Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 21:36

İran və Suriya arasında hərbi saziş imzalanıb


İran və Suriyanın müdafiə nazirləri Amir Hatami (solda) və Abdullah Ayoub hərbi əməkdaşlıq sənədini avqustun 26-da Dəməşqdə imzalayıblar

İran mediasının verdiyi xəbərə görə Tehran və Dəməşq arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb.

“Müdafiə və texniki” səciyyə daşıdığı deyilən bi razılaşma İranın Suriya ərazisində “davamlı mövcudluğunu” təmin edir.

Təsnim agentliyi bu barədə xəbəri İranın müdafiə naziri Amir Hatami-yə istinadən avqustun 27-də verib. Dəməşqlə sənədi də o imzalayıb.

Təsnim agentliyinin verdiyi xəbərə görə Suriyanın müdafiə naziri Ali Abdullah Ayub Tehrana 7 ildir ki, davam edən münaqişədə prezident Assad hökumətini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Hatami avqustun 26-da Suriya prezidenti Bashar al-Assad-la görüşmüşdü.

İranın və Rusiyanın münaqişəyə hərbi müdaxiləsi vətəndaş qarşıdurmasında qüvvələr nisbətini Assad-ın xeyrinə dəyişib.

Rusiya və İranın dəstəyi hökumətə anti-Assad qiymaçıları nəzarət etdikləri bir çox ərazilərdən çıxarmaq imkanı verib.

İsrail və anti-Assad qiyamçıları dəstəkləyən Birləşmiş Ştatlar İranın Suriyadakı mövcudluğundan və artan nüfuzundan narahatdır.

Lakin Hatami avqustun 26-də Dəməşqdə jurnalistlərin suallarına cavab verərkən deyib ki, “İran müşavirlərinin Suriyada olması məsələsi üçüncü bir ölkə tərəfindən təsirləndirilə bilməz”.

Üçlüyün görüşü Təbrizdə olacaq

Suriyada davam edən münaqişə indiyədək yüz minlərlə insanın ölümü və milyonlarla insanın qaçqın düşməsi ilə nəticələnib.

Bu münaqişədə İslam İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəliləri də daxil 1000-dək iranlı həlak olub.

Suriya hökuməti ilə silahlı müxalifət arasında BMT-nin təşkil etdiyi Cenevrə danışıqları bu ilin əvvəlində pozulub.

Bu arada İran, Rusiya və Türkiyə münaqişənin həlli ilə bağlı Qazaxıstanın paytaxtı Astanada aparılan danışıqlar prosesinə qoşulublar. Bu üç ölkə Suriya ərazisində təhlükəsizlik zonalarının yaradılması barədə razılığa gəlib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan sentyabrın 7-də İrana səfər etməlidir. Orada keçiriləcək dövlət başçıları sammitinə Putin və Rohaninin də qatılacağı gözlənilir.

Türkiyə dövlət televiziyasının verdiyi xəbərə görə üçtərəfli danışıqlar Təbriz şəhərində keçiriləcək.

Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin Erdoğan və İran prezidenti ilə danışıqlara sentyabrın əvvəllərində qatılacaq.

Son dəfə belə üçtərəfli danışıqlar aprel ayında Ankarada keçirilmişdi.

XS
SM
MD
LG