Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Tacik rəsmiləri: Seks səhnələri milli mentalitetə ziddir


Xarici filmlər seks səhnələri olmadan göstəriləcək.
Xarici filmlər seks səhnələri olmadan göstəriləcək.

Bundan sonra Tacikistanda xarici filmlər seks səhnələri olmadan göstəriləcək.

Tacikistanın kino sahəsinə nəzarət edən dövlət qurumu və baş kinostudiyası «Tocikfilm» martın 13-də bildirib ki, tezliklə xüsusi yaradılmış komissiya xarici filmlərin məzmununu nəzərdən keçirərək, onları tacik auditoriyasına göstərməzdən öncə seks və çılpaq bədən göstərilən səhnələri kəsib götürəcək.

Qurumun adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, seks səhnələrinin kəsilib götürülməsi haqda qərar agentliyin yeni qaydalarının tələbidir.

***Buna da bax-'Prezidentə görə' işdən qovulan rəqs müəllimi yerinə qaytarılıb

Həmin əməkdaşın sözlərinə görə, filmlərə tacik telekanallarında və kinoteatrlarda nümayiş etdirilmək üçün zəruri lisenziya təqdim olunmazdan öncə bütün çılpaq, erotik və açıq-saçıq səhnələr, habelə komissiyanın uyğun saymadığı bütün kontent kəsilərək götürüləcək.

«Mentatalilet və mədəniyyətimizə uyğun deyil»

Əməkdaş AzadlıqRadiosunun tacik xidmətinə bildirib ki, belə səhnələr «mentalitetimizə və mədəniyyətimizə uyğun gəlmir». Onun sözlərinə görə, bu yeni qaydalar artıq hökumət tərəfindən təsdiqlənib və seks səhnələrinin tənzimlənməsini nəzərdə tutan qayda artıq qüvvəyə minib.

Tacikistan rəsmiləri keçmişdə də xarici filmlərdən sekslə bağlı səhnələri vaxtaşırı kəsib götürürdülər. Ancaq belə səhnələrin senzurasına dair hər hansı rəsmi qayda, yaxud xüsusi komissiya yox idi.

Əhalisinin əksər hissəsi sünni müsəlmanlardan ibarət olan keçmiş sovet respublikasında kinoteatrlar hələ də populyar olsa da, ölkə sakinlərinin çoxu xarici filmlərə peyk televiziyasında və internetdə baxmağa üstünlük verir. Hökumətin çıxardığı yeni qaydalarsa bu yayım vasitələrinə aid deyil.

***Buna da bax-Özbəkistanda məşhur türk serialını niyə qadağan etdilər

2016-cı ildə qonşu Qırğızıstanda da filmlərin geniş kütləyə göstərilməsinə icazə verməklə məşğul olan xüsusi komissiya yaradılıb. Hökumət pornoqrafik sayıla biləcək, zorlama və digər zorakılıq hərəkətlərini əks etdirən səhnələrin nümayişini yasaqlayıb. Terrorizmi təbliğ edən, yaxud hakimiyyəti güc yolu ilə devirməyə çağıran filmlər və səhnələr də qadağan edilib.

Bu yaxınlarda regionun daha bir dövləti, Özbəkistan da telekanallarda populyar türk teleserialı olan «Kara Sevda»nın nümayişini dayandırıb. Onun nümayişini tənqid edənlər filmdəki səhnələrin ölkənin dini, əxlaqi və ailə dəyərlərinə zidd olduğunu iddia edirdilər. Serialın əsas süjet xəttinin sevgi, məcburi evlilik, nikahdan kənar seks, zina və sui-qəsd üzərində qurulduğu bildirilir.

Özbəkistandakı digər qaydalar

Bundan bir ay öncə isə Özbəkistanda müğənnilərə bədənlərindəki döymə şəkil və yazıları, habelə bahalı avtomobilləri göstərmək və çarpayıda uzanmış halda klip çəkdirmək qadağan edilib. Ölkənin musiqi sənayesinə nəzarət edən «Uzbekkonsert»in saytında dərc edilmiş yeni qaydalara görə, kişi müğənnilərə «qadınsayağı geyinib bər-bəzək asmaq» da qadağandır.

«Uzbekkonsert» bildirib ki, musiqi videoklipləri xalqın mədəniyyətinə və ənənələrinə uyğun olmalı, dinləyici və tamaşaçılara yüksək dəyərlər, vətənpərvərlik aşılamalıdır. Bu qaydaları pozanlar onlara ifaçılıqla məşğul olmaq icazəsi verən lisenziyalarını itirə bilərlər.

***Buna da bax-Prezident məmurlara toya getməyi qadağan etdi: 'Hünəriniz var...'

13 maddədən ibarət yeni qaydalara bahalı maşın və malikanələrin nümayiş etdirilməsi, «ədəbsiz» rəqs hərəkətləri və «açıq-saçıq» geyimlərə qoyulan qadağalar da daxildir.

Özbəkistan Mədəniyyət Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi AzadlıqRadiosunun özbək xidmətinə yeni qaydaların özbək mədəniyyətinin təbliği və Qərb təsirinin önlənməsi üçün tətbiq olunduğunu bildirmişdi.

Bu qaydaların tətbiqindən öncə də özbək müğənnilər məhdudiyyətlərlə üzləşirdilər. 2016-cı ildə pop müğənnisi Aziza Niyazmetova-ya rəsmi xəbərdarlıq edilmişdi. Buna səbəb onun videoklipə qolsuz paltarda çəkilməsi olmuşdu.

XS
SM
MD
LG