Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:53

Trump-ın 'azad zona' planına şübhəylə baxırlar


Donald Trump
Donald Trump

Türkiyəylə Rusiya ABŞ prezidentinin «azad zona» planına şübhəylə yanaşırlar. Prezident Donald Trump ABC-yə müsahibəsində Suriyada qaçqınlardan ötrü «azad zona» yaradacağını, bununla da qaçqınların Qərbə axınının qarşısını alacağını deyib.

«Reuters» xəbər agentliyi yazır ki, D.Trump administrasiyasının bununla bağlı layihəsi də artıq hazırdır. Layihəyə görə, Pentaqon və ABŞ-ın Dövlət Departamenti 90 gün ərzində Suriyada «azad zona»larla bağlı plan hazırlamalıdırlar. Evlərindən didərgin düşən suriyalılar həmin zonalara yerləşdirilməli, vətənlərinə qayıdacaqları, ya da məskunlaşdırılacaqları yerə göndəriləcəkləri günü orada gözləməlidirlər.

«MÜHÜM OLAN NƏTİCƏDİR»

Türkiyə D.Trump-ın sözlərinin nəticəsini gözlədiyini bildirib. ««Azad zona» yaratmaq Türkiyənin çoxdankı fikridir... Mühüm olan nəticədir», - Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu belə deyib.

Əslində, Türkiyə Suriyada öz sərhədinə yaxın ərazidə belə bir zona yaradıb, bu zona kürdlərin sərhədə yaxınlaşmasına, sərhəd yaxınlığında möhkəmlənməsinə əngəl olmaq məqsədi daşıyır.

Moskva isə Vaşinqtonun onlarla bu barədə məsləhətləşmədiyini deyir. Kremlin sözçüsü Dmitry Peskov söyləyib ki, ABŞ prezidentinin qərarı ətraflı düşünülməli, Suriya qaçqınlarıyla bağlı böhranı dərinləşdirməməlidir.

Suriya qaçqınları.
Suriya qaçqınları.

«The Guardian» qəzeti «azad zona» fikrini, əslində, qiyamçıların da irəli sürdüyünü, 5 il öncə bunun onların başlıca tələbi olduğunu yazır. Amma o zaman Barack Obama bu fikrə qarşı çıxmış, bunun Birləşmiş Ştatların Suriya vətəndaş müharibəsinə qarışmasına, Suriyada hərbi əməliyyatlar aparan rus hərbçiləriylə amerikalılar arasında toqquşmalara səbəb ola biləcəyini söyləmişdi. Çünki «azad zona» deyilən ərazilərin qorunmasından ötrü Suriyaya ABŞ silahlı qüvvələrinin yerləşdirilməsi, bundan ötrü külli miqdarda vəsait ayrılması gərəkdir.

«BUNUN VAXTI 4 İL ƏVVƏL İDİ»

İndi plana daha çox əngəl var. Əvvəla, Suriyanı 3 milyondan çox adam artıq tərk edib və onların geriyə – müharibə gedən ölkədə yaradılmış «azad zona»ya qayıdacağı inandırıcı deyil. «Çox gecdir. Bu planın vaxtı keçib. Bunun vaxtı 4 il əvvəl idi», – qiyamçıların rəsmilərindən biri «The Guardian»a müsahibəsində belə deyib. Onun sözlərinə görə, D.Trump administrasiyası belə bir planın gerçəkləşməsindən ötrü inandırıcı detallarla çıxış etməlidir. Zonanın sahəsi, qeyri-uçuş zonasının olub-olmayacağı, zonaya nəzarət məsələsi, bu işə cəlb olunacaq qüvvələr və s. vacib məsələlərdəndir.

Qiyamçılar etnik təmizləməylə məşğul olan rejimi, eləcə də şiələrin tərəfində olan İranın siyasətini nəzərə alaraq, belə zonaların demoqrafik xəritəni dəyişə biləcəyini deyirlər.

Digər tərəfdən, kürdlərin bu ideyaya qarşı çıxacağı gözlənir. Çünki «azad zona», güman ki, şimalda yaradılacaq, bu isə muxtariyyət arzusunda olan kürdlərin planlarına ziddir. Cənubda belə zona yaratmaq mümkün deyil, İordaniyanın sərhəddəki məhdudiyyətləri gediş-gəlişə imkan verməz.

D.Trump-ınsa əsas məqsədi, dediyinə görə, müsəlmanların miqrasiyasının qarşısını almaq və ölkəsini terror təhlükəsindən qorumaqdır. O bunu ABŞ-ın xarici siyasətinin prioriteti elan edib.

XS
SM
MD
LG