Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

ABŞ Tacikistan üçün sərhəd zastavaları tikir


Tacikistan-Əfqanıstan sərhədi
Tacikistan-Əfqanıstan sərhədi

ABŞ-ın Düşənbədəki səfirliyi bildirib ki, tədbirdən məqsəd Tacikistanı mümkün təhlükələrdən qorumaqdır

Birləşmiş Ştatlar Tacikistanın Əfqanıstan və Özbəkistanla sərhədində tacik sərhədçilər üçün yeni zastava tikəcək.

ABŞ-ın Düşənbədəki səfirliyi bildirib ki, tədbirdən məqsəd Tacikistanı mümkün təhlükələrdən qorumaqdır.

Reuters yazır ki, Tacikistan sərhədinin cənub-qərbindəki Şəhritusda tikiləcək zastava bu ərazidə köhnə sərhəd məntəqəsini əvəz edəcək və sərhəd boyunca təhdidlərə daha çevik reaksiya verilməsinə imkan yaradacaq.

Tacikistan 100 minədək əfqan qaçqını qəbul edəcəyini bildirib. Bir sıra təxminlərə görə etnik taciklər Əfqanıstan əhalisinin 30 faizindən çoxunu təşkil edirlər.

Tacikistanda Rusiyanın hərbi bazası var və bu ölkə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) üzvüdür.

ABŞ Tacikistanın suverenliyini dəstəkləyir

Moskva Tacikistandakı hərbi bazasını möhkəmləndirib və artıq bir aya yaxındır ki, Əfqanıstanla sərhəddə hərbi təlimlər keçirir.

ABŞ qoşunları avqustun 31-də Əfqanıstandan tam təxliyə edilib və prezident Co Bayden ABŞ-ın tarixində ən uzun müharibənin başa çatdığını bəyan edib.

Bu da xəbər verilir ki, ABŞ-ın tikəcəyi sərhəd zastavasında hərbçilərdən başqa onların ailə üzvləri üçün də evlər olacaq.

ABŞ-ın Tacikistandakı səfiri Con Mark Pommerşeym deyib:

“Birləşmiş Ştatlar və Tacikistan arasında güclü təhlükəsizlik əməkdaşlığı var və bu sərhəd zastavası bizim Tacikistan və Mərkəzi Asiyanın təhlükəsizlik və suverenliyinə sadiqliyimizin daha bir nümunəsi olan layihədir”.

Rusiyanın qısqanclığı

ABŞ hökuməti 2002-ci ildən bəri Tacikistana təhlükəsizlik sektorunda 300 milyon dollarlıq yardım göstərib.

Amerikalılar bu müddət ərzində Tacikistanın 12 sərhəd zastavasında yenidənqurma işləri aparıblar və sərhədçilər üçün üç təlim mərkəzi yaradıblar.

Səfir bildirib ki, ABŞ BMT ilə birlikdə Ayvoj məntəqəsində daha bir sərhəd zastavasının qurulmasını planlaşdırır.

Bu hərbi hissə 2022-ci ilin əvvəllərində istifadəyə verilməlidir.

Rusiya ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinə qısqanclıqla yanaşır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə bildirib ki, Moskva Mərkəzi Asiyada ABŞ-ın heç bir qüvvəsini görmək istəməzdi.

Rusiya bildirir ki, Mərkəzi Asiyanın keçmiş sovet respublikaları onun təhklükəsizlik məkanına daxildir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG