Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:59

Suriyada da Türkiyə və Rusiya arasında gərginlik artır


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan oktyabrın 28-də Suriyanın şimalında yeni hərbi əməliyyata başlaya biləcəyi ilə hədələyib.

Erdoğan deyib ki, o bu addımı Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrindən kürd silahlılarının çıxarılmayacağı təqdirdə atacaq.

Associated Press (AP) xəbər agentliyinin yazdığına görə, ölkə parlamentində hakim AKP fraksiyasının üzvləri qarşısında çıxış edən prezident deyib ki, bu həftənin əvvəllərində Rusiyanın İdlibdə Türkiyə tərəfindən dəstəklənən Suriya qiyamçılarına hava zərbəsi endirməsi Moskvanın regionda davamlı sülh istəməməsinin göstəricisidir:

“Əgər bütün terrorçular bizə vəd edildiyi kimi çıxarılmasalar, bir də təkrar edirəm ki, bizim istənilən vaxt müdaxilə üçün legitim səbəbimiz var”.

Erdoğanın bu bəyanatından bir neçə gün əvvəl Türkiyəyə Suriyadan keçdiyi deyilən kürd döyüşçü Hatay vilayətində polis tərəfindən təqib edilərkən özünü partlatmışdı. İkinci yaraqlı təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü.

Oktyabrın 26-da baş vermiş və onlarca qiyamçının ölümünə səbəb olmuş Rusiya hava zərbəsi barədə şərh verərkən Erdoğan deyib:

“Rusiyanın Suriya Milli Ordusunun təlim mərkəzini hədəfləyən hücumu göstərir ki, bu bölgədə sülh və əmin-amanlığı istəməyənlər var”.

Qafqazda və Liviyada…

AP yazır ki, sözü gedən hava zərbəsi ötən martda İdlibdə atəşkəs barədə Türkiyə-Rusiya razılaşması imzalanandan bəri ən ağır zərbə olub.

Bu hadisə Türkiyə və Rusiya arasında habelə Qafqazda və Liviyada gərginliyin artdığı bir vaxta təsadüf edir.

Suriyada Türkiyə Bəşər əl-Əsəd rejiminə qarşı çıxan qiyamçıları dəstəkləyir.

Xəbərdə deyilir ki, Türkiyə kürd yaraqlıların və İslam Dövləti ekstremistlərinin bölgədən uzaqlaşdırılması məqsədilə 2016-cı ildən bəri Suriyaya üç dəfə müdaxilə edib.

Ötən il Türkiyə Suriyada terrorçu hesab etdiyi kürd qüvvələrinin bölgədən çıxarılması məqsədilə bura qoşun göndərmişdi.

Ankara bildirirdi ki, bu ərazidə Suriya qaçqınları üçün “təhlükəsiz zona” yaratmağı planlaşdırır.

Ankara bu hücumu ABŞ və Rusiya ilə ayrılıqda əldə etdiyi razılaşmalardan sonra dayandırmışdı.

Bu razılaşmalara əsasən Vaşinqton və Moskva kürd qüvvələrinin bölgədən çıxarılacağını vəd etmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG