Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

'Sundance' kinofestivalı necə keçiriləcək


Park-Sitidə 'Sundance' kinofestivalı, 2013
Park-Sitidə 'Sundance' kinofestivalı, 2013

Hər il yanvarın sonu ABŞ-ın Yuta ştatında keçirilən "Sundance" kinofestivalının 2021-ci il buraxılışı əvvəlkilərdən fərqli olacaq. Budəfəki festival fiziki tədbirlərlə virtual film nümayişlərinin kombinasiyası şəklində keçiriləcək. Koronavirus pandemiyası dövründə bu hibrid model get-gedə daha çox populyarlaşır.

Festivalın yeni direktoru Tabitha Jackson işçi heyətə müraciətində gələn ilin yanvarında festivalın Yuta ştatının Park-Siti şəhərində keçirilməsinin çətinliklərini vurğulayıb. O həmçinin, yanvara qədər COVID-19 peyvəndinin tapılaraq geniş yayılması ehtimalının az olduğunu bildirib. Bu səbəbdən "Sundance" kinofestivalı bir neçə başqa şəhərdə kinoteatrlarla əməkdaşlığı nəzərdən keçirir. Festivalın tədbirləri və film nümayişləri bu məkanlarda keçirilə bilər. Onların arasında Nyu-York, Naşvill, Ostin, Detroyt, Atlanta və hətta Mexiko şəhərlərində yerləşən kinoteatrlar var. ABŞ-da koronavirusun dəhşətli sürətlə yayılmaqda davam etdiyi mövcud şəraitdə bunun necə baş verəcəyi tam aydın deyil. Florida, Arizona və Texas kimi ştatlarda vəziyyət olduqca gərgindir.

Onlayn iştirak

"Tədbirə yeddi ay qalmış biz aktiv şəkildə belə bir ssenariyə hazırlaşırıq: bizə toplaşmağa icazə veriləcək, ancaq hələ də geniş yayılmış COVID-19 peyvəndi olmayacaq. Artıq bu gün Yuta və digər ştatlarda sosial məsafəli yığıncaqlara icazə verilsə də, səfərlər məhdudlaşdırılıb. …Böyük tədbirlərin keçirilməsi mümkün deyil. …Bizim festival ərzində Yutada yararlana biləcəyimiz kinoteatrların sayı məhdud ola bilər", – Jackson deyib.

"Variety" saytı yazır ki, "Sundance" festivalı yanvarın 21-nə təyin edilmiş açılış tarixini yanvarın 28-nə keçirmək haqda düşünür. Bu ondan ötrü edilir ki, prezidentin andiçmə mərasimi ilə festivalın başlanması arasında bir qədər vaxt qalsın. 2017-ci ildə bu iki hadisə eyni günə düşmüşdü.

Digər şəhərlərdə keçiriləcək tədbirlərin məkandan-məkana fərqli olacağı bildirilir. "Sundance" festivalı tamaşaçılara müzakirələrdə və xüsusi canlı tədbirlərdə onlayn iştirak imkanı verən onlayn hab yaradacaq.

"Sundance" bəzi şeyləri digər böyük kinofestivallardan öyrənir. Toronto Beynəlxalq Film Festivalı (TIFF) ötən ay builki tədbirin virtual və fiziki tədbirlərin kombinasiyası şəklində keçiriləcəyini elan edib. 10-19 sentyabr tarixləri arasında gözlənən festival çərçivəsində fiziki və virtual film nümayişləri, virtual qırmızı xalça tədbirləri və mətbuat konfranslarının keçiriləcəyi gözlənilir.

Kimlik böhranı

Nyu-York Film Festivalı da bu qaydada gerçəkləşəcək. Kann bazar və proqramını onlayn keçirib. Tribeka və bəzi digər festivallar da rəqəmli formata üstünlük veriblər.

Prodüser Tabitha Jackson "Sundance" festivalının rəhbərliyinə bu ilin fevralında gəlib. O, bu vəzifəni kinorejissor John Cooper-dən təhvil alıb. Jackson bu vəzifəyə gəlməzdən əvvəl "Sundance" festivalının sənədli film proqramına rəhbərlik edib. Sayt yazır ki, hətta koronavirusun mədəni həyatı iflic etməsindən əvvəl də "Sundance" festivalı kimlik böhranı keçirirdi. Festivalın dəstəklədiyi müstəqil kino risk altında idi. "Broad Green" və "Annapurna" kimi müstəqil studiya və prodüserlər durğunluq dövrü keçirir, müəllif filmləri "Netflix" kimi striminq xidmətlərinə köçməyə başlayıb. Festivalın 2019-cu il buraxılışı bədii baxımdan uğursuz sayılmış, iri distribüşn müqavilələri qazanan filmlərin çoxu isə rəqəmli nümayişə üstünlük verərək kinoteatrlarda nümayişlə bağlı böyük ambisiyalarından əl çəkmişdilər. Son illərdə festival daha çox qadın və ağdərili olmayan rejissorların filmlərini önə çəkməsi ilə seçilir.

Jackson festivalın ictimai sağlamlıq təhlükəsinə baxmayaraq, öz əsas missiyasına sadiq qalacağını deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG