FHN: Sumqayıtdakı yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, dünən- aprelin 28-də günün ikinci yarısı Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş verən yanğın aprelin 29-da səhər saat 08:24-də söndürülüb: "Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb".
Qeyd edilir ki, FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu hadisənin başvermə səbəblərini araşdırır.
Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 29-da yanğın söndürülməzdən bir qədər əvvəl isə açıqlamışdı ki, yanğın ümumilikdə 5 min kv.m sahəni əhatə edib.
Doqquz nəfər xəstəxanaya müraciət edib
Dünən, aprelin 28-də Sumqayıtda baş verən yanğın nəticəsində bu şəhərin Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yeddi nəfər ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb: "Hazırda iki nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur".
+++
Sumqayıtdakı yanğınla bağlı cinayət işi başlanıb.
Bununla bağlı Azərbaycan Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında bildirilir.
Orada qeyd edilir ki, aprelin 28-də saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye Parkı“ kompleksinin ərazisində yanğın başlayıb.
“Ərzaq və digər anbarlara…”
Vurğulandığına görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib:
“Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb. Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir. Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək”.
Həmin maddədə yanğın təhlükəsizliyi qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmasından bəhs edilir.
DİN: “Partlayıcı, zəhərli maddələr anbarlardan təhlükəsiz yerə daşınıb”
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunublar:
“Polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı, zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir”.
***
Bugün, aprelin 28-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyd edib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın olması barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir”.
Axşam saatlarında yerli sakinlərin verdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə 2 helikopter də cəlb edilib.
Hələlik, yanğının səbəbi açıqlanmır.