Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:53

‘Bu, hər 3 ailədən ikisinə təsir göstərəcək qiymət artımıdır’


"Təbii qazın qiymətinin artırılması ölkə əhalisinin 65-70 faizinə təsir edəcək ".

Bunu İqtisadçı Natiq Cəfərli Tarif Şurasının SOCAR-ın müraciəti əsasında iyunun 30-da verdiyi qərara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qərarla qazın əhali üçün güzəştli limiti 2200 kub metrdən 1200 kub metrə endirilib:

"Bugünkü qərara qədər biz 2200 kub metr qaza görə 10 qəpik ödəyirdik. İndi isə 1200 kub metrə qədər 10 qəpik ödəniləcək, 1200-ü keçən kimi qiymət avtomatik iki dəfə artacaq və 20 qəpik təşkil edəcək".

O, deyir ki, 2020-ci ildə abonentlərin 21 faizi 2200 kub metr həddini keçmişdi :

"İndi bu hədd 1200-ə salınandan sonra, limiti keçən əhali sayının kifayət qədər böyük həcmdə olacağını söyləmək mümkündür. Bu, hər 3 ailədən ikisinə təsir göstərəcək qiymət artımıdır. Bu isə insanların kommunal xərclərinə daha çox pul ödəməyə və gəlirlərinin azalmasına gətirib çıxaracaq".

Çox böyük görünməsə də...

Cəfərli qeyd edib ki, kommersiya müəssisələri üçün də müəyyən artım nəzərdə tutulub. Onun fikrincə, bu da həmin sahələrdə mal və xidmətlərin qiymətlərin artımına səbəb olacaq :

"Bu, ilk baxışdan çox böyük hədd kimi görsənməsə də hər kubmetrə 5 qəpik əlavə ödəyən kiçik və orta sahibkar istər-istəməz satdığı mal və xidmətlərin üzərinə də bu qiyməti gələcək".

O əlavə edib ki, elektrik enerjisinin istehsalında istifadə olunan qazın da qiymətində 1 qəpik artım müşahidə olunur:

"Əvvəl bu qazın qiyməti 12 qəpik idi, indi isə 13 qəpiyə qaldırılıb. Bu, artım az görsənsə də elektrik enerjisinin maya dəyərinə təsir göstərməmiş deyil ".

Ölkədə hansı maaşa hansı iş tapmaq olar?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

"Elektrik enerjisinin qiymətləri 26 faizə qədər artırılıb"

"Tarif Şurasının 30 iyun tarixli qərarından sonra qeyri-əhali bəzi kateqoriyalar üçün elektrik enerjisinin qiymətləri 26 faizə qədər artırılıb".

Bunu isə Azadlıq Radiosuna iqtisadçı Nemət Əliyev deyib.

Onun sözlərinə görə, ilk baxışdan qiymətlərin aşağı salınması təsəvvürü yaransa da, bu belə deyil:

"İnsanlar eşidəndə ki, gündüz saatlarında qiymət 7,3 qəpik, gecə saatlarında isə 3,5 qəpik olacaq yanlış düşünürlər, guya qiymətlər aşağı düşüb. Amma əslində o deyil. Tarif Şurasının əvvəlki qərarlarında elektrik enerjisinin qeyri-əhali kateqoriya üçün satış qiymətləri onsuz da differensiallaşdırılmışdı, yəni gecə və gündüz saatlarına bölünmüşdür".

Sosial problemlər yarana bilər

O, qeyd edib ki, Tarif Şurasının əvvəlki qərarına görə, gündüz saatlarında elektrik enerjisi həmin kateqoriya istifadəçiləri üçün 5,8 qəpikdən satılırdı:

"İndi isə bu qiymət 7,3 qəpik oldu. Bu da o deməkdir ki, 26 faiz artım olub. Gecə saatlarında isə əvvəlki qərarla tarif 2,8 qəpik idi. İndi isə o tarif 3,5 qəpiyə qədər artırıldı. Bu da 25 faiz artım deməkdir".

Nemət Əliyevin sözlərinə görə, indiki vaxtda həm qazın, həm də elektrik enerjisi qiymətlərinin bu dərəcədə artırılması çox ciddi sosial problemlər yaradacaq :

"Ona görə ki, Tarif Şurası qərarı qəbul edərkən əhalinin sosial vəziyyətini düşünməli idi. Təəssüf ki, nə Tarif Şurası, nə də onu yönləndirən hökümət onu etməyiblər. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə bu ilin yanvar-may dövründə ölkədə orta əməkhaqqı göstəricisi təxminən 3 faiz azalıb. Belə olan halda qazın və elektrik enerjisinin tariflərinin qaldırılması əhalinin əlavə xərclərini artıracaq".

O qeyd edib ki, mağazalarda yüksək qiymətlərin fonunda həmin əlavə xərclərin artırılması əhalinin sosial vəziyyətini daha da ağırlaşdıracaq.

Şərhlər

XS
SM
MD
LG