Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Tacikistanın rəsmi koronavirus statistikası reallığı əks etdirmir


Düşənbədəki İbn Sina xəstəxanası
Düşənbədəki İbn Sina xəstəxanası

AzadlıqRadiosunun apardığı təhqiqat nəticəsində belə görünür ki, Tacikistanın COVID-19 ölümlərinə dair rəsmi statistikası reallığı əks etdirmir və əslində bu göstərici əhəmiyyətli dərəcədə azaldılıb.

Azad söz və informasiya üzərində sərt nəzarəti olan Tacikistan hökumətinin rəsmi statistikasına görə iyunun 26-dək ölkədə COVID-19-dan 52 nəfər vəfat edib. Rəsmi statistikaya görə yoluxanların sayı 5691 nəfərdir.

Lakin internetdə yerli fəallar tərəfindən müntəzəm yenilənən statistikaya görə ölənlərin sayı 437 olmalıdır.

İnternetdəki statistikada habelə vəfat edənlərin adı, yaşı, yaşadığı son ünvan və ölüm tarixi kimi məlumatlar da var.

Burada informasiyanın mənbəyi də göstərilir: məlumatlar mərhumun ailəsindən, qonşularından, xəstəxanalardan və mediadan alınıb.

Üstəlik statistikada hər bir ölüm faktının yoxlanıb-yoxlanmadığı da göstərilib.

Cənazələri yaxınlarına vermirlər

AzadlıqRadiosunun öz araşdırması isə göstərib ki, internet statistikasında qeyd edilmiş 152 nəfər həqiqətən də koronavirusa yoluxmadan ölüb.

Bu məlumatlar qohumlar, yerli icra hakimiyyətləri və ya səhiyyə rəsmiləri tərəfindən təsdiq edilib.

Bəzi mərhumların ailə üzvləri AzadlıqRadiosuna bildiriblər ki, onların əzizləri aşkar COVID-19 simptomlarından əzab çəksələr də, xəstəxana rəhbərliyi onlara pnevmoniya diaqnozu qoyub.

Qohumlar bunu da bildirirlər ki, qohumlara COVID-19-un adı çəkilməyən sənədlər verilsə də, vəfat edənlərin cənazələri verilmir.

Onları adətən xüsusi tibb personalı dəfn edir.

Gecikən etiraf

Tacikistandakı azı iki xəstəxana anonimlik şərti ilə AzadlıqRadiosuna bildirib ki, ölkədə diaqnozun dəqiqləşdirilməsi üçün test ləvazimatının olmamasına görə ölənlərin də dəqiq ölüm səbəbini göstərmək mümkün deyil.

Xəstəxana rəsmiləri etiraf ediblər ki, belə bir şəraitdə onlar ölənlərə avtomatik pnevmoniya diaqnozu qoyurlar.

Tacikistanın Səhiyyə Nazirliyi AzadlıqRadiosunun iyunun 3-də göndərdiyi yazılı sorğuya hələ cavab verməyib.

Epidemiya başlanandan bəri Tacikistanın koronavirusla bağlı statistikası müxtəlif səviyyələrdə şübhə altına alınıb.

Hakimiyyət bütün aprel ayı ərzində ölkədə yoluxmaların olmasını ümumiyyətlə inkar edirdi.

Rəsmilər nəhayət ki, aprelin 30-da ölkədə 15 yoluxmanın olmasını bildirmişdilər.

Buna baxmayaraq yeni yoluxma hallarının qeydiyyatı yenə də əngəllənir, bu barədə yazan jurnalistlər isə təqib olunurdular.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG