Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 11:23

Qəzzada İslami cihadın liderləri öldürülüb. Suriyanın ən böyük hava limanlarına zərbələr endirilib


İsrail tankları Livan sərhədində
İsrail tankları Livan sərhədində

İsraildə altıncı gündür ki, müharibə davam edir. Bu müharibə oktyabrın 7-də Həmas və İslami cihad Fələstin radikal qruplaşmalarının İsrailə qəfil basqını ilə başlanıb. Ölkə ərazisində islamçıların azı 130 mülkini girov götürdükləri deyilir.

Son məlumatlara görə hücum nəticəsində 1300 israilli həlak olub, daha 3300 nəfər yaralanıb. Onlardan 440-ı xəstəxanalara yerləşdirib və 100 nəfərin vəziyyəti son dərəcə ağırdır.

Buna cavab olaraq İsrail Qəzza zolağına fasiləsiz hava zərbələri endirir. Bu zərbələr nəticəsində 1417 fələstinlinin həlak olduğu xəbər verilib. Bunlardan 772 nəfərinin kişi, 248 nəfərinin qadın və 447-sinin uşaq olduğu xəbər verilir.

Fövqəladə hökumət

İsrailin baş naziri Benyamin Netanyahu oktaybrın 11-də gecə “Milli birlik” hökumətinin təşkil edildiyini bəyan edib. Bu hökumətin tərkibinə müxalif “Milli birlik” partiyasının lideri Beni Qantz da daxil olub.

Netanyahu deyib ki, hazırda ölkənin taleyi həll olunur. O bəyan edib ki, İsrail Həması bir vaxtlar dünya İŞİD-i məhv etdiyi kimi məhv edəcək.

Beni Qantz deyib ki, onun ölkəsi Livandan ediləcək mümkün basqınlara da hazırdır.

Həməs qruplaşmasının döyüşçüləri
Həməs qruplaşmasının döyüşçüləri

İslami cihadın liderləri öldürülüb

İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, Qəzza zolağı ilə sərhəddə vəziyyət sabitləşib və İsrail radikal cihadçıların məhv edilməsi əməliyyatına başlayıb.

İsrail teleqram kanallarının məlumatına görə Qəzzanın şimal hissəsinə zərbələr nəticəsində İslami cihad təşkilatının liderlərindən biri – Musa Nazir həlak olub.

Bu qruplaşma oktyabrın 7-də İsrail ərazisinə Həmasla birlikdə basqın edib.

Əl-Cəzirə bu qruplaşmaya istinadla bildirib ki, İslami cihadın başqa bir lideri – Rəhman Şəhab da ailəsi ilə birlikdə həlak olub.

İsrail ordusu habelə Qəzza zolağındakı yeraltı tunellərə zərbələr endirdiyini bildirir.

Bu tunellər şəbəkəsi 2007-ci ildə Qəzzada Həmas hakimiyyətə gələndən bəri qazılır. Bölgəyə silah və sursat məhz bu şəbəkə vasitəsilə gətirilir.

Qaçqınlar

Xəbər verilir ki, İsrailin hava zərbələrinə görə Qəzzada 338 min insan evini tərk etməli olub. Bu bölgədə əhalinin ümumi sayı 2.3 milyon nəfərdir.

Misir öz sərhədini Fələstin qaçqınları üçün açmaqdan imtina edib.

İsrailin enerji naziri İsrael Kats deyib ki, Həmas bütün girovları azad etməyənə qədər Qəzzaya nə su, nə də elektrik verilməyək.

Qəza hava zərbələrindən sonra
Qəza hava zərbələrindən sonra

Girovlar

İsrail ordusunun nümayəndəsi Conatan Konrikus CNN telekanalına deyib ki, Həmasın girovları yeraltı tunellərdə saxladığı ehtimal edilir:

"Düşüncəm deyir ki, onlar yerin altındadırlar. Düşüncəm bunu da deyir ki, Həmas bu hücuma hazırlaşanda girovları harada gizlədəcəyini də planlaşdırıb”.

BMT-nin məlumatına görə Qəzza zolağının müxtəlif yerlərində 150-dək israilli girov var.

Onların əksəriyyəti Qəzza ilə sərhəddə keçirilən Supernova musiqi festivalı zamanı girov götürülüb.

Sonradan bu festivalın keçirildiyi yerdə 260-dək meyit aşkar olunub.

Dəməşqin beynəlxalq hava limanı
Dəməşqin beynəlxalq hava limanı

Dəməşq və Hələb hava limanlarına zərbələr endirilib

Suriya dövlət mediasının oktyabrın 12-də verdiyi xəbərlərə görə paytaxt Dəməşq və Hələbdə ölkənin ən böyük limanlarına hava zərbələri endirilib.

Hərbi mənbələrə istinadla verilən xəbərlərdə deyilir ki, zərbələri İsrailin hərbi hava qüvvələri endirib və nəticədə uçuş-eniş zolaqları zədələnib.

Sosial şəbəkələrdə bu zərbələrin nəticələrini əks etdirən videolar yayılıb.

Rəsmi Dəməşq hələ ki, bu xəbərlərlə bağlı şərh verməyib.

Əgər bu xəbərlər təsdiqlənərsə, deməli, İsrail Həmas radikal Fələstin qruplaşması ona hücum edəndən bəri ilk dəfə olaraq Suriyaya zərbələr endirib.

İsraillə müqaviləsi olmayan Suriya hökuməti Həmasın hücumunu alqışlamışdı.

Hədəf İrana bağlı qruplaşmalardır

İsrail son illərdə Suriya ərazisindəki iranyönlü silahlı qruplaşmaların mövqelərinə hava zərbələri endirib.

Xəbər agentlikləri qeyd edirlər ki, son hava zərbələrinin hədəfi də bu qruplaşmaların İrandan gələn təchizatının logistika zənciri olub.

İsrail ehtiyat edir ki, bu qruplaşmalar ona qarşı hərəkətə keçərək Həmasla mübarizəni mürəkkəbləşdirə bilər.

Bu da qeyd olunmalıdır ki, İsrail hərbiyyəsi İran və Suriyaya endirdiyi zərbələri çox nadir hallarda rəsmən təsdiq edir.

Bəzi şərhçilərin fikrincə, Suriyaya endirilən zərbələr həm də prezident Bəşər əl-Əsədin əsas müttəfiqi olan Moskvaya mesajdır.

XS
SM
MD
LG