Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:51

Suriyada şiələrin dirçəlişi


«Hizbullah» döyüşçüləri.
«Hizbullah» döyüşçüləri.

Livanın «Hizbullah» qruplaşmasının Suriyaya gəlişindən 4 il keçir. Ötən ilin dekabrında Hələb şəhərini hökumət qüvvələri ələ keçirib. Bu müddətdə Suriyada şiələrin 12-ci imam icmasında da böyük dəyişiklik var. Karneqi Fondunun saytında Mohanad Hage Ali yazır ki, bu icma Suriya əhalisinin heç 1-2 faizini təşkil etmir, ən çoxu bir neçə yüz min nəfərdirlər, amma 2012-ci ildən xeyli hərbləşiblər. İndi bu icma hakimiyyətdəki ələvi icmasına bərabər pay istəyir. Hakim Assad ailəsi də ələvilərdəndir.

İraqda «Liwa Abul al-Fadl al-Abbas» bayrağı altında birləşən şiə yaraqlıları ilk dəfə Dəməşq yaxınlığında, əsasən, şiələrin yaşadığı Səyyidə Zeynəb ərazisində peyda olublar. Saddam Hussein-in rəhbərliyi altında olan İraqdan 1980-ci illərin əvvəllərində qaçaraq buraya sığınan minlərlə şiə zəvvar və qaçqının bəziləri Suriya vətəndaşlığı da alıb.

PUL VƏ SƏLAHİYYƏT DAVASI

2014-cü ildə «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizə qızışanda, iraqlı döyüşçülərin çoxu İraqa qayıtdılar, digərləri isə Suriyadakı qruplaşmalara qoşuldular. Belə qruplaşmalardan biri də «Hizbullah əl-Nucaba» idi. Bununla da Suriya şiələri İranın başçılıq etdiyi silahlı qruplaşmaların çətiri altında müstəqilliyini gücləndirmək imkanı əldə etdi. Ötən il Suriyadakı şiə yaraqlılar «313-cü xüsusi əməliyyatlar batalyonu» adlı birləşmə də yaradıblar. Ancaq təhlildə qeyd olunur ki, Suriyadakı şiə qüvvələrinə daha çox iranlılar, livanlılar və iraqlılar komandanlıq edir. Artıq bu transmilli şəbəkə daxilində gərginlik işartıları görünür.

Bashar al-Assad iftar süfrəsində.
Bashar al-Assad iftar süfrəsində.

Bu yaxınlarda sızmış hesabat Suriya funtuyla məvacib alan suriyalılarla, maaşını ABŞ dollarıyla alan livanlı döyüşçülər arasında bərabərliyin təmin olunmasına çağırır. Hesabatı Homsda yerləşən xomeyniçi fraksiya – «Qüvvət ər-Rida» hazırlayıb. Hesabatda iddia olunur ki, döyüşçülərə 400-600 dollar vəd olunub, ancaq funt dəyərsizləşdiyindən, onların maaşı 80 dollar ekvivalentinə düşüb.

Gərginlik təkcə pulla bağlı deyil. Sənəddə vurğulanır ki, Suriyanın şiə üləması, yəni din alimlərinə, eləcə də hərbi kadrlarına livanlılar kimi səlahiyyət verilməlidir. İran və «Hizbullah»dan şiələrin Suriya hökumətində təmsilçiliyinin təmin edilməsi xahiş olunur. Yəni, «Qüvvət ər-Rida» «Hizbullah»dan birbaşa kömək istəyir. Bu hesabat çıxandan sonra belə şayiələr yayılıb ki, prezident «Qüvvət ər-Rida»ya pul yardımıyla bağlı sərəncam imzalayıb. Belə bir yardım Suriya ordusunun həlak olan, yaxud yaralanan hərbçilərinə ayrılır.

İRANIN ROLU

Müəllif yazır ki, İraq və Livandakı şiə icmalarından fərqli olaraq, Suriyanın şiə azlığı kiçikdir, coğrafi baxımdan səpələnmiş durumdadır. Bu səbəbdən İran onları parçalanmış vəziyyətdə buraxmaq istəmir, çünki bu halda İrana da xidmət göstərə bilməzlər. Homs və Dəməşqdəki şiə yaraqlılar Hələb, İdlib, Deraya baxanda daha yaxşı təşkil olunublar. Bu səbəbdən onların sıralarında bir birləşməyə ehtiyac var. Elə hazırda Kefraya və Fuadan Dəməşqə şiələr köçürülməkdədir.

Məqalədə 2012-ci ildən Suriyanın şiə icmasının institusional baxımdan da inkişaf etdiyi vurğulanır. İcma özünün dini qurumunu – Suriyanın Ali İslam Cəfəri Şurasını yaradıb. Şuranın prezidenti Sayyed Mohamad Ali al-Misky Dəməşqdəndir, icmada birləşdirici xadim kimi tanınır. «Hizbullah»ın baş katibi Hassan Nasrallah kimi, Misky də Suriya şiələri arasında hörmət qazanmaqdadır. O, Aşura mərasimində paytaxtdakı yürüşlərə rəhbərlik edir.

«Suriyada Ali İslam Cəfəri Şurası münaqişənin içindən doğub. Şura xomeyniçi kursa tərəfdardır və Suriyada döyüşən iranpərəst yaraqlılara yaxındır. İndi maraqlısı odur ki, Misky Suriya Xomeyniçi hərəkatında aparıcı rol oynayacaqmı və onun rolu dini, siyasi məsələlərlə məhdudlaşacaqmı? Axı, İran özü şiə yaraqlı qruplarına nəzarəti saxlayır», – məqalədə vurğulanır.

XS
SM
MD
LG