Ağ Ev bildirib ki, Birləşmiş Ştatların qoşunlarının Suriyadan çıxarılması prosesinə başlayıb və bu, özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmaya qarşı kampaniyanın yeni fazasına keçid olacaq.
Ağ Evin sözçüsü Sarah Sanders dekabrın 19-da bildirib ki, yaraqlıların “ərazi xilafəti” məğlub edilib.
Bundan əvvəl ABŞ mediasında qoşunların Suriyadan çıxarılmasına başlanacağına dair xəbərlər yayılmışdı.
Sanders deyib: “Suriyadakı bu qələbələr Qlobal Koalisiyanın apardığı kampaniyanın sonundan xəbər vermir. Biz Birləşmiş Ştatların qoşunlarının vətənə qaytarılmasına başlamışıq və bu kampaniyanın növbəti fazasına keçirik”.
Daha əvvəl yazdığl tvitdə Donald Trump qeyd edirdi:
“İŞİD Suriyada məğlub edilib və bu, orada olmağın yeganə səbəbi idi”.
Trump bu ilin əvvəllərində ABŞ qoşunlarının “çox tezliklə” Suriyadan çıxarılacağını vəd etmişdi.
Hazırda Suriyada 2 minədək ABŞ hərbçisi var. Onların əksəriyyəti özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşən kürd və ərəb qüvvələri ilə birlikdə işləyir.
ABŞ əsgərlərinin əksəriyyəti şimal-şərqi Suriyadadır. Onlar ərazinin İŞİD qüvvələrindən azad edilməsində Suriya Demokratik Qüvvələrinə kömək edir.
SDQ-nin özəyini kürd YPG qüvvələri təşkil edir.
Qoşunların Suriyadan çıxarılması barədə Pentaqonun sözçüsü Dana White da məlumat verib. O deyib ki, koalisya İslam Dövləti adlı ekstremist qruplaşmanın nəzarətində olan ərazini “azad edib”, lakin bu qrupa qarşı kampaniya “hələ başa çatmayıb”:
"Qüvvələrin və əməliyyatın təhlükəsizliyi mülahizələri ilə bundan artıq təfərrüat verə bilmirik. Biz İŞİD-ə qarşı onun harada olmasından asılı olmayaraq partnyorlarımız və müttəfiqlərimizlə birlikdə mübarizəni davam etdirəcəyik”.
Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması münaqişənin siyasi həlli üçün imkanlar açır.
Lakin respublikaçı senator Lindsey Graham deyib ki, Trump-ın indiki zamanda qoşunları Suriyadan çıxarması “səhv addımdır” və bu, yalnız İD qrupu, Suriya prezidenti Bashar al-Assad və onun müttəfiqləri Rusiya və İran üçün “böyük qələbə” sayıla bilər.