Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Sumqayıtın tualet dərdi


Tualet.
Tualet.

«Əhalisinin sayı 400 min nəfəri ötən Sumqayıt şəhərində, vur-tut, üç ictimai tualet var. Sakinlər təbii ehtiyaclarını ağac dibində ödəməli olur». Bunu Sumqayıt sakini Azər Qasımov deyir. Onun sözlərinə görə, əhalisinin sayına görə ölkənin ikinci şəhəri sayılan Sumqayıtda tualet çatışmazlığı var. Şəhərin milyonlara başa gələn yeni dənizkənarı parkında isə tualet tikmək yerli-dibli «unudulub»:

«İYDƏN BURNUNUZU TUTUB QAÇIRSIZ»

«Tualet mövzusu sizə vacib görünməyə bilər, ancaq küçənin ortasında təbii ehtiyacını ödəməyə tualet tapmayıb, kol-kos dibinə «getmək» ortaya çıxanda bu, həm də çox vacib məsələyə çevrilir. Böyük şəhərin ortasında təbii ehtiyacınız yarananda, sıxıla-sıxıla qalıb buna münasib yer tapmasanız, dadınıza ya divar dibi çatacaq, ya da ağac dibi...».

***Buna da bax-Bakıda tualet üçün ticarət mərkəzinə gedirlər

A.Qasımov bir sumqayıtlı kimi şəhərdəki abadlıq işlərini dəyərləndirir. Ancaq həm də hesab edir ki, əslində, başçı abadlıq işlərinə ictimai tualetlərin sayını çoxaltmaqla başlamalı idi: «Çox vacib məsələdir. Təsəvvür edin, yolunuz mərkəzdə bahalı mərmərlərlə döşənmiş bir ərazidən düşüb və siz sidiyin, nəcisin üfunətindən burnunuzu tutub qaçırsız».

200 HEKTAR ƏRAZİDƏ İKİ TUALET VAR

Sumqayıt sakini Rafiq Dadaşov deyir, əhalinin qaynaşdığı mərkəzi yerlərdə - məsələn, elə Nizami meydanı ətrafında, Azərbaycan prospektində bircə ictimai tualetə rast gəlməzsən:

Tualeti olmayana kəbin kəsilməyəcək
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

«Bu, təkcə mərkəzdə belə deyil, Sumqayıtın mikrorayonlarında da eyni vəziyyətdir. Yeni salınmış bulvarın ərazisi 106 hektardır. Nəsimi adına Mədəniyyət və İstirahət Parkının isə sahəsi 80 hektardır. Yəni, ümumilikdə 200 hektara yaxın ərazidə vur-tut iki tualet mövcuddur. Onlar da Nəsimi parkının ərazisinə düşür. Sumqayıt bulvarında istirahət obyektləri, attraksionlar, ticarət obyektləri, uşaqlar üçün əyləncə mərkəzləri, idman infrastrukturu, kafelər, çayxanalar, restoranlar inşa olunub, gəl ki, «əsas məsələ» yaddan çıxıb. Birdən bir turist gəldi və bulvarın ortasında tualetə tələbatı yarandı, neyləyəcək? Ən yaxşı halda, kafelərdən, əyləncə mərkəzlərindən birinə girib xahiş etməlidir ki, ona tualetdən istifadəyə icazə versinlər. Bu da azərbaycanlısayağı turizmin inkişafı...».

«YETƏRİNCƏ TUALET VAR»

Ötən yay Bakı bulvarındakı ictimai obyektlərdə çalışanlar da AzadlıqRadiosunun «Qaynar xətt»inə bulvardakı tualet çatışmazlığından gileylənmişdilər. Əsasən də ötən yayda bulvarda ərəblərdən və iranlılardan ibarət turistlər çoxaldığından, tualet çatışmazlığı özünü büruzə verib. İctimai obyektlərdə çalışanlar ictimai tualetlər arasında məsafələrin çox olmasından, ərəb turistlərin təbii tələbatlarını kolların dibində ödəməsindən narazılıq edirdilər.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, özəlliklə, son abadlıq işləri zamanı şəhərdə ictimai tualetlərin sayı artırılıb. Qurum əməkdaşı konkret rəqəm açıqlamasa da, əvvəlkindən bir neçə dəfə çox olduğunu bildirir: «Əsasən də mərkəzdə və istirahət yerlərində kifayət qədər tualet var, gəlib yoxlaya da bilərsiz».

Dünyada tualetsiz qalan insanların problemini gündəmə gətirmək məqsədilə 2001-ci ildən 19 ölkədə hər il noyabrın 19-da Tualet Günü qeyd edilir. BMT-nin araşdırmalarına görə, dünyada 2.5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5 min uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər.

XS
SM
MD
LG