Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Türkiyə-Yunanıstan sərhədində miqrantlarla toqquşmalar davam edir


Martın 4-də Yunanıstan hakimiyyət orqanları Türkiyə tərəfdən sərhədi keçməyə can atan miqrantlara qarşı gözyaşardıcı qazlardan və səs qumbaralarından istifadə edib.

Bundan əvvəl Türkiyə özünün Avropa ilə sərhədlərinin açıq olduğunu bildirib və miqrantların Yunanıstan ərazisinə keçməsinə şərait yaradıb.

Türkiyə tərəfi bildirir ki, sərhədi keçməyə çalışan 1 miqrant öldürülüb və daha 5 nəfər yaralanıb.

Associated Press agentliyinin yazdığına görə miqrantlarla yunan sərhədçilər arasında toqquşmalar iki ölkə arasında Evros çayından keçən sərhəd xəttində baş verir.

Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas hər hansı miqrant ölümü barədə deyilənləri qətiyyətlə rədd edib.

Yunanıstan və Türkiyənin dəniz sərhədində də gərginlik var. Son bir neçə gündə yüzlərlə miqrant qayıqlarda Yunanıstanın yaxın adalarına üzməyə çalışıb.

Qayıqlardan birinin aşması nəticəsində bir uşağın öldüyü xəbər verilir.

Qayıqların sahilə çatmasına həm də martın 4-də dənizdə başlanan güclü küləklər mane olub.

Yunanıstan Lesbos adasında çıxmış 400-dək miqrantın yerləşdirilməsi üçün oraya gəmi göndərib.

Sərhəd yaxınlığında miqrantlar
Sərhəd yaxınlığında miqrantlar

Bu da xəbər verilir ki, adaların yerli sakinləri ilə miqrantlar arasında da gərginlik yaşanır.

Afina baş verənləri Yunanıstanın milli təhlükəsizliyinə “birbaşa hədə” adlandırıb.

Yunanıstan hökuməti sərhədi keçən miqrantların dərhal deportasiya edilməsi üçün təcili tədbirlər gördüyünü bildirir.

Miqrantların bir çoxu da təkrar Türkiyə ərazisinə sıxışdırıldıqlarını təsdiq ediblər.

AP xəbər verir ki, Yunanıstan sərhədinə mütəşəkkil yığılan miqrantların böyük əksəriyyəti suriyalılar yox, əfqanlardır.

Türkiyə miqrant axınına təşkilatçılıq edir?

Afina iddia edir ki, qaçqın və miqrantların Yunanıstan sərhədinə axını Türkiyə tərəfindən təşkil olunur.

Xəbər verilir ki, miqrantların sərhədə gətirilməsi üçün İstanbulda avtobuslar, mikroavtobuslar və taksilər hazırlanıb.

Axının Türkiyə hökuməti tərəfindən təşkil edildiyini Yunanıstan sərhədini keçə bilmiş miqrantlar da təsdiqləyiblər.

Bu arada Suriyadakı koordinasiya mərkəzinin rusiyalı başçısı Oleg Zhuravlyov deyib ki, Ankaranın guya İdlibdə humanitar fəlakət yaşandığına dair iddiaları yalandır.

Yunanıstan tərəfi bunu da bildirir ki, Türkiyə tərəfindən miqrantların sərhədi keçməsinə dəstək üçün Türkiyə polisi Yunanıstan sərhədçilərinə gözyaşardıcı qaz kanistrləri atır.

Türkiyə öz növbəsində yunan tərəfini miqrantlara qarşı qeyri-humanist davranışda günahlandırır.

Martın 4-də özünün hakim AKP partiyasından olan millət vəkilləri qarşısında çıxışı zamanı prezident Erdoğan Yunanıstanı və başqa Avropa ölkələrini insan haqlarına hörmət göstərməyə çağırıb.

Erdoğan habelə Avropa İttifaqı ölkələrini “ikiüzlü davranışda”, Yunanıstanın miqrantları Avropaya buraxmamasına kömək üçün ona pul, gəmilər və canlı qüvvə verməkdə günahlandırıb.

Antimühacir dördlük

Bu arada Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya Yunanıstana onun sərhədində yaranmış gərgin vəziyyətlə bağlı kömək vəd ediblər.

Bu ölkələrin liderlərinin görüşündən sonra Çexiyanın baş naziri Andrej Babis deyib ki, vəziyyət ciddidir və Aİ öz sərhədlərini mühafizə etməlidir.

Polşa baş naziri Mateusz Morawiecki deyib ki, onun ölkəsi Yunanıstan-Türkiyə sərhədinin mühafizəsini gücləndirmək üçün əsgəri qüvvə göndərməyə hazırdır.

Slovakiya hökumətinin başçısı deyib ki, sərhəd boyunca sayı artmaqda davam edən miqrantlar təkcə Yunanıstana yox, bütövlükdə Avropa İttifaqına təhlükədir.

Macarıstan baş naziri Viktor Orban iddia edib ki, hazırda 130 min miqrant hərəkətdədir və Avropa İttifaqı onları öz sərhədində dayandırmalıdır.

Bu dörd ölkə miqrantlara münasibətdə sərt mövqe nümayiş etdirir və heç bir qaçqın qəbul etməyəcəklərini deyirlər.

Yunanıstan sərhədin keçilməsinə 28 min cəhdin qarşısını alıb

Bu arada Avropa Şurasının rəhbəri Charles Michel martın 4-də Ankarada prezident Erdoğanla, Avropa İttifaqının vitse-prezidenti Josep Borrell və böhranlı vəziyyətlər üzrə komissar Janez Lenarcic Türkiyə vitse-prezidenti Fuat Oktayla görüşüblər.

Erdoğanla danışıqlardan sonra Borrel müxbirlərə deyib ki, o Ankaranı qaçqınları Avriopa İttifaqı sərhədini keçməyə həvəsləndirməməyə çağırıb.

Borrel deyib ki, Türkiyənin düşdüyü çətin vəziyyəti anlayır, amma Avropa İttifaqının sərhədlərində hazırda yaranmış situasiya problemin həlli deyil.

Yunanıstan hakimiyyət orqanları bildirir ki, fevralın 4-də Yunanıstan-Türkiyə sərhədində 15 min miqrant olub və onların sərhədi keçmək üçün 28 min cəhdinin qarşısı alınıb.

Sərhədi keçə bilən 220 nəfərin həbs olunduğu xəbər verilir.

Bir sıra Avropa İttifaqı ölkələri Ankaranı “süni yaradılmış miqrant böhranına” görə tənqid edirlər. Avstriya kansleri Sebastian Kurz martın 3-də deyib:

“Prezident Erdoğan bu adamlardan Avropa İttifaqına təzyiq üçün siyasi futbol topu, silah və alət kimiistifadə edir”.

XS
SM
MD
LG