Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:05

Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi?


Ankara Politikalar Mərkəzinin Avrasiya bölgəsi mütəxəssisi Orxan Qafarlı hesab edir ki, Qarabağ ətrafında hərbi toqquşmaların bərpası ehtimalı yüksəkdir.

AzadlıqRadiosuna müsahibəsində o bildirir Azərbaycanın Türkiyə ilə hərbi yaxınlaşması təsadüfi deyil. Belə ki, iyulda Tovuz istiqamətində hərbi toqquşmadan sonra Rusiya Ermənistana hərbi yardım göstərib, bu isə Azərbaycanı narahat edib və Bakı Rusiyaya mesaj verir ki, o da cavabında Türkiyə ilə əməkdaşlığımı genişləndirə bilər.

“Bakı Moskvadan daha real təsir mexanizmlərini həyata keçirməsini və Ermənistanın Dağlıq Qarabağda boynuna götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyir. Burda söhbət Dağlıq Qarabağın çevrəsindəki bəzi rayonların qaytarılmasından gedir. Məsələ budur və Azərbaycan başa düşdüyüm qədər Rusiyadan yetərli dəstək almır və ya verilən sözlər yerinə yetirilmir. Odur ki, daha çox Türkiyə ilə hərbi təlimlər keçirərək Rusiyaya narahatlığını bu mesajlar şəklində çatdırmağa çalışır”.

İlham Əliyev uzun sürən hakimiyyətini davam etdirmək üçün…

Orxan Qafarlı deyir ki, hazırda İlham Əliyev üçün elə bir vaxt yetişib ki, o, özünün uzun zamandan bəri sürən hakimiyyətini davam etdirmək üçün Qarabağ ətrafındakı rayonların qaytarılmasında maraqlıdır. Onun sözlərinə görə, Türkiyə ilə yaxınlaşmanın təşəbbüskarı da Bakıdır.

Şərhçi bildirir ki, Azərbaycan istəyərsə, Türkiyə hərbçiləri Azərbaycanda qala da bilər.

“Azərbaycan əgər Rusiya və İran tərəfdən və ya Rusiya-Ermənistan münasibətlərinin yaxınlaşmasından ciddi bir təhlükə hiss edərsə, təbii ki, bu hərbi əməkdaşlığın ilk mərhələsi hərbi təlim mərkəzlərinin yaradılmasıdır. Türkiyə Suriya və Liviyada da bənzər addımı atıb, hərbi təlim mərkəzi yaradıb. Belə mərkəzlərin yaradılması Türkiyənin bölgədə yerləşməsi demək olacaq. Şimali İraqda - Kürdüstan siyasətində də bənzər bir iş görülüb, orda da Türkiyənin hərbi təlim bazaları var, adı odur ki, ordakı hərbçilərə, polislərə terrorizmə qarşı mübarizədə təlim verirlər. Diviziyalar bu şəkildə yerləşir”.

Türkiyənin Rusiya ilə çəkişməyə girəcəyi mübahisəlidir

Türkiyədə İstanbul Aydın Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Nadir Devlet əlavə edir ki, Türkiyənin Rusiya ilə Qarabağdan başqa, Suriyada və Liviyada da fikir ayrılıqları var və Moskva ilə üçünçü istiqamətdə - Qarabağda çəkişməyə girib-girməyəcəyi mübahisəlidir, bu baş verərsə, Rusiya da Ermənistanda hərbi iştirakını artıra bilər:

“Türkiyə daha öncə də olduğu kimi Azərbaycanın yanında olmaq istəyəcəkdir. Amma qalıb-qalmama məsələsi Ankara ilə Bakının qərar verəcəyi bir məsələdir. Təbii ki, Türkiyə əsgərləri Azərbaycana yerləşərsə, bu dəfə də Ermənistana rus əsgəri yerləşəcək. Bu, iki tərəfin də bir birini təhrik etməsi kimi durum ortaya çıxarar ki, bunu da məncə, tərəflər istəməzlər”.

İyulun 12-dən 16-na kimi Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər olub, hər iki tərəf itki verib.

İyulun sonlarından bəri Azərbaycanın müxtəlif şəhərlərində hər iki ölkənin hərbi qüvvələrinin iştirakı ilə birgə təlimlər keçirilir.

Sentyabrın 5-də isə belə bir təlim Naxçıvan Muxtar Respublikası ərazisində keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG