Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Türkiyənin ən böyük kitabxanası açılıb


Prezident Kitabxanasının açılışı. 20 fevral 2020
Prezident Kitabxanasının açılışı. 20 fevral 2020

Fevralın 20-də Ankarada Türkiyənin ən böyük kitabxanasının açılış mərasimi keçirilib. Bu kitabxanada 4 milyon kağız kitab saxlanılır. Mərasimdə Türkiyə prezidenti Recep Tayyip Erdoğan da iştirak edib.

«Bu kitabxana ilə prezidentlik xalqa layiq olduğunu göstərə bilib», - Erdoğan açılış mərasimində deyib.

O deyib ki, kitabxanada 4 milyon kağız kitabdan başqa 120 milyondan çox elektron nəşr və 550 min elektron kitab var. Prezident deyib ki, məqsəd kitabxananı yalnız kitab kolleksiyaları üçün məkan kimi saxlamaq deyil, onu elm və mədəniyyət mərkəzinə çevirməkdir.

Türkiyənin gündəlik «Hürriyet» qəzeti yazır ki, Erdoğan yeni kitabxanaya kitab ianə edənləri alqışlayıb, onları daha çox ianə verməyə dəvət edib.

«Biz tarixə körpülər salır, regionlar arasında bağlar yaradırıq», – deyən Erdoğan İstanbulda da buna bənzər kitabxananın yaradılacağını bildirib.

Əngəlli şəxslər unudulmayıb

«Hürriyet» qəzeti daha sonra yazır ki, Millət Kitabxanası layihəsi Türkiyənin öndə olan ziyalıları, kitabxanaçıları, QHT-ləri və dəstəyə ehtiyacı olan insanları təmsil edən qurumlarının birgə və ahəngdar əməyi nəticəsində ərsəyə gəlib.

Prezident Kitabxanasının şöbə müdiri Ayhan Tuğlu qəzetə bildirib ki, kitabxananın görmə qüsurlu insanlar üçün nəzərdə tutulmuş texnologiya otağı «Türkcell» şirkəti tərəfindən hazırlanıb. Həm görmə, həm də eşitmə qüsurlu insanların yararlana biləcəyi digər texnologiya otağını isə «Türk Telecom» şirkəti hazırlayıb.

Tuğlu-nun sözlərinə görə, kitabxana ilk girişindən içərilərinədək əlilliyi olan insanlar üçün əlçatandır. Burada fiziki əlilliyi olan insanlar üçün arabalar da olacaq. «Anadolu» xəbər agentliyi bildirib ki, araba ilə hərəkət edən istifadəçilər kitabxanadan rahat yararlana biləcəklər.

Yeni kitabxananın sahəsi 125 min kvadratmetrdir. TRT milli yayım şirkətinin 1.2 milyon audio faylı olan audio arxivi istifadəçilərin xidmətində olacaq. 134 müxtəlif dildə çap olunmuş kitab, 120 milyon məqalə və hesabat açıq rəflərə yerləşdirilib. Rəflərin ümumi uzunluğunun 201 kilometrə çatdığı bildirilir.

Prezident kompleksinin içərisində yerləşən 5000 nəfərlik kitabxanada tələbələr, tədqiqatçılar və ədəbiyyat həvəskarları çap və onlayn formatında milyonlarla kitab, məqalə və hesabatdan yararlana biləcəklər.

Uşaq, gənclik kitabxanaları, Cihannüma

«Nasreddin Hoca» Uşaq Kitabxanası 5-10-yaşlı uşaqlara, Gənclik kitabxanası isə 10-15 yaşlı yeniyetmələrə xidmət edəcək. Bundan başqa, burada səs, görüntü, nadir kitablar və tədqiqata həsr olunmuş ayrıca minikitabxanalar da olacaq.

Kitabxanada «Cihannüma» (Dünya atlası) adlı xüsusi zal da var. Bu zalda tarixin erkən çağlarından bəri mövcud olmuş türk dövlətlərini təmsil edən 16 sütun ucaldılıb.

3500 kvadrat metr sahəsi olan bu zal özünün 200-minlik kitab kolleksiyası ilə ziyarətçilərin xidmətinə hazırdır. Zalın günbəzinə yazıb-oxumağın vacibliyi haqda Quran ayələri həkk edilib.

Xarici İşlər Nazirliyinin xətti ilə Türkiyənin diplomatik missiyalarının olduğu ölkələrdən kitablar gətirilib. Müxtəlif ölkələrin mədəniyyət və tarixi haqda olan bu kitablar «Cihannüma» zalının içindəki Dünya kitabxanasına yerləşdirilib.

Özbəkistan, Çili, Çin, Fransa və Belarus da daxil olmaqla, bir sıra ölkələrin səfir və təmsilçiləri prezident kompleksini şəxsən ziyarət edərək kitabxananın arxivinə kitablar ianə ediblər.

Fransa prezidenti Emmanuel Macron xüsusi nümayəndə göndərərək Türkiyə və Fransa milli kitabxanalarının ədəbiyyat sahəsində əməkdaşlıq edə biləcəyini bildirib.

Kitabxananın gələcəkdə istər uşaqlar, istərsə də böyüklər üçün ömürboyu təhsil mərkəzinə çevrilməsi nəzərdə tutulub. Burada insanlara süni zəka, kibertəhlükəsizlik, virtual reallıq və kodlaşdırma kursları təqdim ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG