Tacikistan hakimiyyəti Rusiyadakı tacik miqranların liderinin bu ölkəyə ekstradisiya olunduğunu ilk dəfə olaraq təsdiqləyib. Ötən ay Amriddin Alovatşoyevin yoxa çıxması qohumlarının, dostlarının narahatlığına səbəb olmuşdu.
Baş Prokuror Yusif Rahmon fevralın 2-də Düşənbədə deyib ki, Alovatşoyev Rusiyadan Tacikistan hakimiyyətinin xahişilə ekstradisiya olunub. Rahmon ona qarşı cinayət işinin olduğunu desə də detalları açıqlamayıb.
Xoruqda etirazlardan sonra...
Alovatşoyevin Tacikistanın ucqar Gorno-Badaxşan regionunda yaşayan ailəsi daha öncə deyirdi ki, ondan sonuncu dəfə yanvarın 11-də xəbər tutublar.
Ölkə mediasında gedən bəzi xəbərlərə görə, Alovatşoyev Rusiyada “oğurlanaraq” yanvarın 13-də Düşənbəyə təhvil verilib. Tacikistan hakimiyyəti isə bunu rədd edirdi.
Daxili İşlər Nazirliyindən AzadlıqRadiosu-na Alovatşoyevin adının axtarılan şəxslər reyestrində olmadığını demişdilər.
Onun yoxa çıxdığı vaxt prokurorlar həmin regionda dörd günlük etirazlarla bağlı yeni istintaq açıblar. Noyabrda keçirilən nümayişlərdə üç nəfər öldürülüb, azı 17 nəfər xəsarət alıb.
Vilayət paytaxtı Xoruqda etirazlar noyabrın 25-də başlanıb. Buna təhlükəsizlik qüvvələrinin bir yerli sakini adam oğurluğu ittihamıyla ölümcül yaralaması səbəb olmuşdu. Onlar ölüm üzrə istintaq başladılmasını tələb edirdilər.
“Xaricdən” qızışdırma ittihamı
Etirazçılar yerli hökumət binasını ələ keçirməyə çalışarkən yürüş zorakı xarakter alıb, təhlükəsizlik qüvvələri isə kütləyə atəş açmağa başlayıb.
Elə həmin gün Gorno-Badaxşandan bir qrup şəxs Moskvadakı Tacikistan səfirliyi qarşısında nümayişə çıxaraq Xoruqdakı etirazçıların səsləndirdiyi tələbləri dilə gətiriblər. Alovatşoyevin də həmin yürüşdə olduğu bildirilir.
Yanvarın 10-da Xoruqda yerli hökumətin iclasında bir rəsmi Alovatşoyevi Gorno- Badaxşanda gənclərin hökumətə qarşı əhval-ruhiyyəsini “xaricdən” qızışdırmaqda suçlayıb.
İnsan haqları fəalları 2015-ci ildən Rusiyada azı 15 tacik antihökumət fəalı və müxalifət tərəfdarının yoxa çıxdığını deyirlər. Sonradan onların bəziləri Tacikistanda peyda olub, saxlandıqları üzə çıxıb. Onlara dələduzluqdan tutmuş ekstremizmədək qaranlıq ittihamlar irəli sürülüb. Digərlərinin taleyi bəlli deyil.