Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:52

Qazaxıstan Suriyadan qayıdanları reabilitasiya etməyə çalışır


Suriyanın Qamışlı şəhəri
Suriyanın Qamışlı şəhəri

Suriyadan Qazaxıstana yeni dönmüş 24 yaşlı Zarina deyir ki, gələcək üçün dəqiq planı yoxdur.

Dul qadının hər iki oğlu Suriyada doğulub. Zarina beş il orada “İslam dövləti” (İD) qruplaşması döyüşçüsünün arvadı olub.

“Ailəsinə görə” tam adını demək istəməyən Zarina bu il “Jusan” əməliyyatı ilə Suriyadan repatriasiya edilmiş yüzlərlə Qazaxıstan vətəndaşından biridir.

“Qayıtmağa qorxurdum, elə bilirdim həbs olunacam. Ancaq Suriyada qaçqın düşərgəsində eşitdim ki, Qazaxıstan öz vətəndaşlarını geri qəbul edəcək”, – Zarina deyir.

“Ölkəmiz bizi qəbul etdi, bizə paltar, ayaqqabı verdi, psixoloji dəstək verir. Buna görə minnətdaram”, – Zarina AzadlıqRadiosu-nun qazax xidmətinə deyib.

BİR AY HAMIDAN UZAQ

Suriyadan qayıdanlar qohumlarına qovuşmazdan öncə bir ay Aktau şəhərindəki xüsusi mərkəzdə qalmalıdırlar. Zarina və uşaqları da istisna deyil.

Bu mərkəzdə ekstremist “İD” rejimində yaşamış insanlar üçün xüsusi hazırlanmış əsaslı reabilitasiya və yenidən inteqrasiya proqramının ilk hissəsi gerçəkləşdirilir.

Yenidən inteqrasiya prosesinin yerli hökumət orqanları və təhlükəsizlik xidmətlərinin ciddi nəzarəti altında illər ərzində həyata keçiriləcəyi gözlənilir.

Aktaudakı mərkəz media, ictimaiyyət və hətta yeni dönənlərin ailələrinə belə qapalıdır.

Ancaq reabilitasiya proqramı haqda bilən rəsmilər radioya bildiriblər ki, mərkəzdə yeni qayıdanlar tibbi müayinələrdən keçirilir, ehtiyac varsa müalicə alır və cərrahi əməliyyat olunur.

NORMAL HƏYATA DÖNÜŞ

Mərkəzdə eyni zamanda xüsusi təlim keçmiş psixoloqlar və ilahiyyatçılar çalışır.

Böyüklər yoxlamalardan və təhlükəsizlik xidmətlərinin sorğu-sualından keçdiyi müddətdə müəllimlər və psixoloqlar uşaqlarla məşğul olur.

Təhlükəsizlik xidmətlərinin yoxlamasından keçənlər və normal həyata qayıdışına icazə verilənlər bir neçə həftədən sonra öz bölgələrinə qayıdıb yerli hökumətin qeydiyyatından keçə bilərlər.

Onlarla şəxs isə terrorizmlə bağlı ittihamlarla həbs edilib və təcridxanalara yerləşdirilib.

Jusan (“yovşan” deməkdir) yanvar-may aylarıında üç mərhələdə həyata keçirilib və 516 Qazaxıstan vətəndaşının ölkəyə qaytarılması ilə nəticələnib. Rəsmi rəqəmlərə görə, onlardan 357-si uşaqdır.

Hökumətin dediyinə görə, gələcəkdə daha belə əməliyyatlar keçirilməyəcək. Suriya və İraqda Qazaxıstan vətəndaşlarının qalıb-qalmadığı bəlli deyil.

800-DƏN ARTIQ QAZAXISTANLI GEDİB

2018-ci ilin iyulunda Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi 2013-cü ildən bəri 800-dən artıq ölkə vətəndaşının “İD”nə qoşulmaq üçün Suriya və İraqa getdiyini bildirmişdi.

Suriyada Mərkəzi Asiyadan gələn qadınlar, may 2019-cu il
Suriyada Mərkəzi Asiyadan gələn qadınlar, may 2019-cu il

Onların və ailə üzvlərinin çoxunun hava hücumlarında və döyüşlərdə öldüyü bildirilir.

Çox sayda qazaxıstanlı döyüşçü və qadın Jusan əməliyyatınadək məyus olaraq vətənə qayıdıbmış.

Jusan əməliyyatı nəticəsində Qazaxıstana qayıtmış adamlardan 5-i qadın olmaqla azı 27-si terrorizmdə ittiham olunaraq həbs edilib.

Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaevin müşaviri Erlan Karin deyir ki, bu adamlarla bağlı ən çox verilən sual onların gələcəkdə təhlükə törədib-törətməyəcəyi haqdadır.

18 milyonluq əhalisinin 70%-i müsəlman olan Qazaxıstanda dini ekstremistlərin törətdiyi düşünülən bir neçə dəhşətli hücum baş verib. 2011-ci ildə Milli Təhlükəsizlik Komitəsinin Aktübe bölgə qərargahının yaxınlığında intihar hücumu baş verib. Bu, hökumətin islam terrorizmi ilə əlaqələndirdiyi ilk insident idi.

2016-cı ildə Aktübedə növbəti dəfə zorakılıq baş qaldırıb: hərbi hissəyə silahlı hücum təşkil olunub.

Hökumət hücumun 20 islamçı radikal tərəfindən təşkil olunduğunu bildirib. Terrorçular əsgərləri hədəfə alanadək silahları ələ keçiriblər.

2013-cü ildə çox sayda uşağın da daxil olduğu, Suriyada cihada hazırlaşan 150 nəfərdən ibarət qazax “ailəsinin” videosu yayılıb. Onlar digər qazaxıstanlıları da onlara qoşulmağa çağırıblar.

SURİYADA QALSAYDILAR TƏHLÜKƏ DAHA BÖYÜK OLARDI

Hökumətin repatriasiya proqramını tənqid edənlər Suriyadan geri dönənlərə inanmağın yanlış olduğunu iddia edirlər.

“İD-nə qoşulduğuna həqiqətən peşman olanlar çoxdan qayıdıb. Bu adamlarsa son dəqiqəyə qədər, İD-nin süqutuna qədər gözləyiblər. Onlar başqa seçimləri olmadığına görə qayıdıblar”, - Almatıdan olan Nurlan adlı tələbə deyir.

Prezidentin müşaviri Karinsə deyir ki, Qazaxıstan öz vətəndaşlarını başlı-başına buraxsaydı, xüsusən qadınlar və uşaqlar Suriyanın qaçqın düşərgələrində çarəsiz qalsaydılar, təhlükə daha böyük olardı.

“Bu qadın və uşaqların radikal ekstremist qruplar tərəfindən müxtəlif məqsədlərlə istismarı riski ola bilərdi”, – Karin AzadlıqRadiosu-na deyib.

Karinin sözlərinə görə, repatriasiya olunmuş uşaqların 70%-ə qədəri 6 yaşına çatmayıb və çoxu Suriyada doğulub. Onlar heç vaxt məktəbə getməyiblər, oxumağı, yazmağı, hesabı bilmirlər.

Karin deyir ki, bu uşaqların arasında yetim qalanlar da çoxdur. Ancaq onların hamısına qohumları sahib çıxıb.

“Suriyadan qayıdan uşaqların biri də ailə qayğısından kənar qalmayıb. Hamısı qohumları tərəfindən götürülüb”, – o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG