Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Türkiyədə cihadçı ədəbiyyata yaşıl işıq


«Əl-Qaidə» rəhbəri Ayman al-Zawahiri
«Əl-Qaidə» rəhbəri Ayman al-Zawahiri

Türkiyəli jurnalist Hasan Cemal bu yaxınlarda «Peşmanlıq» adlı yeni kitabının nəşriyyat tərəfindən rədd edilməsindən gileylənib. Ona kitab çap olunarsa, prezident Recep Tayyip Erdoğan hökumətinə qarşı liberal fikirlərə görə həm müəllifin, həm də naşirin həbs edilə biləcəyi deyilib. Cemal-ın sözlərinə görə, Türkiyənin digər tanınmış yazıçıları, o cümlədən Oya Baydar, Nedim Gürsel, Aslı Erdoğan, Baskın Oran və Nurcan Baysal da eyni problemlə qarşılaşıb.

Ancaq Türkiyədə heç də bütün müəlliflər qorxu içində yaşamır. Məsələn, «əl-Qaidə» rəhbəri Ayman al-Zawahiri-nin «Al-Wala Wal-Bara» (Tək Allah xətrinə sevgi və nifrət) adlı kitabı «Beyaz Minare» nəşriyyatı tərəfindən sərbəst çap olunaraq yayılır.

Türkiyədə nəinki zorakı cihadı təbliğ edən, hətta terrorçu təşkilatlarla bağlı bir çox digər naşir və media qurumları fəaliyyətini davam etdirməkdədir. Məsələn, «İslam Dünyası» jurnalının işçi heyəti 2012-ci ildə «əl-Qaidə» ilə əlaqələrdə ittiham olunurdu.

Cihada səsləyən kitablar

Gündəlik «Bir Gün» qəzetinin istintaq materiallarına istinadən verdiyi xəbərə görə, jurnalın baş redaktoru Osman Akyıldız, Ankara nümayəndəsi Ömer Belül və digər «əl-Qaidə» tərəfdarları yeni terrorçular cəlb etmək və «əl-Qaidə»yə aid təlim düşərgələrinə yardım etmək üçün qanunsuz yolla Suriyaya gediblərmiş. Belül həm də Türkiyədə «əl-Qaidə»yə bağlı «Garip-Der»in (Guraba müsəlman assosiasiyası) nümayəndəsidir. Qurumun rəhbəri Abdurrahman Koç 2013-cü ildə Suriyada cihadçılarla birlikdə vuruşan zaman ölüb.

«Garip-Der» cihada çağıran nümayişləri ilə tanınır. Məsələn, 2012-ci ilin dekabrında qrup Ankaradakı ABŞ səfirliyinin qarşısına toplaşıb. Burada Belül terrorçu «Ən-Nusra» cihadçılarını dəstəkləyən çıxış edib. 2013-cü ildə isə qrup Ankaradakı Fransa səfirliyinin qarşısında nümayiş keçirərək bu ölkənin Malidə «əl-Qaidə»yə qarşı əməliyyatlarına etiraz edib. Qrup üzvlərinin əllərində «Fransaya ölüm» və «xilafət yaradılacaq» kimi şüarlar olub. «Garip-Der» həmin ay Suriyadakı cihadçılara dəstək üçün Rusiyaya da etiraz edib. Belül burada da çıxış edib və cihada etiraz edən qeyri-müsəlmanları və müsəlmanları hədələyib.

Fələstin cihadçıları
Fələstin cihadçıları

Akyıldız cihada səsləyən kitablar çap edən «Küresel Kitap» nəşriyyatının sahibidir. Kitabların bəziləri terrorçular tərəfindən yazılıb. «Kayıp Minare» (İtmiş minarə) adlı kitab «Dünya cihadının atası» kimi tanınan Abdullah Azzam tərəfindən yazılıb. Onun bir neçə cihadçı təşkilata, o cümlədən «əl-Qaidə»nin yaranmasına ciddi təsiri olub. 2013-cü ildə Türkiyədə məhkəmə Azzam-ın kitabının bazardan yığışdırılmalı olduğu haqda qərar çıxarsa da, o, hələ də sərbəst satışdadır.

Təsir altına düşənlər

«Küresel» nəşriyyatının çap edərək yaydığı kitablar arasında «əl-Qaidə»nin Liviya qanadının rəhbəri Abu Yahya al-Libi-nin «Cihad və şübhələrlə savaş» kitabı da var. Bu şəxs 2012-ci ildə Suriyanı «cihad bölgəsi» elan edib, Türkiyə və digər ölkələrdəki «əl-Qaidə» üzvlərinə Suriya hökumətinə qarşı vuruşmağı tapşırıb.

Bundan başqa, nəşriyyat birinci və ikinci Çeçenistan müharibələrində cihad rəhbəri olmuş, eyni zamanda Əfqanıstan, Bosniya və Tacikistanda da fəal olan, Səudiyyə Ərəbistanında doğulmuş iordaniyalı Ibn al-Khattab-ın «Xattabın xatirələri» adlı kitabını da sərbəst çap edərək yayır.

Ərəbistan yarımadasında «əl-Qaidə»yə yeni üzvlər cəlb etməklə məşğul olan, Amerikada doğulmuş Anvar al-Avlaki adlı islam din xadiminin «Allah islama zəfər hazırlayır» adlı kitabı da bu qəbildəndir.

Belə kitabların və müəlliflərin təsir gücü görməzdən gəlinməməlidir. Al-Avlaki 2011-ci ildə öldürülsə də, onun zorakılığa çağırışı hələ də dünyada yayılmaqdadır.

Al-Avlaki-nin təsiri altına düşmüş şəxslərdən biri də 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrei Karlov-u öldürən türk polis məmuru Mevlüt Altıntaş-dır. Məhkəmə sənədlərinə görə, qətldən bir gün əvvəl Altıntaş bir çamadan yazılı materialı (bunların arasında Quran və al-Avlaki-nin kitabı da olub) Ankarada başqa bir islamçıya verib ki, başqaları da bu kitablardan «yararlansın».

Bu yazı hazırda Vaşinqtonda fəaliyyət göstərən türkiyəli jurnalist Uzay Bulut-un məqaləsi əsasında hazırlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG