerlərdə siqaret çəkilməsinə görə, cəza olaraq cərimə nəzərdə tutur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG