Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:51

Tacikistanda 'Viber' və 'WhatsApp'la dağılan ailələr...


Telefon
Telefon

Tacikistanın Yavan şəhərində yaşayan 30 yaşlı Zebunniso Safarova əri ilə boşanıb. Səbəb kimi həyat yoldaşının saatlarla mobil telefonda, «Viber» və «WhatsApp»da tanımadığı qadınlarla ünsiyyət saxlamasını göstərib.

Qadın AzadlıqRadiosunun tacik xidmətinə (Radio Ozodi) müsahibəsində bildirib ki, onların nikahı cəmi 1 il 8 ay davam edib.

«Bir gün səhər tezdən mən həyəti süpürürdüm. Birdən tanımadığım bir qadın gəlib soruşdu ki, ərim evdədirmi. Cavab verdim ki, yoxdur. Qadın heç nə demədi. Sadəcə adının Sanavbar olduğunu deyib xahiş etdi ki, ərimə onun gəldiyini çatdırım. «O bilir mən kiməm», - yad qadın dedi. Axşam mən ərimə qadının bu sözlərini çatdıranda, onun rəngi qaçdı, ancaq heç nə demədi. Bundan sonra ona necə etibar etmək olardı?», - Zebunniso deyir.

Ancaq bəzən tərsinə də olur. Ərlər arvadlarını xəyanətdə ittiham edirlər.

Verilən məlumatlara görə, Rudaki rayonunun 26 yaşlı sakini hiss edib ki, arvadı gecə saat 12-də gizli kiminləsə pıçıldaşır. O, arvadını xəyanətdə ittiham edib. Son nəticədə cütlük nikahlarının ləğv olunması haqda müraciət edib.

«MƏN ONA SİLLƏ VURDUM...»

«Mən bir neçə dəfə arvadımın gecəyarısı kiminləsə telefonla danışdığının şahidi olmuşam. Mən ona dedim ki, artıq ona inanmamağa başlamışam. Bir gün gecə ucadan telefon zəngi eşidildi. Ondan soruşdum ki, belə gec saatda zəng vuran kimdir. O heç nə demədi. Mən ona sillə vurdum. O isə yataqdan sıçrayıb daha mənimlə yaşamaq istəmədiyini dedi», - deyə həmin vətəndaş bildirib.

İyul ayında paytaxt Düşənbənin İsmoili Somoni rayonunun Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ. Rus dilində ZAQS) şöbəsində cəmi 5 evlilik qeydə alınıb. Nikahın ləğvi barədə müraciətlərin sayı isə 20-dən artıq olub.

Həmin VVAQ şöbəsinin əməkdaşı Sayfullo Kurbonov deyir ki, insanların boşanmaq istəməsinin səbəbləri arasında çox zaman xəyanət göstərilir.

Onun sözlərinə görə, bir çox gənc cütlüklər heç iki il nikahda yaşamadan boşanmaya qərar verirlər.

MƏMUR: «BELƏ AİLƏLƏRİN SAYI GÜNDƏN-GÜNƏ ARTIR»

«Bax, elə bu gün iki gənc cütlüyün ərizəsinə baxmışıq. İki il bir yerdə yaşayıblar, indi də xəyanətə görə boşanmaq istəyirlər. Biz onlara düşünmək üçün vaxt verdik, ancaq belə ailələrin sayı gündən-günə artır. Bu, cəmiyyətdə ciddi problemdir. Ailələrdə mübahisələrin çoxu ondan başlayır ki, insanlar öz həyat yoldaşlarını pərəstişkarları ilə telefonla danışdıqları zaman yaxalayırlar», - Kurbonov deyir.

Düşənbə küçələrində aparılmış sorğuya görə də, mobil telefon bəzən ailə mübahisələrinə səbəb olur. Gənclərdən biri deyib ki, həyat yoldaşına smartfondan istifadəni qadağan etməli olub:

«Bu telefonlar boşanmaya qədər gətirib çıxarır. Artıq iki ildir ki, arvadımın telefonu yoxdur və biz sakit yaşayırıq».

Başqa bir gənc hesab edir ki, cütlüklər bir-birinə qısqanmağa əsas verməməlidirlər. Çünki indiki dövrdə telefonsuz yaşamaq mümkün deyil.

Shermuhammad Sohiyon
Shermuhammad Sohiyon

2017-ci ilin birinci yarısında Tacikistan məhkəmələrinə boşanma ilə bağlı 5 min 91 müraciət daxil olub. Onlardan 4 min 91-i barəsində qərar çıxarılıb.

ALİ MƏHKƏMƏNİN SƏDRİ: «BU, TƏHLÜKƏLİ ƏLAMƏTDİR»

Ötən həftə Tacikistan Ali Məhkəməsinin sədri Shermuhammad Shohiyon da bu tendensiya ilə bağlı narahatlığını ifadə edib. O deyib ki, əlaqədar qurumlar gənc ailələrin qorunub saxlanmasından ötrü əllərindən gələni etməlidirlər.

«Ailə ilində ailələrin qorunması proqramı qəbul olunsa da, bu istiqamətdə böyük iş görülsə də, bütün bunlar arzuolunan nəticəni vermədi. Cəmiyyətimizdə boşanma tendensiyası artmaqda davam edir. Birinci yarım il ərzində 4 mindən çox ailəyə son qoyulub. Bu, təhlükəli əlamətdir», - deyə o bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG