Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:06

Bağdad Vaşinqton və Londonu pisləyir, Tehran xəbərdarlıq edir


Kərbala şəhərinin hava limanı
Kərbala şəhərinin hava limanı

ABŞ və Britaniyanın hava zərbələri nəticəsində İraqdakı iranyönlü qüvvələrin bir neçə döyüşçüsünün ölməsi regionda gərginliyin artmasına səbəb olub.

Rəsmi Bağdad bu zərbələri ölkənin suverenliyini pozan hərəkət kimi pisləyib, Tehran isə “təhlükəli hərəkətlərə yol verməməsi” üçün prezident Donald Trump-a “xəbərdarlıq” edib.

Birləşmiş Ştatlar bildirir ki, martın 12-dən 13-ə keçən geçə endirilmiş aviasiya zərbələri bundan əvvəl, martın 11-də İraqda ABŞ və Britaniya əsgərlərinin də yerləşdiyi bazaya edilmiş raket hücumuna cavab idi.

Bu hücum nəticəsində iki ABŞ və bir Britaniya hərbçisinin həlak olduğu xəbər verilmişdi.

İraq prezidenti Barham Salih martın 13-də ABŞ-ın hücumunu pisləyərək xəbərdarlıq edib ki, ölkə “xaosa” sürüklənə və nəticədə “iflas” edə bilər.

İraq Xarici İşlər Nazirliyi bildirib ki, Bağdaddakı ABŞ və Britaniya səfirləri bu zərbələr barədə izahat vermələri üçün dəvət olunacaqlar.

XİN-in məlumatına görə zərbələrdən İraq hökuməti təhlükəsizlik qüvvələrinin 5 zabiti də həlak olub.

Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavinin səsləndirdiyi bəyanatda deyilir ki, Trump “təhlükəli hərəkətlərə və əsassız ittihamlara” əl atmaqdansa, “qoşunlarının bu bölgədə yerləşməsinə və davranışına yenidən baxmalıdır”.

Bundan bir neçə saat əvvəl ABŞ Müdafiə Nazirliyi bildirmişdi ki, ötən gecə həyata keçirilmiş hava zərbələri Kətaib Hizbullah yaraqlılarının beş silah anbarını hədəfləmişdi, çünki buradakı silahlardan ABŞ koalisiyasının qoşunları üzərinə hücumlarda istifadə olunurdu.

Britaniyanın xarici işlər naziri Dominic Raab deyib ki, cavab zərbələri “çevik, qətiyyətli və proporsional” olub.

O əlavə edib ki, bölgədəki koalisiya qüvvələrini hədəfləyənlər “güclü cavab zərbəsi” gözləməlidirlər.

İraq hərbiyyəsinin bəyanatında deyilir ki, ölkə silahlı qüvvələrinə qarşı “təcavüz” Cürf əs-Səxər, Əl-Müsayib, Nəcəf və Əl-İskəndəriyyə bölgələrində baş verib.

Bəyanatda qeyd olunur ki, habelə İranın dəstəklədiyi şiə silahlılarını birləşdirən Xalq Səfərbərlik Qüvvələrinin qərargahı, fövqəladə hal birləşmələri və İraq ordusunun 9-cu diviziyasının hücum alayı zərbələrə məruz qalıb.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ Bağdad yaxınlığında Qərb qüvvələrinin yerləşdiyi baza ölümcül hücuma məruz qaldıqdan sonra İraqda fəaliyyət göstərən iranyönlü silahlılara hava zərbələrinin endirilməsinə başlayıb.

İraqda İrana bağlı qruplaşmanın döyüşçüsü
İraqda İrana bağlı qruplaşmanın döyüşçüsü

ABŞ hərbiyyəsi martın 12-də verdiyi bəyanatda bildirir ki, Kətaib Hizbullah qruplaşmasının İraq boyunca obyektlərinə “dəqiq zərbələr” endirilir.

Bəyanatda deyilir ki, zərbə endirilən anbarlarda saxlanan silahlardan İraqdakı ABŞ və koalisiya qüvvələrinə hücumlarda istifadə edilirdi.

Bu da qeyd olunur ki, “müdafiə xarakterli və proporsional zərbələr şiə silahlı qruplarının yaratdığı təhlükəyə bilavasitə cavab olaraq endirilib”.

ABŞ rəsmilərindən biri Associated Press agentliyinə deyib ki, zərbələr ABŞ-Britaniya birgə əməliyyatının gedişində endirilir.

Bu xəbər dərc ediləndə aviasiya zərbələrinin endirilməsi davam edirdi.

Bundan əvvəl ABŞ müdafiə naziri Mark Esper, martın 11-də koalisiya qüvvələrinin İraqda, Bağdadın 30 kilometrliyindəki Kemp Taci hərbi bazasına hücuma görə İrana bağlı şiə silahlı qruplaşmalarını ittiham etmişdi.

Nazir demişdi ki, Vaşinqton iki Amerika və bir Britaniya hərbçisinin ölümü ilə nəticələnmiş bu hücuma cavab variantlarını götür-qoy edir və bütün variantlar masa üstündədir.

Bu hücumdan sonra ABŞ hərbçiləri Kemp-Taci bazasının bir neçə kilometrliyində üzərində Katyuşa raket qurğusu olan yük avtomobilini aşkar etmişdilər.

Mark Esper martın 12-də, ABŞ və Britaniya təyyarələrinin hava zərbələrinin davam etdiyi bir vaxtda bildirib ki, Birləşmiş Ştatlar “bizim adamlarımıza, maraqlarımıza və müttəfiqlərimizə edilən hücumlara dözümlülük göstərməyəcək”.

Suriyada İrana bağlı silahlılara hava zərbələrinin endirildiyi xəbər verilir

Bundan əvvəl qonşu İraqda ABŞ-ın koalisiya qüvvələri üzərinə hücumun ardınca Suriyanın şərqinə endirilmiş hava zərbələrindən İranın dəstəklədiyi İraq yaraqlı qruplaşmasının 26 döyüşçüsünün həlak olduğu xəbər verilmişdi.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu martın 12-də bildirib ki, sərhəddəki Albu Kamal şəhəri yaxınlığına zərbənin ABŞ koalisiyası tərəfindən endirildiyi ehtimal edilir.

Lakin koalisiyanın sözçüsü AFP agentliyinə verdiyi bəyanatda koalisiyanın “ötən gecə Suriya və İraqda heç bir hava zərbəsi endirmədiyini” deyib.

Suriya dövlət mediası bildirir ki, Albu Kamal şəhərinin cənub-şərqinə naməlum təyyarələr tərəfindən endirilmiş zərbələr yalnız maddi ziyanla nəticələnib.

Qisas zərbəsi?

Lakin Londondakı müşahidə qrupu israr edir ki, bu zərbələrlə İran tərəfindən dəstəklənən şiə yaraqlıların Xalq Səfərbərlik Qüvvələrinin düşərgələri vurulub. Bundan əvvəl İraqın şimalında, Bağdadın 30 kilometrliyində yerləşən Kemp Taci hərbi bazasına raket hücumu edilmişdi.

Koalisiya bildirirdi ki, bu raket hücumu nəticəsində iki amerikalı və bir britaniyalı hərbçi həlak olub və daha 12 nəfər yaralanıb.

Koalisiyanın məlumatına görə sonradan üstündə Katyuşa raket qurğusu yerləşdirilmiş yük maşını bazanın bir neçə kilometrliyində aşkar olunub.

ABŞ dövlət katibi Mike Pompeo və Britaniya xarici işlər naziri Dominic Raab telefon söhbətində bəyan etmişdilər ki, “bu hücuma görə məsuliyyət daşıyanlardan haqq-hesab sorulmalıdır”.

İraq hərbiyyəsi bildirib ki, keçid baş naziri Adel Abdul-Mahdi onun təbirincə deyilərsə, “bu çox ciddi təhlükəsizlik hədəsinin və düşmənçilik aktının” araşdırılmasına sərəncam verib.

İranın “dəsti xətti”

Raket hücumu üçün məsuliyyəti üzərinə heç kim götürməyib, amma Birləşmiş Ştatlar, koalisiya qüvvələrinin yerləşdiyi İraq bazalarına bundan əvvəl edilmiş hücumlara görə İranın dəstəklədiyi yaraqlı birləşmələri ittiham edib.

ABŞ dəniz piyadaları generalı, Amerika Mərkəzi Komandanlığının başçısı Kenneth McKenzie Senat dinləməsinə bildirib ki, bu hücumun təhqiqatı hələ davam edir.

Lakin o əlavə edib ki, İranın dəstəklədiyi “Kətaib Hizbullah bundan əvvəl İraqda baş vermiş bir insident zamanı bu miqyasda atəş zərbəsini dolayısı ilə ABŞ vətəndaşlarına və koalisiya qüvvələrinə endirib”.

Vaşinqton ötən dekabrda baş vermiş və ABŞ-dan olan bir mülki şəxsin ölümü ilə nəticələnmiş hücuma görə də məhz bu qruplaşmanı ittiham etmişdi.

Bu da xəbər verilir ki, bu hücumun ardınca baş vermiş zorakılıqlar prezident Donald Trump-ın İran generalı Qasem Soleimanini öldürən dron zərbəsinə əmr verməsi ilə nəticələnmişdi.

Buna cavab olaraq İranın İraqdakı hərbi-hava bazalarına endirdiyi ballistik raket zərbələri nəticəsində 100-dək ABŞ hərbçisində beyin silkələnməsi baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG