Suriya ordusunun İdlib əyalətinə hücumu nəticəsində indiyədək 500-dən çox dinc sakin həlak olub, 2 mindən çox sakinsə xəsarət alıb.
Bu barədə iyulun 7-də Reuters agentliyi Londondakı Suriya İnsan Haqları Mərkəzi-nə istinadla məlumat yayıb.
Əməliyyat Rusiya ordusunun dəstəyi ilə keçirilir.
Bu bölgədə əməliyyatlar 2019-cu il aprelin sonlarından başlayıb.
Hüquq müdafiəçilərinin məlumatına görə Rusiya və Suriya hərbçiləri bilərəkdən dinc sakinlərin olduğu yerlərə zərbələr endirir, xəstəxanaları bombalayırlar.
Human Rights Watch hüquq-müdafiə təşkilatı da bundan əvvəl əməliyyatlar zamanı kasset bombaları və yandırıcı silahlardan istifadə edildiyini xəbər verirdi.
Moskva ilə Dəməşq bu məlumatı rədd edirlər.
Rusiya hərbçilərinin sözlərinə görə, onlar terrorçu Əl Qaidə qruplaşmasının hücumlarını dəf edirlər.
Rusiya həmçinin silahlı Suriya müxalifətini atəşkəs razılaşmasını pozmaqda günahlandırırlar.
BMT-nin məlumatına görə, İdlibdə əməliyyatlara başladıqdan bu yana azı 300 min adam döyüş zonasından qaçaraq Türkiyə sərhədinə çəkilib.
Ümumilikdə bu regionda 3 milyon dinc sakin yaşayır.
Onların 1 milyonu uşaqlardır.
Rusiya Suriyada hərbi əməliyyatlara 2015-ci il sentyabrın 30-dan qoşulub.
Rusiya ilə İran bu müharibədə prezident Bashar Assad rejimini, ABŞ və onun müttəfiqləri isə Suriya rejiminə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar.