Keçid linkləri

2025, 17 Yanvar, Cümə, Bakı vaxtı 10:06

Türkmənistandan qaçış


Prezident Qurbanqulu Berdiməhəmmədov
Prezident Qurbanqulu Berdiməhəmmədov

Ölkədə əhalinin statistikası əlverişsiz şəkil alanda Türkmənistan prezidenti tədbir görüb: yeni siyahıyaalmanın keçirilməsi göstərişi verib.

Ancaq vəziyyətdən xəbərdar çoxsaylı mənbələrin anonimlik şərtilə AzadlıqRadiosuna (RFE/RL) verdiyi məlumata görə, yeni siyahıyaalma ölkənin demoqrafik böhran içində olmasını maskalaya bilməyib.

Aşqabaddakı mənbələrdən biri deyib ki, yeni rəqəmlər əhalinin sayının kəskin azaldığını, 10 ildə 2 milyona yaxın adamın ölkəni tərk etdiyini üzə çıxarıb.

2008 – 2018-ci illər arasındakı dövrü əhatələdiyi deyilən sorğu rəsmən dərc edilməyib. Ancaq əgər rəqəmlər dəqiqdirsə, onlar ölkədə iqtisadi imkanların az, maliyyə çətinliklərinin çox, fərdi azadlıqların son dərəcə məhdud olmasının birbaşa nəticələrini əks etdirir.

5.4 milyon, yoxsa daha az?

Ümumi hesablamalara görə, 2018-ci ildə Türkmənistan əhalisinin sayı 5.4 milyon olub. Amma yeni siyahıyaalmada göstərilən itkilər bu rəqəmi ciddi şəkildə, 1/3-ədək aşağı sala bilər.

«Dövlət Statistika Komitəsinin topladığı… məlumata görə, 2008 və 2018-ci illər arasında 1 milyon 879 min 413 adam ölkəni tərk edərək, ya daimi yaşayış, ya da daimi iş yeri üçün xaricə köçüb», – sözügedən mənbə radionun türkmən xidmətinə bildirib.

Mənbə əlavə edib ki, bu rəqəmlər hazırda xaricdə çalışan əmək miqrantlarını ehtiva etmir.

Mənbənin sözlərinə görə, 2012-ci ildə keçirilən ümummilli siyahıyaalmanın nəticələri prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən yaxşı qarşılanmayıb. Həmin nəticələr də ictimailəşdirilməyibmiş.

Prezident rəsmilərə yeni siyahıyaalma keçirməyi və bu dəfə fərqli meyarlardan, məsələn, yaşayış və məktəb qeydiyyatından istifadə etməyi tapşırıb.

Aşqabad hava limanı
Aşqabad hava limanı

Ancaq 6 ildən sonra hazır olan yeni nəticələr də prezidenti qane etməyib.

«Son rəqəmlər prezidentə təqdim olunanda o, isterik hala düşüb. Bəlkə də heç bir şey onun hakimiyyətini bu qədər gözdən sala bilməzdi», – sözügedən mənbə deyir.

Şəffaflıq, informasiya azadlığı və müstəqil medianın olmadığı şəraitdə Türkmənistandakı vəziyyət haqda dəqiq məlumat almaq demək olar ki, qeyri-mümkündür.

40 yaşına çatmayanları ölkədən buraxmırlar

Ancaq son illərdə rəsmilərin vətəndaşların ölkəni tərk etməsini önləmək cəhdləri nəzərə çarpıb. 2017-ci ildə rəsmilərin onlarla Türkmənistan vətəndaşının adını xarici uçuşlardan çıxardığı bildirilir. Onlardan bəzilərinə biletlərə xərclədikləri vəsait geri qaytarılıb, ancaq bununla bağlı hər hansı rəsmi izahat verilməyib.

2018-ci ildə yaşı 40-a çatmamış türkmənlərin xaricə buraxılmaması ilə bağlı şikayətlərin geniş yayıldığı xəbərləri gəlirdi. O zaman istər şahidlər, istərsə də zərərçəkənlər AzadlıqRadiosuna miqrasiya rəsmilərinin insanları hava limanları və quru sərhəd-keçid məntəqələrinin pasport-nəzarət masalarında saxladığını bildirirdilər.

«Miqrasiya rəsmiləri dedilər ki, təlimat yaşı 40-dan aşağı heç kəsi buraxmağa icazə vermir. …Səbəbini soruşanda bizə deyirlər ki, regionda işləmək üçün heç kim qalmayıb. Deyirlər ki, «hamınız getsəniz kim qalıb işləyəcək?»», - Daşoğuz əyalətindən olan 36-yaşlı bir kişi demişdi.

Ancaq çətinliklərə baxmayaraq, bir çox türkmənlər xaricə getməyə cəhd göstərirlər. Onların ən çox getdikləri yerlərsə Rusiya, Qazaxıstan və Türkiyədir.

Aşqabaddakı Rusiya konsulluğu qarşısında uzun növbə
Aşqabaddakı Rusiya konsulluğu qarşısında uzun növbə

«Rəsmilər deyiblər ki, getməyin»

Radionun müxbirinin 2018-ci ilin dekabrında göndərdiyi şəkillərdə Türkmənistan vətəndaşlarının Aşqabaddakı Rusiya konsulluğu qarşısında uzun növbə yaratdığı görünür. Müxbir onların çoxunun daimi yaşayış üçün Rusiyaya köçmək istəyən etnik türkmənlər olduğunu deyir.

Müxbirin dediyinə görə, Türkmənistan rəsmiləri hətta konsulluğun yanındakı adamları da hədəfə alıb Rusiyaya köçmək fikrindən daşındırmağa çalışıblar.

«Konsulluq binasına iri bir avtobus yaxınlaşdı və 20 adama avtobusa minmək tapşırıldı. Onlar bir neçə saatdan sonra qayıtdılar. Rəsmilər onlara deyiblər ki, Türkmənistandan getməsinlər, tezliklə vəziyyət düzələcək», – deyə müxbir bildirib.

Ölkənin nəhəng təbii sərvətlərinə rəğmən, əksər sıravi vətəndaşlar geniş yayılmış işsizlik və ərzağın get-gedə bahalaşmasından əziyyət çəkir.

İnsanların dövlət ərzaq dükanlarının qarşısında çörək və digər mühüm ərzaqlar üçün uzun növbələr gözləməli olduğu haqda xəbərlər yayılır.

Ölkənin insan hüquqları baxımından reputasiyası da bərbaddır. Hökuməti tənqid edənlər çox zaman həbs edilir, yaxud da psixiatrik klinikalara yerləşdirilir. Müstəqil mətbuat, ümumiyyətlə, mövcud deyil. Ölkədə bircə dəfə də olsun Qərb müşahidəçilərinin azad və ədalətli saydığı seçki keçirilməyib.

XS
SM
MD
LG