Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 00:32

Tələbə qızların zəhərləndiyi bildirilir. Ölən var


Bakıda tələbə qızlar zəhərlənib, Ölən var
Gözlə

No media source currently available

0:00 0:07:50 0:00

Bakıda tələbə qızlar zəhərlənib, Ölən var

Zəhərlənən tələbələr hələ də reanimasiyadadırlar

Bakı Dövlət Universitetinin zəhərlənən iki tələbəsinin vəziyyəti sabitdir. Bunu bu gün, noyabrın 25-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, tələbələrin palata rejiminə keçirilməsi, hələlik, baş verməyib. Amma A.Maqsudov bunun səbəbini izah etməyib.

Şöbə müdiri əlavə edib ki, hər iki tələbənin xəstəxanadan buraxılması, hələlik, gözlənilmir: «Zəhərlənən tələbələr hələ ki, müalicələrini reanimasiya rejimi şəraitində davam etdirirlər. Müalicələri bir müddət davam edəcək».

Tələbə qızların müalicəsi davam edir

Bakı Dövlət Universitetinin (BDU) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən iki tələbəsinin vəziyyəti ağır sabit olaraq qalır. Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, hər iki tələbənin müalicəsi Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində davam etdirilir.

Tələbə qızların yaxınlarının şikayəti

Zəhərləndiyi bildirilən tələbə qızların yaxınları Təcili Tibbi Yardım həkimlərindən narazılıq edirlər.

Bu barədə AzadlıqRadiosuna bu gün, noyabrın 21-də Bakı Dövlət Universitetin 2 saylı yataqxanada vəfat edən tələbə Şəkər Xasmətovanın qohumları danışıb

Onların sözlərinə görə, həkimlər pasientlərə bir qədər laqeyd münasibət göstərib, bu da bədbəxt hadisəyə yol açıb.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən isə “Turan” agentliyinə bildiriblər ki, dünən, noyabrın 20-də axşam Şəkər Hasmətova, Həmidə İbadovaDilrüba Quliyeva təcili tibbi yardıma zənglə müraciət ediblər.

Nazirlikdən qeyd edildiyinə görə, xəstələr baş ağrısından şikayət ediblər, çağırışa gələn həkim onlarda yüksək qızdırma olmasını müəyyən edib.

"Həkimimiz onlara xəstəxanaya getmələrinin zəruri olduğunu bildirsə də, onlar hansısa səbəbə görə, bundan imtina ediblər. Nəticədə də belə olub", - deyə nazirliyindən bildirilib.

Prorektorun ehtimalı

İlkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, tələbə qızların zəhərlənməsi ev şəraitində hazırlanan və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadə üzündən baş verib.

«Turan» agentliyinin məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.

«Hadisə gecə saatlarında baş verib. 3 tələbə olub otaqda. Təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, iynə vurulub. Vəziyyətləri yaxşı olub və xəstəxanaya getməkdən imtina ediblər. Çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Digər iki tələbənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Kliniki Tibbi Mərkəzə köçürülüb… Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur. Hadisə özü isə birbaşa universitetin rəhbərliyinin tam nəzarətindədir».

Prorektor qeyd edib ki, yataqxana binasında qaz olmayıb. Qeyd edib ki, hazırda həkimlərin yekun rəyini gözləyirlər.

Yataqxana
Yataqxana

Cinayət işi başlanıb

Bakı Dövlət Universitetinin tələbə qızları ilə bağlı Bakı şəhər Prokurorluğu da açıqlama yayıb.

Orada qeyd edilir ki, polis, prokurorluq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəyə göndərilib: «Fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib».

+++

Bu gün, noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) bir neçə tələbəsinin zəhərləndiyi, onlardan birinin öldüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna universitetin başqa tələbələri məlumat verib.

Tələbələrin sözlərinə görə, olay universitetin 2 saylı yataqxanasında baş verib.

«Turan» agentliyinin xəbərinə görə isə, olayı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Qurumdan bildiriblər ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub: «Həkimlər ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir».

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin rəhbərliyindən münasibət almaq, hələlik, mümkün olmayıb.

XS
SM
MD
LG