Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Türkiyədə 304 hərbçinin həbsinə order verilib


İzmir həbsxanası
İzmir həbsxanası

Türkiyədə 2016-cı il dövlət çevrilişi cəhdi ilə əlaqədə şübhəli bilinən 304 hərbçinin həbsinə order verilib.

Türkiyə dövlət mediasının xəbərlərinə istinadən Euronews yazır ki, həbs reydlərinə dekabrın 8-də başlanıb.

Bu da xəbər verilir ki, yeni həbslər İzmir prokurorluğunun apardığı istintaqın nəticələrinə görə keçirilir.

Prokurorlar iddia edirlər ki, ölkənin ordu və hərbi hava donanmasında qulluq edən hərbçilərin Gülen hərəkatı liderləri ilə telefon rabitələri olub.

İndiyədək Türkiyənin 50 vilayətində 198 nəfər həbs olunub.

295-i hazırda xidmətdə olanlardır

Anadolu agentliyinin xəbərinə görə şübhəlilərdən 295-i hazırda silahlı qüvvələrdə həqiqi xidmət keçənlərdir. Onlardan 5-nin polkovnik rütbəsində olduğu xəbər verilir.

2016-cı ilin iyulunda baş tutmamış çevriliş cəhdi əsnasında 285 nəfər həlak olub.

Rəsmi Ankara həmin çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülen hərəkatının dayandığı iddia edir.

Gülen bir vaxtlar indiki prezident Recep Tayyip Erdoğanın yaxın müttəfiqi olub.

Türkiyə hökuməti bildirir ki, bu hərəkatın adamları ölkənin dövlət və ordu strukturlarına sirayət edərək ikinci dövlət yaratmağa çalışıblar.

Artıq 20 ilə yaxındır ki, ABŞ-da yaşayan Gülen bütün ittihamları rədd edir.

Misli görünməmiş həbslər

Baş tutmamış çevriliş cəhdindən indiyədək Türkiyə təhlükəsizlik və hüquq-mühafizə orqanları Gülen tərəfdarları olduqları iddia edilənlərin misli görünməmiş təqibini davam etdirir.

İndiyədək repressiyalarda 292 min nəfər saxlanıb. Onlardan 96 mini son dörd ildə məhkəməsini gözləyir.

Bundan başqa Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən 130 min nəfər işdən çıxarılıb. Onların əksəriyyəti müəllimlər və hərbçilərdir.

Noyabrın axırında keçirilmiş məhkəmədə zabitlər və təyyarəçilər də daxil 337 nəfər ömürlük həbs cəzasına məhkum edilib.

Gülen hərəkatı ilə bağlı dekabrın 8-də Ankarada keçirilən başqa bir əməliyyatda hərbi həkimlər də daxil 21 hərbçi həbs olunub.

Tənqidçilər bildirirlər ki, Erdoğan hökuməti ölkənin yayğın anti-terror qanunlarından müxalifətə divan tutulması üçün sui-istifadə edir.

Anadolu agentliyi bildirir ki, İzmir əməliyyatı həbslərin sayına və həbs edilənlərin rütbələrinə görə indiyədək keçirilmiş bu qəbildən əməliyyatların ən böyüyü olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG