Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Türkiyə hökuməti 300 min kitabı məhv edib


Kitabların yandırılması
Kitabların yandırılması

Britaniyanın «The Guardian» qəzeti Türkiyənin Təhsil Nazirliyinə istinadən yazır ki, 2016-cı ildə baş vermiş uğursuz çevriliş cəhdindən sonra ölkənin məktəb və kitabxanalarından 300 mindən artıq kitab götürülərək məhv edilib.

Türkiyənin təhsil naziri Ziya Selçuk ötən ayın sonu bir müxalif millət vəkilinin sorğusuna cavab olaraq 301 min 878 kitabın məhv edildiyini bildirib. Nazir bunu Fətullah Gülənlə bağlı hər şeyi aradan götürmək niyyəti ilə izah edib. Hökumət ABŞ-da yaşayan türk din xadimi F.Güləni 2016-cı ildəki uğursuz dövlət çevrilişi ilə bağlı olmaqda günahlandırır. Gülən bu ittihamları rədd edir.

1.8 milyon dərslik məhv edilib

Sözügedən rəqəmi ilk dərc edən Türkiyənin «Hürriyet» qəzeti olub. Həmin məqalədə toplanaraq yandırılan kitabların «Kronos27» xəbər saytından götürülmüş şəkli də yer alıb.

Özünü «istilaçı rejim altında əzab çəkən türk xalqının səsi olmağa çalışan bir qrup gənc jurnalist» kimi təqdim edən «Turkey Purge» saytı isə yazır ki, 2016-cı ildə Gülənin adının baş hərflərini göstərdiyinə görə bir riyaziyyat kitabı qadağan edilib. Kitabda «F nöqtəsindən G nöqtəsinə» ifadəsi yazılıbmış. 2016-cı ilin dekabrında Türkiyənin «Bir Gün» qəzeti 1.8 milyon dərsliyin mübahisəli «Pensilvaniya» sözünə görə məhv edilərək yenidən çap olunduğunu yazmışdı. Pensilvaniya Gülənin 1999-cu ildən bəri öz tərəfdarlarının əhatəsində yaşadığı ştatın adıdır. Mətbuat Ankarada Gülən adlı küçələrin adlarının da dəyişdirildiyini yazır.

Qəzet əlavə edib ki, dərsliklər dərs ilinin başlanğıcında məhv edilərək, yerinə redaktə olunmuş yeni, içində «Pensilvaniya» sözü çıxarılmış versiya təqdim edilib.

Sözügedən altıncı sinif dərsliyində Pensilvaniyanın amerikalı yazıçı Ceyms Miçenerin vətəni olduğu yazılıbmış. Beləliklə, Miçenerin yazdığı mətn Gülənin həmin ştatda yaşaması səbəbindən ixtisara düşüb. Qəzet həmin kitabın 882 min nüsxəsinin məhv edildiyini yazır.

Güləni xatırladan mətnlərdən başqa, tənqidçi jurnalist Can Dündarın da adı dərsliklərdən yığışdırılıb. Məlumatlara görə, Təhsil Nazirliyinin əməkdaşları Dündara aid hər hansı mətni istəmədiklərini deyiblər. Tanınmış jurnalist C.Dündar prezident Rəcəb Tayyib Ərdoğanın qəzəbinə tuş gəlib və «terrorçu» adlandırılıb.

Məhv edilən kitablar hökumətin çevriliş sonrası elan etdiyi fövqəladə vəziyyət zamanı bağlanmış nəşriyyatlar tərəfindən çap olunduğu üçün araşdırmaya məruz qalıb. Onların arasında dərsliklər, bədii, tarixi və s. ədəbiyyat var.

Yüzlərlə məktəb, nəşriyyat bağlanıb

Çevrilişdən sonra başlanan, ilk vaxtlar Gülən hərəkatını hədəfləyən təqiblər tezliklə bütün müxalif dairələri əhatələməyə başlayıb. Nəticədə yüzlərlə məktəb, nəşriyyat, qəzet və media qurumu bağlanıb.

Söz azadlığını müdafiə edən qurumlar Türkiyə təhsil nazirinin açıqlamasından narahat olduqlarını bildiriblər. «Cəmi üç il ərzində Türkiyədə çap sahəsi az qala məhv edilib, elan olunmuş fövqəladə vəziyyət əsasında 29 nəşriyyat «terrorçu təbliğat yaymaq» ittihamı ilə bağlanıb», – «PEN International» və «English PEN» birgə bəyanatda bildiriblər.

«English PEN» 2018-ci ildə dərc etdiyi hesabatda yazır ki, çevriliş cəhdindən sonra dövlətin fövqəladə vəziyyət elan etməsinin ardınca 200 media və nəşriyyat qurumu bağlanıb, 80 yazıçının barəsində istintaq başlanılıb, yaxud da həbs tədbiri görülüb, 5 min 822 elm adamı 118 dövlət universitetindəki işindən qovulub. Hesabatda daha sonra Türkiyədə «söz azadlığı böhranı» ifadəsi işlədilir.

«Hökumət özünün media və nəşriyyat sahəsinə təsirini xeyli dərəcədə artıraraq tənqidi fikirləri susdurub. Biz Türkiyə hökumətini nəşriyyatların yenidən açılaraq müstəqil fəaliyyət göstərməsinə icazə verməyə, söz azadlığına qarşı həyata keçirdiyi, … səngimək bilməyən təqibə təcili son qoymağa çağırırıq», – PEN öz hesabatında yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG