Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:32

Tacikistan İranı ittiham edir


Safarali Kenjaev 1999-cu ildə öldürülüb
Safarali Kenjaev 1999-cu ildə öldürülüb

Avqustun 8-də Tacikistan İranı 1990-cı illərin vətəndaş müharibəsi zamanı törədilmiş yüksək profilli qətlləri dəstəkləməkdə suçlayıb. Tacikistan parlamentinin keçmiş sədri Safarali Kenjaev-in 1999-cu ildə öldürülməsi də bu qətllər sırasındadır.

Tacikistan dövlət televiziyası 45 dəqiqəlik sənədli film yayıb. Filmdə Daxili İşlər Nazirliyi iddia edir ki, Tehran Tacikistanda vətəndaş müharibəsinin alovlandırılmasında maraqlı olub, Tacik İslam Partiyasına maliyyə yardımı ayırıb və İran ərazisində yaraqlılara təlim keçilib.

NAZARZODA VASİTƏÇİ İMİŞ...

Nazirliyin iddiasına görə, İranın maliyyə dəstəyi və qətlləri gerçəkləşdirməkdən ötrü təlimatlarını İslam Dirçəliş Partiyası yaraqlılarına Khoji Halim Nazarzoda çatdırıb. O, müdafiə nazirinin keçmiş müavini, 1990-cı illərdə isə İslam Partiyası rəhbərlərindən biri olub. Nazarzoda 2015-ci ildə, paytaxt Düşənbə yaxınlığında, çevriliş cəhdinə qarşı əməliyyatda öldürülüb.

Khoji Halim Nazarzoda
Khoji Halim Nazarzoda

1997-2004-cü illərdə Tacikistanın bir sıra tanınmış simaları – professor Mohammad Aseemi, doktor Yusuf Isaki, yazar Saif Afardi, prezidentin siyasi müşaviri Karim Yuldashev, Tacikistanın keçmiş Böyük müftisi, eləcə də 20 rusiyalı zabit qətlə yetirilib.

Sənədli filmdə özünü İslam Partiyasının keçmiş döyüşçüsü kimi təqdim edən bir kişi danışır ki, 1995-ci ildə İrana gedib və Qum şəhərində 200 həmvətəniylə birlikdə sabotaj təlimi keçib. O, 1997-ci ildə Tacikistana qayıtdığını, siyasi və ictimai fiqurları öldürməyə aydın təlimat aldığını söyləyib.

AÇIQ İTTİHAM İLK DƏFƏ SƏSLƏNDİRİLİR

Tacikistanda vətəndaş müharibəsinin 1997-ci ildə bitməsiylə sonuclanan danışıqlar prosesinə İran və Rusiya vasitəçilik edib.

Bu sənədli film Tacikistanla İran arasındakı gərginliyin artdığı bir vaxtda yayımlanıb. Düşənbə Tehranı Tacik İslam Partiyasını dəstəkləməkdə suçlayır. Ali Məhkəmə bu partiyanı terrorçu qrup elan edib.

İkitərəfli münasibətlər əvvəllər də yaxşı olmayıb. Belə ki, Düşənbə Tehran diplomatlarının bu ölkədə əlavə işlərlə məşğul olmasından şübhələnir.

Ancaq bu sənədli filmdə Düşənbə ilk dəfə olaraq İranı 20 il qabaqkı siyasi qətlləri maliyyələşdirməkdə və onları yönləndirməkdə açıq şəkildə ittiham edib.

XS
SM
MD
LG