Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:37

Rusiya Suriyada özünə təxribat hazırlandığını düşünür


Rusiya aviasiyası Suriyanı bombalayır.
Rusiya aviasiyası Suriyanı bombalayır.

Rusiya Xarici İşlər Nazirliyi ölkəyə və hərbçilərinə qarşı Suriyada təxribat hazırlandığını iddia edib. Nazirliyin rəsmi saytında yayılan məlumatda deyilir:

«Bizdə olan bilgilərə görə, Bashar Assad rejiminin düşmənləri Suriya-Türkiyə sərhədində bir videosüjet çəkiblər. Həmin süjetdə Rusiya və Suriya aviasiyasının guya kimyəvi maddələrlə təchiz edilmiş döyüş sursatlarından yararlandığı göstərilir».

HOLLİVUD FİLMLƏRİNDƏKİ KİMİ?

Məlumata görə, çəkiliş qrupu, Hollivud filmlərindəki kimi, qondarma aviazərbələr səhnələşdirib. Bu zərbələrdən guya uşaqlar həlak olurlar. Rus diplomatları iddia edirlər ki, həmin səhnəyə həqiqət donu geyindirmək üçün müxtəlif xüsusi effektlərdən, məsələn, sarımtıl dumandan da istifadə olunub.

XİN-in bəyanatında daha sonra deyilir: «Bununla bağlı bir daha bildirmək istərdik ki, Rusiya ilə Suriya hərbi hava qüvvələrinin Suriya Ərəb Respublikasının prezidenti Bashar Assad-in müraciəti əsasında gerçəkləşdirdiyi xüsusi əməliyyatlar yalnız və yalnız «İslam Dövləti» (İŞİD) və «Cəbhət ən-Nusra» terror qruplaşmalarına qarşı yönəlib. Belə əməliyyatlarda kimyəvi maddələrlə təchiz edilmiş döyüş sursatlarından istifadə olunmur».

BƏNZƏR SÖZLƏR

Daha öncə Rusiya rəsmiləri Suriyada kaset bombalarından istifadə etdiklərinə dair iddiaları da bənzər sözlərlə yalanlamışdılar. Rusların belə silahlardan yararlanmasına dair məlumatlar ilk dəfə ötən ilin sonlarında yayılmışdı. «Human Rights Watch» və «Amnesty International» kimi beynəlxalq hüquq müdafiə təşkilatları Rusiyanın içərisində kiçik aviasiya minaları və çəkisi 10 kiloqramadək müxtəlif təyinatlı xırda partlayıcıların olduğu aviabombalardan istifadə etdiyini bildirmişdilər.

Bunun ardınca, «Human Rights Watch»un Yaxın Şərq üzrə nümayəndəsi Nadim Houry Rusiya mediasına açıqlamasında bildirmişdi ki, Rusiya aviasiyasının Suriyada bombardmana başlamasından 2015-ci ilin oktyabrınadək Homs və Hələbdə, azı, 57 dinc sakin həlak olub. Onların bir qismini atılan kaset bombaları öldürüb.

RUSİYA ƏVVƏLDƏN TƏKZİB EDİR

Hələ o vaxt Rusiya Müdafiə Nazirliyinin sözçüsü Igor Konashenkov bu iddiaları təkzib etmiş və Hmeymim aviabazasında, ümumiyyətlə, kaset bombalı sursatların olmadığını söyləmişdi. Prezident Putin-in mətbuat katibi Dmitry Peskov isə «Human Rights Watch»un məlumatını bilərəkdən yayılan böhtan adlandırmışdı.

SÜRPRİZ QƏRARLAR

Bununla belə, rəsmilərin bu təkzibindən sonra «Conflict Intelligence Team» adlı qrupun təhqiqatçıları bildirmişdilər ki, Rusiya Müdafiə Nazirliyinin və dövlət mediasının, özəlliklə «Russia Today» telekanalının və TACC və «RIA Novosti» agentliklərinin yaydığı rəsmi foto və video materiallar adıçəkilən döyüş sursatlarından istifadə olunduğunu təsdiqləyir.

Ötən ilin oktyabrında Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması bütün dünyaya necə sürpriz olmuşdusa, həmin ölkənin bu ilin martında Suriyadan çıxması da o cür sürpriz sayıla bilər. İqtisadiyyatı çökən Rusiyanın Suriyadakı əməliyyatlarda 700 milyon dollardan çox pul xərclədiyi bildirilir. Suriyaya müdaxilə dövründə Rusiya bu ölkədə 10 mindən artıq uçuş gerçəkləşdirib, 30 mindən çox hədəf vurub. Rusiyadan havalanan uzaqmənzilli qırıcı təyyarələr 178 uçuş həyata keçirib. Rusiyanın Suriyada hava əməliyyatları indi də vaxtaşırı davam edir. Bəzi analitiklər iddia edir ki, Rusiya Suriyada «İslam Dövləti»nə (İŞİD) qarşı deyil, Azad Suriya Ordusuna qarşı hərbi əməliyyat keçirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG