Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Türkiyə: Gezi parkı məhbuslarına azadlıq, 700 ‘fethullahçıya’ həbs


Fevralın 18-də Türkiyə məhkəməsi 2013-cü il Gezi parkı etirazlarındakı rollarına görə məhkum edilmiş biznesmen Osman Kavala və daha 8 nəfərə qarşı ittihamlara xitam verib.

Ankara bu adamların məhkum edilməsinə görə Qərb tərəfindən kəskin tənqid olunurdu.

Reuters agentliyi bildirir ki, məhkəmə zalındakılar bu hökmü sürəkli alqışlarla qarşılayıblar.

Agentlik yazırki, hökm gözlənilməz olub. Hakim bildirib ki, müttəhimlər ittiham olunduqları cinayətləri törətməyiblər.

Xeyriyyəçi Kavala iki illik məhbusluqdan sonra məhkəmə zalından sərbəst buraxılıb.

Avropa İnsan Haqları Məhkəməsi ötən dekabrda onun dərhal azadlığa buraxılmasını tələb etmişdi.

Human Rights Watch təşkilatının Türkiyə direktoru Emma Sinclair-Webb Reuters-ə deyib ki, bugünkü hökm ədalətlidir, çünki proses bütövlükdə qondarma idi.

O bildirib ki, “Türkiyənin ədliyyə sistemi bir absurd, qəddar teatra çevrilib”.

Gezi parkı etirazları

2013-cü ildə İstanbulda və Türkiyənin bir çox başqa şəhərlərində yüz minlərlə insan İstanbulun Gezi parkında ovaxtkı baş nazir Recep Tayyip Erdoğanın təşəbbüsü ilə Osmanlı qışlalarının maketinin tikintisinə etiraz aksiyalarına çıxmışdı.

Bu etirazlar hakimiyyət tərəfindən birbaşa Erdoğana qarşı etiraz kimi qəbul edilirdi.

Aksiyaların zorakı dağıdılması zamanı bir polis və 8 etirazçı həlak olmuş, daha 5 min nəfər xəsarət almışdı.

Məhkəmə hökmündən az sonra Türkiyənin sənaye naziri Mustafa Varank Gezi parkı etirazlarını “ölkəyə həm demokratik, həm də iqtisadi ziyan” vurmuş “xəyanət” adlandırıb.

Başqa etirazçıların da azad olunacağı gözlənilir

Kavala və iki başqa müttəhimi aministiya hüququ olmadan ömürlük həbsxana cəzası gözləyirdi.

Qalan müttəhimlər hökuməti devirmək cəhdində onlara kömək etməkdə ittiham olunurdular.

Müttəhimlər təqsirli olmadıqlarını bildirmişdilər.

Məhkəmə dinləməsi zamanı polislə vəkillər arasında toqquşma və əlbəyaxa da baş verib. Vəkillər həmkarlarından birinin zaldan zorla çıxarılmasının qarşısını almağa çalışırdılar.

Hazırda xaricdə olan başqa 7 müttəhimin işinə qiyabi baxılmalıydı və bu iş üzrə ayrıca araşdırma aparılıb.

Lakin vəkillərdən biri deyib ki, bu şəxslər barədə verilmiş həbs orderləri ləğv olunacaq.

Erdoğan hökumətinin opponentləri Türkiyə məhkəmələrini, xüsusilə də 2016-cı il çevriliş cəhdindən sonra müstəqil olmamaqda, siyasi motivli hökmlər çıxarmaqda ittiham edirlər.

700-dək yeni həbs orderi

Reuters agentliyi yazır ki, fevralın 18-də Türkiyə prokurorları hərbçilər və Ədliyyə Nazirliyinin işçiləri də daxil təxminən 700 nəfər barədə həbs orderi veriblər.

Bu adamların ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenlə bağlı olduqları iddia olunur.

Erdoğan hökuməti Güleni 2016-cı il dövlət çevrilişi cəhdininin təşkilatçısı olmaqda ittiham edir.

Erdoğan bir vaxtlar son dərəcə yaxın olduğu Güleni Türkiyədə “paralel dövlət” qurmaq cəhdində ittiham edir
Erdoğan bir vaxtlar son dərəcə yaxın olduğu Güleni Türkiyədə “paralel dövlət” qurmaq cəhdində ittiham edir

Xəbər verilir ki, son günlərdə barələrində həbs sanksiyası verilmiş 157 nəfərdən 101-i Türkiyə Silahlı Qüvvələrinin zabitləridir.

Özəl Demirören xəbər agentliyi bildirir ki, indiyədək 100 nəfər saxlanıb.

Ankarada FETÖ işi ilə bağlı 71 nəfərin saxlandığı xəbər verilib.

Başqa xəbərlərə görə prokurorlar Gülenlə əlaqələrdə şübhəli bilinən 467 nəfərin həbsi üçün order imzalayıblar.

Erdoğan bir vaxtlar son dərəcə yaxın olduğu Güleni Türkiyədə “paralel dövlət” qurmaq cəhdində ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG