Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 00:08

Tacikistanda 'cinçıxarma'ya tələb artır. Həftəyə 15 müştəri...


Cinçıxarma
Cinçıxarma

Tacikistan paytaxtı Düşənbə yaxınlığındakı bir kənddə populyar ruhani Sabohiddin Şodiyev əsas gəlirini "cinçıxarma"dan çıxarır, yəni bədəndən pis ruhları qovur.

Şodiyev onun əsl adı deyil. Ruhani deyir ki, hər həftə 15-dək müştərisi olur, ondan bədənlərdəki pis ruhları, "pis göz"ü qovub çıxarmasını istəyirlər.

53 yaşlı dindar "cinçıxarma"nı atasından öyrənib, 20 ildən çoxdur bu işlə məşğuldur. Onun müştəriləri, əsasən, Düşənbədən və yaxın rayonlardandır. Ancaq uzaq vilayətlərdən kömək istəməyə gələnlər də var.

Şodiyev deyir ki, o, dini ayinin icrasına görə haqq qoymur, "müştərilər özləri nə istəsələr, verirlər".

Ruhanilər tələbin artdığını deyirlər

AzadlıqRadiosuna danışan üç tacik ruhani bu müsəlman ölkəsində "cinçıxarma"ya tələbatın artdığını iddia ediblər.

AzadlıqRadiosunun müxbirləri Farangiz Nacibulla və Mulloracab Yusufzoda Tacikistanda bu ayinə üz tutanlarla bağlı rəsmi statistika olmadığını yazırlar. O da var ki, "cinçıxarma" sovet dövrü ateizminin təzyiqlərindən, hökumətin son tədbirlərindən salamat çıxıb.

Tacikistanda qanunvericilik bu proseduru yasaqlamır. Amma son illər "cinçıxarma" ilə məşğul olan bir neçə nəfər dələduzluq, cinsi qısnama, digər ittihamlarla həbs edilib.

Bəzi taciklər dünyəvi hökumətin bəzi səylərini bütün dini əməlləri nəzarətdə saxlamaq cəhdi kimi görürlər. Məsələn, məktəblərdə və ofislərdə hicab qadağan olunub, gənclərin uzun, sıx saqqal saxlamasına yaxşı baxılmır və s.

Xüsusi təlim lazımdır

"Cinçıxarma" islam, xristianlıq və dünyada bir sıra digər dinlərdə də var.

Müsəlmanlar arasında belə bir inanc var ki, insanın içinə şər ruhu, yaxud cin girə bilər və onu Qurandan müəyyən ayinləri oxumaqla çıxarmaq mümkündür.

Bir sıra tacik ruhanilərin AzadlıqRadiosuna dediyinə görə, çoxları bu prosedurun icrasından imtina edirlər, çünki buna xüsusi təlim lazımdır. Di gəl, "cinçıxarma"ya tələbatın artması fırıldaqçıların da peyda olmasına yol açıb. Bəziləri hətta bu prosedura okkultizm (elmin əhatə dairəsindən kənarda qalan fövqəltəbii inanc və əməllər toplusu) elementlərini əlavə edir ki, bu da Tacikistanda və islamda qadağandır.

Tacikistan Dini İşlər Komitəsi bildirir ki, müsəlmanlar Quranın müalicəvi xüsusiyyətinə inanırlar, müəyyən zehni problemlərin həlli üçün kömək istəyirlər. Ancaq qurum bəzi şəxslərin insanların dini inancından sui-istifadə etdiyini vurğulayır.

Cinsi qısnama ittihamları

Hüquq-mühafizə orqanları son illər bəzi videolar yayıb, "cinçıxaran"ların qadın müştəriləri cinsi əlaqəyə məruz qoyduğunu bildirib. İnsidentlərin şikayətlərdən sonra polisin yerləşdirdiyi gizli kameralarla lentə alındığı açıqlanıb.

2021-ci ildə şimali Suğd vilayətində polisin yaydığı videoda 50 yaşlı Alicon Qaniyev adlı "cinçıxaran"ın qadın müştəri ilə cinsi əlaqəyə girməklə nəticələnən ritualının əks olunduğu bildirilir.

Yerli media yazırdı ki, Qaniyev 21 yaşlı müştərisindən üç müalicə seansına 14 dollar alıb. Dövlət televiziyası Qaniyevin "cinçıxarma" alətləri sırasında bir neçə bıçağın, falabaxma kartlarının, müxtəlif otların, bir dəstə qurudulmuş ağac çubuğu olduğunu göstərib. Qaniyev polisə əməllərindən peşman olduğunu, "şeytanın təsiri ilə" nəzarətdən çıxdığını deyib.

Qaniyevin ifadəni könüllü, yaxud təzyiq altında verdiyi aydın deyil.

2019-cu ildə Hissar vilayətində "cinçıxarma" zamanı qadın müştərilərə cinsi qısnama edən Curaboy Soçayevə həbs cəzası kəsilib. O, müştərilərindən hər sessiyaya görə 270 dollar alırmış. Xücənd şəhərində isə başqa bir dindara qarşı oxşar ittiham üzrə araşdırma gedir.

Bu yaxınlarda isə Özbəkistan paytaxtı Daşkənddə bir qadın "cinçıxarma" zamanı aldığı zərbələrdən vəfat edib. Məhkəmə sənədlərində iki kişinin çəkic, zəncirlə qadının qabırğalarını qırdığı, daxili qanaxmaya səbəb olduğu bildirilir. Həmin şəxslərə 2 il yarım və 3 il həbs cəzası kəsilib.

Axşam prosedurları

Şodiyev isə deyir ki, özü heç vaxt "cinçıxarma" zamanı fiziki zərbə vurmayıb, yaxud bu barədə eşitməyib.

Artıq Tacikistanda Şodiyev və başqaları "cinçıxarma" ilə açıq məşğul olmurlar, hökumətin tədbirlərindən ehtiyatlanırlar. Beş-yeddi il qabaq müştərilər Şodiyevin evinə gəlirdilər, indi isə o özü axşamlar evlərə gedərək bu ritualı icra edir.

Vahdat rayonunun 34 yaşlı sakini Akmal Halimov düşünür ki, "cinçıxarma" ətrafındakı qalmaqallar onların bu rituala inamını azalda bilməyib. Halimov özü inanır ki, "cinçıxarma" onu Düşənbədə tələbəlik illərində düçar olmuş şər ruhdan xilas edib.

Amma Mastçoh rayonunda Zuhro Muxtorova "cinçıxarma"ya nikbin baxmır. 34 yaşlı qadında 10 il qabaq yaranan xəstəlik onun danışıq qabiliyyətini əngəlləyib. Tibbi müalicə nəticə verməyəndə qohumları ona "cinçıxaran" məsləhət görüblər. Özünün də bu rituala inanmağına baxmayaraq, faydasını görməyib. Muxtorova hələ də çətinliklə danışır, "cinçıxarma"dan da imtina edib.

XS
SM
MD
LG