Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:08

Türkiyə və ABŞ-ın şimali Suriya barədə razılaşdıqları deyilir


Türkiyənin Suriya ilə həmsərhəd Hatay bölgəsi
Türkiyənin Suriya ilə həmsərhəd Hatay bölgəsi

Türkiyə və Birləşmiş Ştatlar avqustun 7-də Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması üçün Türkiyədə yerləşəcək birgə əməliyyat və koordinasiya mərkəzi qurmaq barədə razılığa gəliblər.

Reuters agentliyi yazır ki, bu razılaşma Türkiyənin Suriyadakı kürdlərə qarşı hərbi hərəkət imkanlarını azalda bilər.

Xəbərdə deyilir ki, bu razılaşma Vaşinqton və Ankara arasında üç gün davam edən danışıqlardan sonra əldə olunub.

Təklif olunan təhlükəsizlik zonası Suriyanın Türkiyə ilə 400 kilometrlik şimal sərhədi boyunca təhlükəsizlik zolağının yaradılmasını nəzərdə tutur.

Bu ərazinin əksər hissəsinə Suriyadakı kürd Xalq Müdafiə Birlikləri – YPG nəzarət edir.

Amerika Birləşmiş Ştatları bu qüvvələri İslam Dövləti ekstremist təşkilatı ilə mübarizədə dəstəkləyir.

Ankara YPG qüvvələrini terrorçu hesab edir və bildirir ki, bu təşkilat əslində PKK qruplaşmasının bir qoludur.

Türkiyə son üç ildə YPG kürd qüvvələrini və İslam Dövləti ekstremist təşkilatı cihadçılarını geri oturtmaq məqsədilə Suriyanın şimalına iki dəfə hərbi müdaxilə edib.

Ötən bazar günü Türkiyə prezidenti Recep Tayyip Erdoğan demişdi ki, Fəratın şərqində YPG-nin nəzarətində olan əraziləri hədəfləyəcək hücuma hazırlıq gedir.

Avqustun 7-də Ankarada Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə birgə keçirdiyi mətbuat konfransında Erdoğan deyib ki, ABŞ-la danışıqlarda “həqiqətən də pozitiv” istiqamətdə irəliləyiş əldə olunub.

O deyib ki, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ABŞ-Türkiyə əməliyyat mərkəzinin qurulmasından sonra başlanacaq.

NATO müttəfiqləri olan iki ölkə bəyan edib ki, onlar Türkiyənin “təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün tədbirlərin görülməsi” barədə razılığa gəlib.

Türkiyənin müdafiə naziri Hulusi Akar
Türkiyənin müdafiə naziri Hulusi Akar

ABŞ və Türkiyə bunu da bəyan ediblər ki, təhlükəsizlik zonası eyni zamanda “sülh dəhlizi” olacaq və Türkiyədəki Suriya qaçqınlarının vətənlərinə dönüşü məqsədilə addımlar atılacaq.

Vaşinqton Suriyanın şimalında, Türkiyə ilə sərhəd boyunca 5 kilometrlik eni olan təhlükəsizlik zolağı yaratmaq istəyir. Bu, Türkiyənin istədiyindən qat-qat az məsafədir.

Türkiyə bunu da bildirir kiI, təhlükəsizlik zolağı tamamilə Ankaranın nəzarətində olmalıdır. ABŞ bu məsələyə fərqıli yanaşır.

Türkiyənin Müdafiə Nazirliyi amerikalılarla əldə olunmuş razılaşmanın detalları barədə indilik rəsmi məlumat yaymayacağını bildirib.

Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, Vaşinqtonla Ankara arasında fikir ixtilafları azalmaqdadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG