Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

'Gəlmişdim maşın götürməyə, gördüm…'


Aksiya. 27 mart 2018
Aksiya. 27 mart 2018

Uyğun şərtlərlə taksi xidmətindən ötrü icarəyə avtomobili götürmək istəyən bir qrup Bakı sakini aldadıldıqlarını bildirir. Onlar bu gün, martın 27-də icarəyə avtomobil vəd etdiyi bildirilən şirkətin Yasamaldakı ofisinin qarşısına toplaşıblar.

««Taksi parkı #6661» adlı şirkətə ilkin olaraq 450 manat ödədiyini bildirən Bakı sakini Sərxan Bədəlov bu qurumu internetdən götürdüyü elan vasitəsilə tanıdığını bildirir: «İnternetdə baxdım ki, lizinq yolu ilə avtomobil icarəyə verirlər. Əlaqə vasitələri vardı, telefonla danışdım, ofisə dəvət etdilər. Getdim, danışdıq, şəxsiyyət və sürücülük vəsiqəsi tələb olunurdu, təqdim etdim. Razılaşdıq, müqavilə bağladıq. Müqavilənin bir surətini də mənə verdilər. Bildirdilər ki, 5 gün ərzində ünvanım yoxlanacaq, maşın almaq üçün tələblərinə cavab verərəmsə, həftənin birinci günü, yəni dünən, martın 26-da gəlib maşını götürəcəkdim».

S.Bədəlov bildirir ki, martın 26-da müraciət etsə də, şirkətdən qaneedici cavab ala bilməyib. Deməsinə görə, şirkət rəhbəri kimi tanıdığı şəxs ona bildirib ki, martın 27-də ofisə gəlsin: «Dünən, martın 26-da dedi ki, sabah gəl ofisə, götür maşını. İndi gəlib görürəm ki, millət toplaşıb, hamını aldadıblar. Şirkət rəhbərliyi yoxdur. İki nəfər oğlan var burda, onlar da deyirlər ki, sıravi işçilərdir...»

Aldadıldıqlarını deyən şəxslər polis bölməsinin qarşısına toplaşıb
Aldadıldıqlarını deyən şəxslər polis bölməsinin qarşısına toplaşıb

S.Bədəlovun sözlərinə görə, bu proses fevralın 2-dən başlayıb, həmin şirkət arzu edənlərə «Saipa» markalı avtomobillər təklif edib.

Aldadıldığını deyən başqa bir Bakı sakini Beytulla Əliyev isə «Taksi parkı #6661» şirkətinə «Logan» markalı avtomobil icarəsindən ötrü əvvəlcədən 900 manat ödədiyini bildirir: «Dünən, martın 26-da zəng vurmuşdum, dedilər, sabah gəl, maşını götür. Gəlmişəm, görürəm qırğındır, hamını aldadıblar».

Ofisin qarşısına toplaşanlar taksi xidməti məqsədilə avtomobildən ötrü pul ödəyənlərin sayının 200-dən artıq olduğunu bildiriblər.

«Aldadılanların yarısı maşın bazarındadır»

Onlardan Azad Əliyev deyib ki, aldadılanların yarısı şirkətin qarşısında, yarısı da maşın bazarındadır: «Bəzilərinə deyiblər ki, gəlib maşını bazardan götürərsiz. Şirkətdəki dəftərdə 184 nəfərin adı var. Ancaq bura toplaşanların xeylisinin adı heç o dəftərdə yoxdur. Bəzi adamlardan 300, bəzilərindən isə 900 manatdan artıq alınıb. Məndən martın 12-də 900 manat, bir də 50 dollar alıblar. Sənədlərim də əlimdədir. 5 iş günü ərzində maşını verməli idilər, ancaq 1 ay ötdü, axırı da belə...».

Şirkət rəhbərini tapmaq olmur

Şirkətin rəhbərliyindən heç kimi tapmaq mümkün olmayıb. Özünü «Taksi parkı #6661» şirkətinin sıravi işçisi kimi təqdim edən Elşən Abbasov isə baş verənlərlə bağlı detallı danışmayıb. O, AzadlıqRadiosunun əməkdaşına deyib ki, onlar yalnız rəhbərliyin iş tapşırıqlarını icra ediblər.

«Rəhbərlik bizə avtomobillərin icarə qaydasında satışı ilə bağlı şərtləri bildirib. Biz də həmin şərtlərə uyğun işləmişik», - o, qeyd edib.

«Taksi parkı #6661» şirkətinə post-patrul polisi gəlib. Şirkətin ofisindəki iki nəfər Elşən Abbasov və Aqşin adlı sıravi işçi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Aldadıldıqlarını deyən şəxslərin bir hissəsi də hazırda həmin polis bölməsinin qarşısına toplaşıb.

Polis bölməsindən hər hansı detallı izahat verilməyib. Ancaq bildirilib ki, narazıların hamısının ifadəsi alınacaq, gərəkli araşdırmalar aparılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG