Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Afrində kələf bir az da dolaşır


Ötən gecə Türkiyə Suriyanın Afrin regionunu atəşə tutub, ötən günsə Suriya hökumətini dəstəkləyən hərbçilərin regiona daxil olması xəbəri yayılıb.

“Reuters” informasiya agentliyi yazır ki, Suriyanın şimalında döyüşlərin daha da qızışacağı görünür. Burada Türkiyə qüvvələri, Suriya üsyançıları və hökumət qüvvələri, Dəməşq hökumətini dəstəkləyən İrana bağlı yaraqlılar, kürd döyüşçülər, Rusiya və ABŞ koalisiyası əməliyyatlar aparır.

“ALYANS VƏ RƏQABƏT TORU DAHA DA DOLAŞIR”

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, ötən gecə Türkiyə Afrində bir aydır başlatdığı əməliyyatı davam etdirib, əsas şəhəri atəşə tutub. Bu əməliyyatı Suriyanın üsyançı qrupları dəstəkləyir.

Ankaranın məqsədi Afrindən kürd YPG qruplaşmasını çıxarmaqdır. Türkiyə bu qruplaşmanı PKK terror qrupunun bir qanadı, sərhədinə təhlükə sayır.

Dünən – fevralın 20-də Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyən silahlılar kürdlərin dəvətiylə Afrinə girib. Türkiyə və müttəfiqləri isə onları artilleriya atəşiylə geri oturtmağa çalışıb.

Assadyönlü alyansın komandirlərindən biri çərşənbə axşamı bildirib ki, silahlılar Türkiyə tərəfdə savaşan suriyalı üsyançıları atəşə tutub.

Türkiyə ordusu və müttəfiqlərini birbaşa assadyönlü qüvvələrə qarşı qoyan qarşıdurmanın yeni mərhələsi Suriyanın şimalında artıq mövcud alyans və rəqabəti torunu daha da dolaşdırır”, – “Reuters” yazır.

***

Suriyada hökumətyönlü qüvvələr ölkənin şimalında kürdlərin nəzarətində olan Afrin anklavına daxil olub.

Bu bölgənin şimalında hücum əməliyyatı keçirən Türkiyə qoşunları hadisəyə dərhal reaksiya verib.

Suriya kürdlərinin əsas silahlı qüvvəsi – Xalq Müdafiə Birlikləri – YPG fevralın 20-də yaydığı bəyanatda bildirir ki, Suriya hökuməti Türkiyə ilə sərhəd boyunca yerləşdirmək məqsədilə Afrinə hərbi birləşmələr göndərib.

Bəyanatda deyilir ki, hökumət qoşunlarının məqsədi Afrin ərazisinə daxil olmuş Türkiyə qoşunlarının və Ankaranın dəstəklədiyi Suriya qiyamçılarının hücumunun qarşısını almaqdır.

Bu arada Suriya dövlət mediası xəbər verir ki, Türkiyə qüvvələri Afrinə daxil olan hökumətyönlü döyüşçüləri atəşə tutublar.

Türkiyənin dövlət Anadolu xəbər agentliyinin məlumatına görə Türkiyə artilleriya birləşmələrinin “xəbərdarlıq atəşindən” sonra Suriya hökumətinə bağlı qüvvələr geri çəkiliblər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, şiə döyüşçüləri daşıyan onlarca maşından ibarət karvan atəşə tutulduqdan sonra anklavdan “geri çəkilməyə” məcbur olub.

Türkiyə qoşunları və Ankaranın himayə etdiyi Suriya qiyamçıları yanvarın 20-dən başlanan hücumun gedişində Afrin anklavında 40-dək yaşayış məntəqəsini ələ keçirib.

Türkiyə kürd YPG qüvvələrini bu bölgədən tamamilə çıxaracağını bildirir.

Ankara Suriya tərəfinə Afrindəki kürdləri dəstəkləməmək xəbərdarlığı verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG