Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 05:56

TƏBİB: ‘Agciyər İnstitutunda ölüm hadisələrinin koronavirusa aidiyyatı yoxdur’


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki ölüm faktı qeydə alınıb. Bu barədə Turana Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

Onlardan birinin - İnstitutda müalicə alan 1983-cü il təvəllüdlü Quba sakininin fevralın 2-də vəfat etdiyi bildirilir. Onun yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olduğu, ağciyər–ürək çatışmazlığından öldüyü deyilir.

Rəvanə Əliyevanın sözlərinə görə, fevralın 3-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb:

"Yanvarın 30-da xəstəxanaya ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində gətirilmiş 1977-ci il təvəllüdlü Şəki rayon sakini vəfat edib".

Rəsmi məlumata görə, 2019-cu ilin sonlarından bu günə qədər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeddinci ölüm hadisəsi qeydə alınıb.

Əliyevanın sözlərinə görə, son bir ay ərzində Elmi-Tədqiqat İnstitutunda baş vermiş ölüm hadisələrinin Çində və digər bir neçə ölkədə yayılmış koronavirusla heç bir əlaqəsi yoxdur.

"Sadəcə xəstələr çox ağır vəziyyətdə daxil olur. Onları əvvəl ev şəraitində müalicə edirlər, vəziyyət isə lap pisləşəndə xəstəxanaya yerləşdirirlər. Bu səbəbdən həmin pasientlər xəstəxanada vəfat edir. Ümumiyyətlə, ölkə ərazisində koronavirus qeyd olunmayıb", Rəvanə Əliyeva söyləyib.

Bu ilin yanvarından Çində koronavirus (CoV) yayılmağa başlayıb. Dünya mediasının məlumatlarına görə, artıq Çində bu virusa yoluxanların sayı 17 mindən çoxdur. 360 nəfərdən çox insanın həyatını itirdiyi bildirilir.

Azərbaycanda da bir neçə nəfər koronavirus ehtimalı ilə xüsusi ayrılmış xəstəxanalara yerləşdirilib. Səhiyyə Nazirliyi hələlik Azərbaycanda bu virusa yoluxma faktının qeydə alınmadığını bildirir.

XS
SM
MD
LG